200 milyonluq beton yol yenə dağıldı; nazir ona 30 il zəmanət vermişdi
17 kilometrlik Zığ-aeroport beton avtomobil yolunda növbəti təmir işləri başlayıb. Bu dəfə əsaslı və intensiv təmir aparılır. Ayrı-ayrı çökən hissələr bir metr dərinliyə qədər dağıdılır, yenidən armatur karkaslar qoyulur və beton tökülür. Sonuncu dəfə yanvarın 6-da elan edilmiş iki həftəlik təmir demək olar ki, bir ay davam edib və keyfiyyətsiz həyata keçirilib.
29,5 metr eni olan beton yol 9 may 2008-ci ildə istismara verilib. Bu, keçmiş prezident Heydər Əliyevin 85 illiyinə pis hədiyyə oldu. Elə həmin vaxt Azadlıq meydanından Zığ dairəsinə qədər olan 12 kilometrlik yol yenidən qurulub, amma o da yararsız hala düşür və müntəzəm olaraq təmir edilir. Yolun tikintisi 10 noyabr 2007-ci ildə prezident İlham Əliyevin tapşırığı ilə başlanılıb. Yol yarım il ərzində və rekord məbləğə (200 mln. manat) tikilib. Sifarişçi qismində Nəqliyyat Nazirliyi çıxış edib, işləri isə “Akkord” şirkətlər qrupu Almaniyanın “SP Papenburq Baugesselschaft mbH” şirkətinin iştirakı ilə həyata keçirib.
Bu yolun hər kilometri 11 mln. manata başa gəlib və onu beynəlxalq İ-B standartlarına uyğun yol kimi təqdim ediblər. (Müqayisə üçün, Almaniyada ən bahalı avtobanın (A-6 kateqoriyası) hər kilometri 50 il zəmanətlə, manata çevirsək, 12,6 mln.-a başa gəlib. Lakin korrupsiyaya uğramış Azərbaycanda 100-ə yaxın alman mütəxəssisi də keyfiyyəti təmin edə bilməyib. Yolu açan və ilk zamanlarda ondan fəal şəkildə istifadə edən İlham Əliyev özü də çoxdan Zığ yolundan istifadədən imtina edib. Nəqliyyat naziri Ziya Məmmədov açılış mərasimində prezidentə 30 il zəmanəti olan yolun yüksək keyfiyyət səviyyəsində tikildiyini və strateji əhəmiyyət daşıdığını məruzə edib.
Nazir bildirib ki, layihənin bahalı olmasına baxmayaraq, beton yolun saxlanması asfalt yoldan daha ucuz olacaq və yalnız 5 ildə bir dəfə yolun istilik qovşaqlarında rezin dəyişdirilməlidir. Məmmədov yolun saxlanmasına 30 il ərzində 180 mln. dollar qənaət olunacağını iddia edirdi. Lakin ilk təmir işləri bir il sonra başladı və yol örtüyünün vəziyyətindən göründüyü kimi, bütün zəmanətli istismar müddəti ərzində müntəzəm olaraq həyata keçiriləcək və Azərbaycan vergi ödəyiciləri üçün hədsiz dərəcədə böyük məbləğə başa gələcək (“Turan”).