Tüpürcək qonaqlığı

Belə bir söz var, deyir, filankəs dəvə kimi səbirlidi. Heydər Əliyevsə xalqımızın dözümlü olduğunu deyirdi; bu deyim indi xalq arasında ironik anlamda işlənsə də, hakimiyyətdəkilər aforizm kimi işlədir. Təkcə işlətmirlər, həm də bu prinsiplə işləyirlər. Qubanın icra başçısı da onlardan biriydi…
Bərdədə keçirilən Novruz şənliyində isə mif qırıldı. Dəvə icra hakiminin düz gözünün içinə tüpürdü. Lakin görünən budur ki, hakimiyyətdəkilər hələ də Heydər Əliyevin sözünün qüvvədə qaldığına inanırlar.
Maraqlıdır, nə üçünsə onlara elə gəlir ki, ümummillinin sözü Quran ayəsidi. Əgər o deyibsə ki, xalqımız dözümlü xalqdır, deməli, dünya durduqca belə olacaq; YAP iqtidarı ölkəni çapıb talayacaq, insanlara olmazın sayqısızlıqlar eləyəcək, xalqı iliyinə kimi alçaldıb təhqir edəcək, xalq isə dözəcək. Bu üzünə tüpürəcəklər, o biri üzünü çevirəcək ki, ona da tüpürsünlər. Niyə? Çünki ata Əliyev belə bir söz deyib, xalqın da borcudu ki, onun sözünün yalan çıxmaması üçün dözümlü olmaqda davam eləsin.
Bəli, danılmaz faktdı – bu xalqın şahsevənliyi, şahlara dua eləmək kimi özəlliyi var. Bu xüsusiyyət canımıza, qanımıza, bəlkə genimizə belə nə vaxt hopub, bilmək çətindi. Kim bilir, bəlkə də bu o zamanlardan gəlir ki, şahlar sözün həqiqi mənasında şah idilər, xalqa sözün yaxşı mənasında öz ovladı kimi baxırdılar, şah dövlətin simvolu, allahın yerdəki kölgəsi idi və daha indikilər kimi, ancaq xalqın başından basıb, Allahdan uca olmaq iddiasına düşmürdülər.
Bu şahsevənliyi çox vaxt xalqın adına əksiklik, qüsur kimi yazırlar, ancaq məncə belə deyil. Dünyanın ən güclü dövlətini, ən demokratik cəmiyyətini quran ingilislər belə daim öz krallarıyla qürur duyub, yaponlar öz imperatorlarına Tanrı kimi baxıb, onların şəninə dastanlar qoşublar və bəlkə də Azərbaycan xalqı öz şahlarına emosiyasız yanaşan tək-tük xalqlardandı ki, bu cəhəti ilə də demokratiyaya dünyada hamıdan yaxındı. Bəlkə bu emosiyasız yanaşmadandı ki, bu iqtidar indi nə qədər canfəşanlıq eləsə də, Heydər Əliyevdən müqəddəs obrazı yarada bilmirlər. Alınmır. Üzdə onun haqqında büt kimi danışanlar belə, özlüklərində ancaq ikrahla gülümsünür, sadəcə və sadəcə qorxu hiss eləyirlər.
Deyəsən şahsevən saydığımız xalq, əslində nəinki şahsevəndi, bəlkə əksinə, heç vaxt öz şahlarına səmimi hörmət qoymur. Nə onu öz balası kimi sevənləri, nə düşməni kimi tapdayanları. Elçibəy kimi ömrünü xalqına qurban vermiş bir dövlət başçısını belə bu xalq ürəkdən sevə bilmədi. Ona dəstək durmadı, felə aldandı, şayiələrə uydu, küyə getdi.
Xalqın öz dövlət başçısıyla qürur duyması, fəxr etməsi zənnimcə, çox vacibdir. Əslində, söhbət heç də şəxsiyyətə pərəstişdən, ayrı-ayrı dövlət başçılarına kölə itaətindən getmir. Söhbət o instituta, dövlətin sifəti olan vəzifəyə hörmətdən gedir. Lakin hər gələn yeni başçı bu sevgini bir az da sarsıdır, özündən sonra gələcəklərə belə inamsızlıq yaradır. Bu gün Əliyev hakimiyyətinin yaydığı şayiələr də buna xidmət edir: “Bunlar yeyib doyublar, yeni gələnlər ac olacaq və sıfırdan başlayacaqlar”. Onlar özləri haqda bu qədər iyrənc həqiqəti açmaqdan utanmırlar, üstəlik gələcəyə də qara yaxırlar.
Eşitdiyim dəqiq xəbərlərə görə, artıq icra hakimləri toplantılarda çalışdıları rayonunun camaatını bayağı şəkildə tərifləməyə başlayıblar. Guya bununla hakimiyyəti qoruyacaq, allahsızlıqlarını ört-basdır eləyə biləcəklər. Bu da göstərir ki, hakimiyyət Quba üsyanı kimi hadisədən belə düzgün nəticə çıxara bilmədi. Təriflə iş düzəltmək olsaydı, onda gecə-gündüz təriflənən Ilham Əliyev bu xalqı öz balasından artıq sevərdi. Bərdədəki dəvə isə məhz həmin tərifdən sonra icra hakimini tüpürcəyə qonaq eləyib…