Rusiyalı rok ifaçısı, “DDT” qrupunun solisti Yuri Şevçuk martın 23-də Londonda keçirdiyi konsert zamanı azərbaycanlı rokçuların saxlanmasına münasibət bildirib:“Musiqiçilər qeyri-adi məxluqlardır, Azərbaycanda da, Rusiya da, Londonda da. Musiqiçilər azaddırlar. Onların Allahdan başqa sahibi yoxdur. Musiqiçiləri incitmək olmaz. Musiqi azadlıqdan irəli gəlir, musiqiçilərdən əllərinizi çəkin”.
“DDT” rok qrupu 1980-ci ildə yaradılıb.
Martın 17-də müxalif və müstəqil gənclər təşkilatlarının Bakıda keçirdiyi icazəli mitinqin sonunda «Bulistan» rok-qrupunun 2 üzvü saxlanılıb. Qrupun solisti Camal Əlinin mitinq zamanı oxuduğu mahnıda qeyri-etik sözlərin olması mübahisə yaradıb. Bu zaman Camal Əli prezidentin ünvanına söyüş səsləndirib. Gənclər arasında yaranan mübahisəyə mülkigeyimlilər və polis müdaxilə edib. Camal Əli və daha 2 gənc saxlanılıb. Səbail rayon Məhkəməsi onlar barəsində inzibati həbs qərarı çıxarıb. Qrupun gitaraçısı Natiq Kamilov və bloqqerEtibar Salmanlı artıq azad olunublar. Qrupun solisti Camal Əlinin isə həbs müddəti martın 27-də sona çatır.
Azadlıq Radiosu