Allergiya – orqanizmin “allergen” adlanan, ətraf mühitdəki bəzi faktorlara qarşı yüksək həssaslığıdır.
Bəzi ağır hallarda immunitet öz orqanizminə qarşı mübarizəyə qalxır. Bu zaman orqanizmin hüceyrələri və zülalları məhv olmaq təhlükəsinə məruz qalır.
Sülalə hakimiyyətinin müalicə metodları
“Siyasi allergiya” adlandıracağımız bu xəstəlikdən iqtidar, 20 ildir ki, “müalicə olunur”. Bu mübarizə nədən ibarətdir və o, necə həyata keçirilir?
Əliyevlər hakimiyyətinin, bu illər ərzində ən başlıca vəzifəsi xalqı müflisləşdirmək, onları çarəsiz vəziyyətdə yaşadıqları vətəndən didərgin salmaq, gündəlik qazandıqları bir parça çörəyə möhtac qoymaq olub.
Ilk on il ərzində iqtidar, qismən də osa, bu vəzifənin öhdəsindən gəldi. Ölkə əhalisinin yarısı xarici ölkələrə üz tutdu, təbəqələşmə başa çatdı. Rüşvət, korrupsiya kimi “vaksin”lərlə həyatda qalmağı hədəfləyən iqtidar, dozanı artırdıqca, daha “həssas” olmağa başlayır.
Allergiyanın sağalmaz xəstəlik olmadığını unudan iqtidar, onun ən xırda “fəsadlarını” da aradan qaldırmqda israrlıdır.
Sovet dövründən qalan pulların “ləğvi” və…
Hazırda iqtidarın allergiyası əsas 3 faktordan qaynaqlanır – onların iradəsindən kənarda siyasi müxalifətin mövcudluğu, sadə insanların mənzil şəraitlərini yaxşılaşdırmaq cəhdləri və insanların sovet dövründən qalma əmanətlərinin qaytarılacağı ümidilə yaşaması.
Belarus diktatoru Aleksandr Lukaşenkonun bir etirafı var: “Əgər xalqın sənə aşağıdan yuxarı baxmağını istəyirsənsə, o zaman dizi üstə çökdürəcəksən”.
Ötən yazılarımın birində əmanətlərin qaytarılması haqda 10 ildir seçkidən-seçkiyə verilən vədlərdən yazmışdım. Keçən həftə əmanətlərin qaytarılması haqda sərəncam imzalandı. Lakin “qaytarılma mexanizmi” xalqı aşağılamaqdan başqa bir şey deyildi. Hətta iqtidarın lağ elədiyi Ermənistan da 6 il bundan əvvəl(!), daha sərfəli şərtlərlə qaytarmışdı həmin o əmanətləri. O zaman dolların alıcılıq qabiliyyəti daha yüksək idi. Bizdə isə batmış əmanətlərin hər rubluna görə banka qoyulan məbləğin böyüklüyündən asılı olaraq, 15, 10, 8, 5 qəpik verilməsi planlaşdırılır. Məbləğ artdıqca, ödəniş azalır.
Yuxarıda sitat gətirdiyimiz, Lukaşenko hər 100 minə 33 min 300 dollar ödədi. Ilham Əliyev isə vətəndaşlarına hər 100 min rubla 5500 manat ödəyəcək (alınacaq “şapka”, müxtəlif bürokratik əngəllərin aşılmasına sərf olunacaq rüşvət və nəhayət, şirinliyi də yaddan çıxarmaq olmaz – X.Ə.).
Bu nə deməkdir? Yəni, “ey sadə xalq, səndə ”artıq” pul olmamalıdır, bu, məndə allergiya yaradır. Sən bir parça çörəyə möhtac yaşamalısan, çünki bu, mənim həyatda qalmaq kredomdur…”
Bu, sovet dövründəki əmanətlərin verilməsindən çox, onun ləğvinə bənzəməsi, iqtidarın daha bir allergiya “fəsadından” müalicəsidir.
Mənzil fırıldağından “azərbaycansayağı” çıxış yolu
Iqtidarın müalicə metodlarından biri də onların himayə etdiyi mənzil fırıldağıdır. Insanların mənzil şəraitinin yaxşılaşdırılmasına allergiyası olan iqtidar, himayəsində olan şirkətlər vasitəsilə on minlərlə insanın halal pulunu mənimsəməklə həm varlandı, həm də, bir növ, müalicə olundu. Təbii fəlakətlə müqayisə ediləcək bu fırıldaqlarda ağlasığmaz məbləğlər asanlıqla mənimsənildi. Bu insani fəlakətdə bir məmurun da “burnunun qanamaması” bütün suallara aydınlıq gətirir. Lakin burada da rejim üzərində kiçik bir “qələbə” qazanıldı. Inanılmazdı, amma həqiqətdir. Beləliklə, klassik bir YAP melodramması…
Bu yaxınlarda bir evə iki order almış qurbanzadələr bu işdən az “zərərlə” çıxdılar. Çoxsaylı məhkəmə iclaslarında üz-üzə gələn iddiaçılardan birinin oğlu, “rəqib” ailənin qızına vurulur. Qız da bu sevgiyə qarşılıq verir. Valideynlər bu məhəbbətin qarşısında aciz duruma düşsələr də, mübahisəli mənzilin övladlarına qismət olacağını nəzərə alıb, xeyir-dualarını verirlər. Bir ildən sonra qudalar məhkəməyə nəvələrilə gəlirlər. Hakimin “hörmətini” edib, evi yeni doğulmuş nəvələrinin adına keçirirlər. Yəni…
Allergiya elə bir zəhrimardır ki, ondan qurtuluş demək olar ki, qeyri-mümkündür – xırda bir səbəb insanı narahat edir, o ki qalmışdı, rejimin allergiyaya mübtəlası…
Siyasi müxalifət, milyonlarla insanın narazılığı hakimiyyətə qıcıq verməyə başlayanda immun (totalitar – X.Ə.) sisteminin məhvi qaçılmaz olur…

Rejimin sağalmaz mərəzi – allergiya!
•