“Qəlbimiz dörd mövsüm…”

Mövsümləri sırayla düzsək, başda hansı gələr? “Bahar” deyəcəyinizə şübhəm yox. Hansı mövsümü sevməyinizdən asılı olmadan normal sıra belə alınacaq hər halda. Açığı, mənim fəslim də son bahar, amma işin əslinə gəlincə…Məsələn, italyan bəstəkarı Vivaldinin “Ilin fəsilləri” arasında “Bahar”ın daha rəngli və gözəl olduğunu düşünürəm. Dünyanın birinci rəssamı saydığım holland Van Qoqun rəngarəng əsərləri arasında bahar mənzərələrinin misli-bərabəri olmadığı fikrindəyəm. Azərbaycanlı əfsanəvi cazmen Vaqif Mustafazadənin baharı anladan “Mart” kompozisiyasının dünyada əvəzi yox deyə bilərəm. Bunun səbəbi bəlkə odur ki, insan yeniliyə, canlanmaya, yaranışa daha çox meylli olduğuna görə, baharı-oyanışı təsvir edən əsərlərdən daha böyük zövq alır. Amma son illər yaşadığımız reallığı əks etdirən mənzərələr zövqlərimizi də o qədər qabalaşdırıb ki…   
Məncə, beş-on il bundan əvvəl insanlar teatr və konsertə daha çox gedirdilər. Öz hesabımdan deyə bilərəm ki, həftədə iki-üç dəfə yolum bu sənət ocaqlarından düşürdü. Indi bu barədə danışmağa belə dəyməz. Bizim tənbəlliyimiz, ruh düşkünlüyümüz öz yerində…Amma buna əsas verən sənət problemləri də var axı. Şübhəsiz, bizim sənət adamları fədakardırlar, istedadlarına da söz ola bilməz. Lakin toxumun cücərməsini şərtləndirən münbit mühitin yaranması da önəmlidir axı. Açığı, bu gün teatrımızda Barat Şəkinskaya, Mehdi Məmmədov, kinomuzda Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli kimi korifeylərin yetişməməsi məni çox üzür. Bu gün bizə hava-su kimi ehtiyac duyduğumuz səmimi gülüşü bəxş edən Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi sənətkarlarımız harda?
Səbəbsiz heç nə yoxdur. Bu boşluğun da bir səbəbi var, şübhəsiz. Korifey aktrisamız Nəsibə xanımın adını çəkdim. Onun bu gün teatr səhnəmizdəki gülüş əskikliyini doldura biləcək oğlu Cahangir Novruzov illər öncə qardaş Türkiyəyə köçdü. Bəlli bir reallıq üzündən-buradakı yaradıcı mühit onu qane etmirdi…
Azərbaycan muğamı ilə caz ritmlərinin improvizəsindən yeni bir möcüzə yaradan Vaqif Mustafazadənin adını çəkdim. O Mustafazadə ki, əsərləri dünyanın ən populayar caz sənətçilərindən nəinki geri qalmır, onları ötüb keçir belə. O Mustafazadə ki, hələ sovetlər zamanında caz musiqisi sahəsində ən nüfuzlu mükafatları qazanıb Bakıya gətirmişdi. O Mustafazadə ki, indi Əzizəsi dünyanın ən şöhrətli musiqiçiləri ilə bir sırada yer alır. Illər öncə Əzizənin “Xocalı” kompozisiyasını dinləyərkən gözlərimin yaşını saxlaya bilməmişdim. Həm də ona görə ki, o illərdə Əzizə öz vətənindən didərgin düşmüşdü. Hansısa uzaq bir ölkədə yaşayırdı. Yerini bilən belə yoxdu. Azərbaycandan küsdürüldüyünü çoxumuz bilirdik. Amma o, Bakının ruhu sayılan Içərişəhərdə doğulmuşdu, Vaqif Mustafazadənin muğam “laylaları”nı dinləyərək böyümüşdü. Nə qədər incitsələr də, öz vətənindən üz döndərə bilməzdi. Həqiqətən də elə oldu. Yaşadığı o qərib ölkədə bir insanlıq dramını anladan “Xocalı” kompozisiyası ilə dünyaya Azərbaycanın səsini duyurdu…
Bu yazını baharın ilk günü, Vaqifin “Mart”ını dinləyərək yazdım. Niyə yazdım? Ölkədə uzun illər dəyişilməyən sistemlərin sənəti, yaradıcılıq düşüncələrini, həyat tərzlərini də passivləşdirdiyini xatırlatmağa…Bu ölkədə xeyli zamandır opera, balet yazılmır, maraqlı filmlər çəkilmir, anşlaq yaradan teatr əsərləri ortaya çıxmır. Amma bütün bunlar belə özümüzü sənət zövqündən məhrum etməyə əsas vermir.
Bu anlamda bahar dəyərləndirə biləcəyimiz ən gözəl mövsüm. Nə olur-olsun, həyatı dörd mövsüm kimi yaşaya bilsək, önümüzdə keçilməz bir şey qalmaz ki…