ilham-eliyev3212

Əliyev niyə “yumşalmadı”?

Putinin «qələbəsi»ndən çıxardığı səhv nəticə Azərbaycan rəhbərinə nə vəd edir?

Mart ayında siyasi məhbusların azadlığa çıxacağına dair gözləntilər özünü doğrultmadı. Hakimiyyət yürütdüyü radikal kursdan geri çəkilmədi. Əksinə, əfv sərəncamına adı salınan məhbuslara şantaj yolu ilə Ilham Əliyevə ünvanlanan başğışlanma ərizəsi yazdırıldı. Bu barədə müxtəlif xəbərlər medianın gündəmini tutmaqdadır.
“Eurovision” ərəfəsində hakimiyyətin bir qədər yumşaq siyasət yürüdəcəyi və beynəlxalq diqqəti nəzərə alaraq, siyasi azadlıqlar üçün şərait yaranacağı barədə deyilənlər də hələlik düz çıxmadı. Təbii ki, bu o demək deyil ki, bu proqnozu verənlər siyasi hadisələri doğru təhlil etməyiblər. Bu, sadəcə, onunla izah olunmalıdır ki, Əliyev növbəti dəfə və daha aqressivcəsinə məntiqin və siyasi mühakimənin imkanlarını zorladı. Onun bu cür “tarana getmək” siyasətinin arxasında dayanan izah isə elə də mürəkkəb deyil. Elə isə, Ilham Əliyev bu qədər radikal addımları nəyə arxalanaraq atır?

Putinin qələbəsi nə verdi?

Belə bir versiya mümkündür ki, Ilham Əliyev Rusiyada  Putinin “qələbəsi”ndən və Qərbin buna “səssiz” qalmasından  xeyli dərəcədə psixoloji rahatlıq əldə edib. Ona görə məhz “psixoloji arxayınçılıq”dan söhbət gedir ki, baş verənlərin  düzgün analizi elə də ciddi arxayınçılığa əsas vermir. Rusiya dünya ağalığına iddia edərkən bölgədə özü və müttəfiqi Israil üçün çox önəmli olan Suriyanı müdafiə etməkdən geri çəkilməli oldu. Halbuki, Rusiya üçün heç nə dəyişmirdi – hakimiyyət “Putin”dən Putinə keçirdi. Amma bu bərəbərliyin çevrilməsi Kremlə Suriyanı itirmək bahasına başa gəldi. Putinin belə bir qələbəsindən ruhlanmaq isə sadəcə, vəziyyəti düzgün qiymətləndirməməkdir.

Qlobal media hücumu…

Ilham Əliyevə qarşı bu cür qlobal media hücumu yalnız öz xalqı ilə hərbi çatışmaya girmiş diktatorlara qarşı baş verib və verməkdədir. Məsələn, indiki halda yalnız Bəşər Əsədin şəxsi əmlakı və ailə üzvlərinin biznesinə dair məlumatlar yayılır. Ilham Əliyev isə dünyanın çoxtirajlı media orqanlarında demək olar ki, ancaq korrupsiya ittihamları ilə zəngin materiallarla xatırlanır. Bu isə o deməkdir ki, Azərbaycan rəhbəri dəyişməkdə olan regional və qlobal konyunkturanı qiymətləndirə bilmir. Yaxın məsləhətçiləri isə vəziyyəti daha da pisləşdirən planlar təqdim etməklə onu daha böyük məğlubiyyətə doğru aparırlar.

Seymur Həzi