Hörmətli Isa Qəmbərin beyqəfildən durub “əsl deputat” elan etdiyi Vahid Əhmədov həm Qubadakı 1 mart hadisələri günü, həm də ertəsi gün çıxıb nə demişdi? “Həbslər olmayacaq” demişdi. Gözüdönmüş camaatın qarşısına çıxıb acizanə səslə, yalvara-yalvara “Gedin evlərinizə, əmin olun, bütün tutulanlar buraxılacaq, bir kimsə dəmir barmaqlıqlar ardında qalmayacaq” demişdi.
“Bunu mən sizə söz verirəm” demişdi.
Amma bu gün baxırıq nə?
Yazını 23 mart günü yazıram və Quba hadisələrinə görə ən azı 10 nəfərin həbs edildiyi məlumdur. Onların arasında iştirakçı deyə qandalladıqları da var, təşkilatçı deyə həbs etdikləri də. Hətta dünən Quba bələdiyyəsinin sədrinin də tutulduğu xəbəri gəldi. Onu Quba üsyanının ilhamvericilərindən biri sayırlar. Sabiq icra başçısı isə əlini-qolunu sallaya-sallaya gəzir. Rauf Həbibova “qaşın üstə qara var” deyən yoxdur. Nə bir rayonun camaatını təhqir etməsinin, nə Qubanın az qala hər köşə-bucağında özünün, ailə üzvlərinin bir dəbdəbəli mülkünün ortaya çıxmasının, bu dəyirmanın suyunun haradan gəldiyinin hesabını istəyən tapılmır. Hətta bu azmış kimi, ona tezliklə vəzifə veriləcəyi məlum olub.
Nə isə. Heç təəccüblü deyil. Onsuz da çanağın üsyançıların başında çatlayacağı, amma onları etiraza qaldıran səbəb və səbəbkarlara güldən ağır söz deyilməyəcəyi əvvəlcədən məlum idi. Bu hakimiyyətdə, başda Ilham Əliyev olmaqla, hər kəs məzmun etibari ilə bir Rauf Həbibovdur, əgər bu gün Qubadakı Rauf Həbibovu cəzalandırsan, xalqın ağzı bala bitə bilər, sabah gələr Prezident Administrasiyasındakı Rauf Həbibovu aşırmaq istəyər.
Mən sadəcə, Isa Qəmbərin “əsl deputat”ı Vahid Əhmədovun bu gün hansı hisslər keçirdiyini düşünürəm. Nə fikirləşir? Vicdanı rahatdımı? Həbsləri nə ilə izah edir? Rauf Həbibovun toxunulmazlığını nə ilə əsaslandırır? “Heç bir həbs olmayacaq” deyərkən nəyə arxayın idi? Bu yalanın qəzəbli xalqı sakitləşdirmək üçün uydurulduğunu etiraf edirmi?
Nəhayət, bu gündən – 23 martdan baxanda 1 martdakı rolunu necə qiymətləndirir? Həmin gün xalqın seçdiyi bir deputatdan çox, Ilham Əliyevin təyin etdiyi bir məmur kimi davrandığını etiraf edirmi? Etiraf edirmi, hakimiyyətin əlində bir haqlı protesti yatışdırmaq və bir daha bu hallara yol verməmək üçün kütləvi repressiyalara başlamaq üçün alət olub?
Əlbəttə, Vahid Əhmədov deyə bilər ki, “həbslərin olmayacağını mənə də ”yuxarı”dan demişdilər, onlara inanıb söyləmişdim mən də”. Amma bu zaman da ortaya başqa məqam çıxacaq: “Elə isə sən niyə töhmət altında qalırsan, çıx sənə bunu kimin söylədiyini açıqla! Xalq ona bu qədər ağ yalan danışanın Kim olduğunu bilmək haqqına sahibdir”.
Əsl deputat nə etməli?
Hörmətli Isa Qəmbər də razılaşar ki, 1 martda beyqəfildən “əsl deputat” olan şəxsin bu gün də görməsi gərəkən işlər, atması gərəkən addımlar var.
Məsələn, çıxıb hakimiyyətə səslənməsi lazımdır: “Bəs mənə demişdiniz həbslər olmayacaq, bəs indi bu həbslər nə üçündür, niyə məni seçicimin yanında yalan çıxarırsınız?”
Hakimiyyətdən soruşması lazımdır: “Niyə sadəcə, etirazların iştirakçıları həbs edilir? Bəs bu baş verənlərin səbəbkarı? Icra başçısı azadlıqda əlini-qolunu sallaya-sallaya gəzərkən sadəcə onun təhqirlərindən, zülmündən, talanından cana doyub küçəyərə çıxanları cəzalandırmaq ədalət kitabının harasında yazılıb? Hansı vicdana sığır? Hansı məntiqə uyğundur?”
Deməsi lazımdır: “Bir halda ki, baş verənlərin bütün məsuliyyəti sadə vətəndaşın, mənim seçicimin üzərində qaldı, o zaman məni də tutun!”
Bunları deyə bilməyən bir deputat hətta xalqın səsi ilə belə, seçilmiş olsa, gedib o Milli Məclisdə təyinatla deyil, milli iradə ilə də oturmuş olsa belə, heç vaxt əsl deputat ola bilməz..
1 martda camaatın qabağına çıxıb hakimiyyəti vəziyyətdən çıxarmağa çalışan deputat bu gün də haqsız həbslərin, repressiyaların qarşısına keçməzsə…
1 martda “xahiş edirəm dağılışın evinizə, məni zibilə salmayın” deyə dil tökən deputatın 23 martda öz seçiciləri zibilə düşərkən, bir-birinin ardınca həbs edilərkən ağzını bıçaq açmazsa, o, heç vaxt “əsl deputat” ola bilməz.
Budur sözün qısası!

1 martdakı “əsl deputat” 23 martda niyə susur?
•
•