Azərbaycanda insan haqları beynəlxalq müzakirəyə çıxarılır

Müzakirələr Brüssel və Stokholmda olacaq; sonuncu tədbirə Tomas Hammerberq də qatılacaq

Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinin tarixi yaxınlaşdıqca Azərbaycanda insan hüquqları daha çox diqqət çəkir. “Turan” agentliyinin məlumatına görə, bir sıra beynəlxalq təşkilatlar – “Human Rights Watch”, “Article 19”, “European Stability Initiative”, “Open Society Foundations and Index on Censorship” martın 29-da “Azərbaycana Avro-baxış: demokratiya və insan hüquqlarının perspektivləri” mövzusunda debat təşkil edəcək. Brüsseldə keçiriləcək müzakirələrdə Xədicə İsmayıl, İnsan Hüquqları Evinin Azərbaycan üzrə direktoru Vüqar Qocayev, bloqçu və sosial media fəalı Pərvanə Persiani iştirak edəcək.
Apreldə Stokholmda da “Eurovision mahnı konteksti: Azərbaycanda insan hüquqları sahəsində vəziyyət” (Eurovision Song Contest: Situation on Human Rights in Azerbaijan) mövzusunda dinləmələr keçiriləcək. Tədbirdə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva iştirak edəcək.
Müzakirələrə Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq də qatılacaq.