Əliyevlərin “Eurovision” rüsvayçılığı daha bir xarici mediada

Hakimiyyətin tənqidinə Avstriya televiziyası da qoşuldu

Azərbaycanda “Eurovision”a hazırlıq və bu xüsusda insan haqlarının pozulması, demokratiyanın bərbad vəziyyəti dünya mediasının gündəmindən düşmür. Növbəti belə material Avstriyanın “ORF” televiziyasında yayımlanıb. Televiziyanın internet saytında dərc olunan məqaləni bəzi ixtisar və redaktələrlə təqdim edirik.

***

“Eurovision” mahnı müsabiqəsi sırf əyləncəli şoudur. Lakin bu il bu müsabiqə artıq siyasiləşib. Müsabiqənin keşiriləcəyi Azərbaycan kəskin tənqidlərlə üzləşib. Azərbaycan hakimiyyəti müxalifəti boğmağduna, insan haqlarını pozduğuna, söz və mətbuat azadlığını məhdudlaşdırdığına görə sərt şəkildə tənqid olunur.
“Amnesty International” və “Human Right Watch” kimi insan haqları təşkilatları bu Qafqaz ölkəsindəki avtoritar rejimi öz əleyhdarlarını susdurduğu üçün mühakimə edirlər. “Wikileaks” məlumatlarında göstərilir ki, ABŞ səfirliyi İlham Əliyev rejimini mafioz struktura bənzədib.
“Sərhədsiz Reportyorlar” təşkilatı bildirir ki, Azərbaycanda mətbuat azadlığı ciddi şəkildə məhdudlaşdırılıb, hakimiyyət KİV üzərində total nəzarətə malikdir. Ölkə telekanallrından yalnız ikisi hakimiyyətin birbaşa nəzarətində deyil. Qəzetlərin 80 faizi hakimiyyətə məxsusdur. Yazılı KİV-in yalnız 10 faizi müxalif mövqeni ifadə edir. Almaniya Xarici İşlər Nazirliyinin hesbatına görə, “KİV və sərbəst toplaşma azadlığına qoyulan sərt məhdudiyyətlər Azərbaycanda demokratiyanın vəziyyətini olduqca pisləşdirib”.

Yüzlərlə ev dağıdılıb

Son həftələrdə hakimiyyət yüzlərlə ailəni köçürərək onların evlərini dağıdıb. “Human Right Watch” paytaxt Bakının “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi yerə yaxın ərazisindən sakinlərin artıq qovulduğuna diqqət yetirməyə çağırır. Əliyev rejimi köçürülən ailələrə həqiqi kompensasiya verməkdən imtina edir. Hazırda müsabiqənin keçiriləcəyi yerdə nəhəng konsert zalı, dəbdəbəli saray və ticarət mərkəzi tikilir.
İnsan haqlsrı müdafiəçiləri xeyli vaxtdır Əliyev rejimini qohumbazlıq, korrupsiya və fərqli düşünənlərə qarşı repressiyada ittiham edir.
 
“Demokratiya naminə oxu” etiraz kampaniyası

Azərbaycanda siyasi repressiyalara etiraz əlaməti olaraq ölkənin insan haqları təşkilatları “Eurovision” yarışması öncəsi “Demokratiya naminə oxu” kampaniyasına başlayıblar. İnsan haqları üzrə Bakı klubunun sədri Rəsul Cəfərov bildirir ki, ölkədə 60 nəfərdən çox insan siyasi motivlərlə dəmir barmaqlıqlar arxasında saxlanılır.
Ötən həftə sonu Bakıda minlərlə insan demokratiya və siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçirdi.

***

Məqalənin sonunda Azərbaycan hakimiyyətinin bu yarışmadan öz imicini yaxşı təqdim etmək üşün yararlanmaq istədiyi qeyd olunur və hökumət rəsmilərinin, eləcə də Avropa Yayım Birliyi nümayəndələrinin mövqeləri verilir.

azadlıq.info