BMT Suriya ilə bağlı qərar verdi

Tartusda lövbər salan tankeri ilə bağlı Rusiyadan izahat istənilir

BMT Təhlükəsizlik Şurası bir həftə davam edən müzakirələrdən sonra Suriya ilə bağlı Rusiyanın da etiraz etmədiyi “böhranın tənzimlənməsi” planını dəstəkləyib. Plan BMT-nin xüsusi təmsilçisi Kofi Annan tərəfindən təqdim edilib. Planda humanitar yardım koridorunun açılması və hökumət qoşunlarının şəhər və kəndlərdən çıxarılması əksini tapıb.

BMT TŞ-nin qərarında deyilir ki, Əsəd rejimi 6 maddəlik bu plana əməl etməsə qurumun 15 üzvü “irəli gedən addımlar atacaq”. Bununla yanaşı qərarda Suriyanın müstəqilliyinə, birlik və ərazi bütövlüyünə dəstək ifadə olunur.

Bu arada Ruisya Suriyanın Tartus limanında lövbər salan “İman” tankerinin təyinatı ilə bağlı izahat verməli olub. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland gəmidə rus xüsusi təyinatlılarının olub-olmadığını öyrənməkdə maraqlı olduqlarını bildirib: “Biz Rusiya tankerinin Tartus limanına yan aldığını KİV-dən öyrənmişik. Biz gəminin gəliş səbəbi haqda Rusiya tərəfinə suallarla müraciət edəcəyik”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “İman” tankerində xüsusi təyinatlıların olması “nağıl”dır. O təsdiq edib ki, tanker Suriya limanında lövbər salıb. Məqsəd Ədən körfəzində qarovul çəkən Rusiya gəmilərini yanacaqla təmin etməkdir. “Hər hansı mülki gəmi kimi, bu tankerin daxilində pirat hücumundan qorunmaq üçün mühafizə dəstəsi var. Xüsusi təyinatlıların gəmidə olması boş söhbətdir. Heç kəs orada avtomat və qumbaraatanlarla ora-bura qaçmır”, – deyə Lavrov bildirib.

Lavrov Moskvanın Suriyaya hərbi müdaxilənin qarşısını almaq üçün ordu göndərməsi iddialarını da rədd edib. Xarici işlər naziri bu iddiaları danışıqları pozmaq cəhdi adlandırıb.
“Şpigel” yazır ki, Lavrov Moskvanın siyasətinin dəyişməsinə yox, kiçik düzəlişlərə işarə vurur.

azadlıq.info