`Səhv etmişik, rüşvətə qarşı mübarizə şou deyilmiş

Birinci fakt: rüşvət başında həbs olunan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının müəllimi Mahmud Ismayılov ötən gün məhkəmə zalından azadlığa buraxılıb. Rüşvətxoru necə və hansı əsasla azad ediblər?
M.Ismayılov keçən il oktyabr ayının 25-də cərrahiyyə əməliyyatı apardığı xəstənin atası Aydın Hüseynovdan 550 manat rüşvəti öz maşınında alarkən Korrupsiyaya qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən qandallanmışdı. Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, fakt üstündə yaxalanan Mahmud Ismayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) maddəsi ilə cinayət işi qaldırılıb.
Istintaq başa çatandan sonra Ağır Cinayətlər Məhkəməsində Mahmud Ismayılovun maddəsi… qəflətən, birdən-birə, tappıltıyla 178-ci (dələduzluq) maddəyə tövsif olunub. Niyə, ay adam? Yəni Ismayılov rüşvət almırmış, qızını əməliyyat etdiyinə görə atasından rüşvəti “dələduzluq” yoluyla tələb edirmiş?
Bəs, Korrupsiyaya qarşı Mübarizə Idarəsinin fakt olaraq tutduğu 550 manat hansı cəhənnəmə getdi? Dövlət ittihamçısı, müstəntiq hansı arqumentlə, hansı qanunla məhkəmənin maddə transferinə göz yumdu? Baş Prokurorluq aylarla istintaqı səhv istiqamətdəmi aparırmış? Bəs, adamı “dələduzluq”da yox, yanlış olaraq “rüşvətdə” həbs etdiyinə görə Prokurorluq öz işçilərindən kimi cəzalandırdı?
Digər tərəfdən, 178-ci maddə nə vaxtdan “aç-burax” qədər yüngül cəzayla nəticələnib?
Ikinci fakt: Səhiyyə Nazirliyinin Narkoloci Dispanserinin baş həkimi Könül Vəliyeva da rüşvət ittihamıyla həbs edilmişdi, ona qarşı da 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələrlə cinayət işi açılmışdı. Birinci instansiya məhkəməsi çox böyük humanistlik göstərərək, baş həkimi 6,5 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ancaq əlbəttə ki, K.Vəliyeva buna razı ola bilməzdi. Apelyasiya şikayəti verdi və hakimlər 70-ci maddəni tətbiq etməklə, baş həkimi məhkəmə zalındanca azadlığa buraxdılar.
Rüşvət aldığı yerdə həbs olunan həkimlərin heç bir cəza almamalarını müşahidə edirsinizmi?
Doğrudan da səhv etmişik, 2011-ci ilin yanvarında başlayan korrupsiya və rüşvətə qarşı mübarizə dalğası “şou” deyilmiş, biabırçılıq, özbaşnalıq, rüsvayçılıq imiş; qanunlara növbəti dəfə tüpürməyin yeni forması imiş; rüşvəti daha yüksək səviyyəyə qaldırmağın təzə yolu imiş? Və ən əsası: siyasi həbsləri gerçəkləşdirmək üçün Cinayət Məcəlləsində daha bir maddədən istifadə etmək imiş!
311-ci maddə çoxdan siyasiləşib: artıq öz siyasi maraqlarına uyğun olmayan adamların fəaliyyətini əngəlləmək üçün daha ağır ittihamdan – “rüşvət alma”dan uğurla istifadə olunur. Yoxsa, rüşvət alarkən, suç üstündə həbs olunan insanları bir neçə aylıq həbsdən sonra aydan arı, sudan duru sayıb, azadlığa buraxmağın, amma heç bir fakt olmadan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını içəri soxmağın və istintaq müddətini dəfələrlə uzatmağın başqa səbəbi varmı?
Rüşvət aldığı anda, əlində pulla tutulan adamı azadlığa buraxıb, heç bir sübut olmadan Əvəz Zeynallını necə türmədə saxlamaq olar? Bu boyda qanunsuzluğun döşündə hansı vicdan, haqq, ədalətlə 311-ci maddənin siyasi repressiya alətinə çevrilmədiyini söyləmək olar?
Guya Ilham Əliyev xalqdan dəstək istəyirdi; guya rüşvətxorların aşkarlanmasında əhali ayıq-sayıq olmalı, möhtərəmin apardığı siyasətə dəstək verməliydi… Insanlar rüşvətxorlar haqqında Baş Prokurorluğun “Qaynar xətt”inə məlumat verirsə, rüşvətxoru həbs etdirirsə, əvəzində isə 2-3 aydan sonra həmən rüşvətxor heç nə olmamış kimi, yenidən azadlıqda gəzirsə və vəzifəsinin başına dönürsə, “xalq” şikayət verərmi? Xalq Ilham Əliyevin siyasətinə şərik olarmı? Görmürmü ki, bu, müəyyən zümrəni daha artıq soymaq üçün hansısa qurum üçün yaradılan şərait və yüksək səviyyədə himayə edilən oyundur?
Görmürmü ki, yep-yekə rüşvətxorlar bir tərəfə, heç xırdalar da cəza almır; görmürmü ki, rüşvətxorlar yenə meydan sulayır; görmürmü ki, bu maddə yalnız azad söz adamlarının şərlənməsində istifadə olunur?..