Adam illərdir batmış əmanətlərin qaytarılmasını tələb etdiyinə görə bu gün dərin peşmançılıq duyur. 3 milyon manatı qotur bir fransız atına, 40-50 min dolları alman eşşəklərinə şıtır-şıtır sayanlar öz xalqının əmanətinə xəyanət etdilər, ona qəpik-quruş verməyə hazırlaşırlar – xalqın pulunu xalqa qıymırlar.
Bunlar həmişə pullarının çox olması ilə öyünürlər, biz də həmişə deyirik, yazırıq ki, bəli, pulunuz çoxdur, amma ədalətiniz azdır. Bu gün dünyada güclü dövlət pulu çox olan dövlət deyil, ədaləti çox olan dövlətdir.
Ancaq gəl gör ki, bunların ədaləti bir yana, hətta pulları da bunları güclü göstərmir, gülünc görünürlər. Səhərdən-axşamadək insanların acından qırıldığı, bir ucdan boşaldığı barədə təbliğat apardıqları neftsiz, qazsız Ermənistan öz vətəndaşlarının əmanətini həm bunlardan tez, həm də bunların təklif etdiyindən yüksək məbləğdə qaytardı. Utanmadan bir də bunu “Ilham Əliyevin hədiyyəsi” adlandırırlar.
Sanki Ilham Əliyev əmanətləri cibinin pulu ilə qaytarır. Sanki “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” Ilham Əliyevin öz bostanıdır. Xalqın sərvəti ilə xalqın pulunu, üstəlik də qəpik-quruşla qaytarır, hələ üstəlik, minnət də qoyurlar. Doğrudan da, adamın üzündə həya gərəkdir.
Batan əmanətlərin daha dərin batması
Mən indi əmanətlərin qaytarılması, daha doğrusu, əmanətə xəyanət edilməsi haqqında məlum fərman üzərində bundan artıq dayanmaq istəmirəm. Əlbəttə, Azərbaycanda doğrudan da, bir xalq hakimiyyəti qurulacaq. O zaman şübhəsiz, həmin fərmana da yenidən baxılacaq və ədalət yerini tapacaq. Hələliksə, Ilham Əliyevin verdiyi fərmanın bircə adı var: batan əmanətlərin yenidən batması!
Həm də daha dərin batması!
Ən qiymətli əmanət və ən bağışlanmaz xəyanət haqqında
Amma mən baş verənlərə əsla təəccüblənmirəm. Bunlar 18 ildə nələrə xəyanət etmədilər ki?
Bizim özgürlük, demokratiya xəyallarımıza…
Azərbaycanın çağdaş, modern, mədəni dünyanın bir parçası olacağına dair ümidlərimizə…
Hüquqa, qanunçuluğa, milli iradənin üstünlüyünə…
Bir sözlə, Azərbaycanın müstəqilliyə qovuşmasından sonrakı bütün gözləntilərimizə xəyanət etdilər. Qəsb yolu ilə, qan yolu ilə sahibləndikləri, qaranlıq güclərlə kirli bazarlıqlar, transmilli korporasiyalarla çirkli sövdələşmələr yolu ilə yiyələndikləri hakimiyyətlərini qorumaq, ayaqda tutmaq, qiyamətəcən uzatmaq üçün sırtlarını dönmədikləri, arxa çevirmədikləri, çeynənib keçmədikləri, xəyanət etmədikləri heç bir qutsal dəyər qalmadı.
Sayələrində başqalarının yatağını güdmək, onları məhrəmiyyətilə şantaj etmək və bu yolla susdurmaq, sındırmaq dövlət siyasətinə çevrildi.
Sayələrində həqiqəti söyləmək, doğruları yazmaq və danışmaq, alçalmadan ucalmaq, haram yeməmək, məzlumun ahını almamaq, vicdanlı, qürurlu yaşamaq suç oldu.
Amma ən böyük xəyanəti Rəsulzadə dəyərlərinə etdilər. Onun və silahdaşlarının bu millətə və vətənə ən böyük əmanətini – Respublikaçılığı sırtından vurdular. Azərbacanı krallıqlar, padşahlıqlar dövrünə qaytarmağa girişdilər. “Ömürlük prezidentliyin” önünü açaraq monarxiya qurmağa qalxdılar.
Zatən hakimiyyətin atadan oğula ötürülməsi ilə dayaqları sarsıdılmış Respublikaçılıq, prezidentliyə məhdudiyyətin götürülməsilə bu ölkədə sağalması onilliklərlə mümkün olmayacaq bir yara aldı. Biz Azərbaycanın Avropanın bir parçası olacağına dair xəyallar qurarkən bunlar Azərbaycanı Afrikanın ən geridəqalmış ölkələrilə bir sıraya qoydular.
Və bu qədər həngamədən sonra indi sizin nə vaxtsa banklarda batmış əmanətlərinizə xəyanət etdilərsə, çoxdurmu?
Rəsulzadənin Cümhuriyyət əmanətinə edilən xəyanətin yanında bunun, türklər demiş, lafımı olur?
Rəsulzadənin əmanətinə, bu ölkənin çağdaşlıq, uyğarlıq, demokratiya ümidlərinə xəyanət edildikdən sonra bankda batan hər rublunuza görə sizə qaldırıb bir neft buruğu versələr, nə olacaqdı ki?
Neynirsiniz o qızıl teşti ki, içinə qan qusacaqsınız…

Rəsulzadənin əmanətinə etdikləri xəyanətin yanında bu nədir ki?!
•
•