RLS bazarlığına son qoyulmalıdır

Qəbələ RLS-in daha 25 il Rusiyanın icarəsinə verilməsi üçün Azərbaycan və Rusiya hökumətləri arasında danışıqlar davam edir. Hər zaman olduğu kimi Azərbaycan tərəfi danışıqların detalları barədə ictimaiyyətə məlumat vermir. Nədəninə sonra qayıdarıq, əvvəl bir bu RLS-in Azərbaycan gərəkliyinə nəzər yetirək.
Nəhəng bir hərbi obyektin – Qəbələ RLS-in Azərbaycanın ərazisində fəaliyyət göstərməsi suverenliyimizə böyük bir zərbədir və RLS dövlət olaraq, yalnız Rusiyanın hərbi-siyasi maraqlarına uyğundur.
Azərbaycan bu stansiyanın işindən əsla yararlanmır, işdir, yararlansaydı, dərd yarı idi. Yəni düşünmək olardı ki, Qəbələ RLS ekologiyamıza vurduğu zərbənin əvəzində Azərbaycan ərazisi düşmənin hava hücumundan qorunur. Belə deyil axı. Çünki RLS-in fəaliyyətindən yalnız Rusiya yararlanır. Iran təyyarələrinin Xəzər dənizi, Iran vertolyotunun Astara üzərində uçuşundan biz nə zaman xəbər tutduq? Uçuş başa çatdıqdan sonra. O zaman sabah Ermənistan ərazisindən üstümüzə gələn raketlərdən nə vaxt xəbədar olacağıq? Təbii ki, ciddi dağıntılardan sonra. Belə bir vəziyyətdə o RLS Azərbaycanın nəyinə gərəkdir?
Etiraf etmək lazımdır, 9 milyonluq Azərbaycan ya Moskvanı, ya da Vaşinqtonu özünə dost seçməlidir. Ərazimizə göz dikən irticanı önləmək üçün mütləq bir güclü dostumuz, dayağımız olmalıdır.
Rusiyadan bizə dost çıxmaz. Rusiya bizə dost olsaydı, yardımı ilə Ermənistan 20 faiz torpaqlarımızı işğalda saxlaya bilməzdi. Bu bir.
Ikincisi, lap dərinə gedəndə Kreml heç Azərbaycana müstəqil dövlət kimi yanaşmır, bizə müstəmləkəsi kimi baxır. Baxmasaydı, Azərbaycanın ərazisində nəhəng bir hərbi obyektin icarə müddətinin daha 25 il uzadılmasına israr etməzdi.
Bir daha altını cızaraq yazıram, Kreml bizim dostumuz ola bilməz. 300 ildir ki, biz Rusiyanın cəngindən xilas ola bilmirik və bu 300 ildə Rusiya bizim manqurtlaşmamız, kölə olmağımız üçün əlindən gələni edib. Və bundan sonra da Kremlin müstəmləkəçilik siyasətindən əl çəkəcəyini düşünmək sadəlövhlükdür. Odur ki, Azərbaycanı idarə edənlər, konkret olaraq, prezident Ilham Əliyev Azərbaycanın suverenliyini qorumaq, vətəndaşlarını kölə psixologiyasından xilas etmək üçün xarici siyasət kursunu Qərb istiqamətinə dəyişməlidir. Eynən Gürcüstan kimi. Mixail Saakaşvili özündə cəsarət tapıb Moskva ilə biryolluq üzülüşmək qərarını verdi və onu müdafiə edən Vaşinqton və Qərb Rusiyanın kiçik Gürcüstan üzərinə yürüşünü dayandırmağa nail oldu. Rusiya ilə dostluğuna xitam verən Gürcüstan iqtisadiyyatı dağılmadı ki? Əksinə, qonşu dövlət sürətlə inkişaf edir və yaxın 5-10 ilə Gürcüstan sivil Qərb dövlətləri ilə bir sırada dayanacaq.
Təəssüf ki, Azərbaycan Qərblə Kreml arasında manevr etməkdə davam edir. Və kimsəyə sirr deyil ki, bu hakimiyyət hərisliyindən irəli gəlir. Elə bu səbəbdən də Azərbaycan Qəbələ RLS məsələsində aciz durumdadır.
Dedik ki, Azərbaycan iqtidarı RLS-lə bağlı danışıqları ictimaiyyətə açıqlamır. Və bunun tək səbəbi odur ki, açıqladığı təqdirdə Kremlin dişini qıcamasından çəkinir. RLS ətrafında danışıqlar barədə yalnız Rusiya mətbuatından xəbər tutmaq mümükündür və bu stansiyanı 25 il müddətinə icarəyə götürəcəkləri, onun fəaliyyətini daha da təkmilləşdirəcəkləri barədə Kreml yetkililəri mətbuata açıqlamalar verməkdə davam edirlər. Azərbaycanın iddia etdiyi illik 300 milyon dollar icarə haqqına isə ruslar ciddi yanaşmırlar. Ona görə ki, hakimiyyətini qorumaq üçün hər zaman Moskvadan dəstək istəmiş bir rejimin Rusiyaya meydan oxuması əsla ağlabatan iş deyil.
Bu iqtidar hakimiyyəti qorumaq üçün Rusiyaya güzəştə gedəcək, bu, təbiidir. Ancaq Azərbaycan ziyalısı susmamalıdır. Azərbaycanın ən füsünkar guşələrindən birində Rusiyanın hərbi obyektinin varlığı və bu obyektin ekologiyaya, genefonda dəhşətli zərbələr vurmasına dözümlülük nümayiş etdirmək, millət olaraq təhqir olunmaq anlamındadır.
RLS məsələsi yalnız və yalnız ümumxalq səsverməsi – REFERENDUM yolu ilə nizama salına bilər. Səsvermə keçirilənə qədər stansiya ya bağlanmalı, ya da iş gücü minimuma endirilməlidir. Azərbaycan xalqı öz sözünü nəhayət ki, deməlidir, ya yox?
P.S. Yaxın günlərdə RLS-in fəaliyyətinə etiraz olaraq Bakıdan Qəbələyə etiraz yürüşü gerçəkləşdiriləcək. Qoşulmaq istəyənlər bu nömrəyə zəng edə bilər: (055)526-57-98