Oğurlanmış Novruz bayramı

Mark Tvendən yadda saxladığım bu ədəbi süjeti tez-tez xatırlayıram. Axirət dünyasında olan insan həyatda öyrənə bilmədiyi suallardan birinə cavab almaq istəyir. Görünür orada onun belə bir hüququ varmış. Bizim ölkədə ölülərin hüququndan danışmaq çox yerinə düşür, çünki dirilərin bu cür ağayana sorğu haqqı yoxdur.
Əlqərəz, o dünyanın sakini tələb edir ki, insanlıq tarixində dünyaya gəlmiş ən böyük sərkərdənin kim olduğunu ona desinlər. Elə o saat ona bu haqda məlumat verirlər. Sanki Google-də axtarış verib, cavabı ani olaraq tapırlar. O dünyada informasiyalar daha mötəbər olur. Orada bir mənbə var – o da mötəbərdir.
Amma insanlıq tarixində dünyaya gəlmiş ən böyük sərkərdə kim olsa yaxşıdır? Cavab əsərin qəhrəmanını şoka salır. Bu adam onun qonşuluğunda yaşayan, onun da yaxşı tanıdığı bir pinəçidir! Bir küçədə yaşayıblar onunla. Axı bu necə ola bilər? Bu mümkündürmü? Bu pinəçi xırda bir hərbi bölüyə də komandanlıq etməyib. Bu nə deməkdir?
Ona başa salırlar ki, şübhəyə düşməsin, sualın cavabı tamamilə doğrudur. Sadəcə, həmin pinəçi həyat yolunu, peşəsini düzgün seçə bilməyib. Tarixin ən böyük sərkərdəsi olmaq əvəzinə, onun yaşadığı küçədə adi pinəçi olmağa qərar verib.
Mark Tven çox maraqlı yazıçıdır. Şəxsən mən elə bilirdim ki, əsərin qəhrəmanı verdiyi sualın cavabında öyrənəcək ki, ən böyük sərkərdəlik potensialı məhz onun özündə olub. Amma yazıçı bizi özümüzdən çox, başqalarına diqqət ayırmağa yönəldir. Baxın, ətrafınızdakı sadə adamlar əslində kimlər ola bilərdi.
Yaxud da çox yüksək ranqlara sahib olanlar… Onların çoxu layiq olmadığı yerlərə dırmaşıblar. Bu isə dəhşətlidir.
Mark Tven peşələrin səhv seçilməsinin nəticələrini qabardıb. Insanların özlərinin seçimindən söhbət gedir burada. Bəs insanların məcburən seçdiyi necə olsun? Xalqların məcburən qəbul etdiyi – seçmədiyi məqamlar necə olsun? Görün biz hansı durumdayıq. Bizdə təkcə peşələr səhv düşmür. Bizdə ölkənin getdiyi yol da səhvdir. Sanki gəmini piratlar ələ keçirib. Onlar başqa yerə aparır bizi.
Biz bu il də Novruzu piratlarla keçiririk. Onlar da bizimlə bərabər yumurta boyayıb Novruzu qeyd edirlər. Həm də bilirsiniz necə?! Elə bil Novruz da bunlarındır. Sanki bayram da bunlara məxsusdur. Ona görə də məndə elə bir hiss var ki, bizim Novruzumuzu da oğurlayıblar.  
Amma mən bəzi adamların bu bayramda nəyə sevindiyini, nəyi qeyd etdiyini anlamıram. Məsələn, yaltaqlar. Yaltaqlığı özünə peşə seçənlər – təkcə peşəsini deyil, insanlığını da səhv salanlardır. Onlar Novruzda nəyə sevinir görəsən? Hansı ülvi məqama?  Prinsipcə, onlar yeni qazancına, yeni mənsəbinə, yeni uğuruna sevinməlidir. Bəs Novruz onlara nə verir ki! Novruz prezident, nazir, icra başçısı deyil ki, ona nəsə verə?!
***
Həyatımız yalanla keçir. Bizi yalanla idarə edirlər…
Novruza bununlamı gəlirlər?
Həyatımız oğurluqla keçir. Bizi oğurluqla idarə edirlər…
Novruza bununla qədəm qoyurlar?
Həyatınız məhrumiyyətlərlə keçir, bizi çox şeydən məhrum edirlər…
Novruzu bununlamı keçrirlər?
Həyatımız dəyişmir…
Novruz beləmi olur?