Mitinqdə həbs olunan gənclərin taleyi narahatlıq doğurur

Gəncləri polis idarəsindən köçürmək istəmirlər; onların vəkilləri və yaxınlarıyla görüşünə də imkan verilmir

Martın 17-də Bakıda keçirilən mitinqdə tutulan gənclər – repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NIDA” Vətəndaş Hərəkatının üzvü, blogger Etibar Salmanlı Səbail Rayon Polis Idarəsində saxlanılır. Onları inzibati həbs olunanların saxlanıldığı Müvəqqəti Saxlanma Məntəqəsinə köçürməyiblər.
Daxili Işlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Azadlıq” radiosuna deyib ki, gənclər Müvəqqəti Saxlanma Məntəqəsinə aparılmayacaq. Onlar polis idarəsində qalacaqlar: “Qanunun tələbi budur ki, sutkalıq cəza alanlar polisin müvəqqəti saxlama təcridxanasında qalırlar. Bunları cəzaçəkmə yerlərinə aparmırlar, ağır cəza törətməyiblər axı. Inzibati cəza alıblar, məhkəmənin qərarı ilə neçə sutka verilibsə, o qədər müvəqqəti təcridxanada qalacaqlar”.
O zaman Binəqədidəki inzibati qaydada həbs olunanların Müvəqqəti Saxlanma Məntəqəsinə nə üçündür? Bu sualı gənclərin vəkili Anar Qasımlı verir və əlavə edir ki, məhkəmədən dərhal sonra hər 3 gənc həmin məntəqəyə aparılmalıydı. Vəkil onların hələ də polisdə saxlanmasını qanun pozuntusu sayır.
Xatırladaq ki, şənbə günü gənclərin mitinqində “Bulistan” qrupu çıxış edərkən mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiya təşkilatçıları buna etiraz ediblər. Dərhal mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib. Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Gənclər Inzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunublar.
Həbsdən sonra nə valideynləri, nə də vəkil gənclərlə görüşə bilib. Camal Əlinin anası Gülşən Əliyeva “Azadlıq” radiosuna deyib ki, oğlunun aqibətindən narahatdır: “Səhhətinə görə çox narahatam, bircə döyüb şikəst eləməsinlər. Hər halda vurublar, dartışdırıblar ki, şalvarı cırılıb…”
Vəkil Anar Qasımlı Camal Əli və Natiq Kamilovun çox pis döyüldüyünü deyir: “Fakt ondan ibarətdir ki, tutulanda, polis bölməsində Camal Əli, Natiq Kamilov döyülüb. Onlar məhkəmədə də döyüldüklərini deyiblər. Şikayət veriblər. Məndə şübhə yaranır ki, onlar məhkəmədən sonra bölmədə də döyülə bilərlər. Ona görə də görüşdən yayındırırlar. Ailəsinin narahatlığı da bununla bağlıdır”.
Vəkil Anar Qasımlı gənclərə həbs cəzası verilməsini də qanunsuzluq sayır. O deyir ki, Camal Əli nalayiq ifadə işlətdiyinə görə məhkəmədə üzr istədi. Ona alternativ inzibati tənbeh verilə bilərdi: “O ki qaldı yerdə qalan 2 nəfərə, onların işinə mütləq xitam verilməli idi”.
Gənclərlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti hazırladığını deyən vəkilin sözlərinə görə, Camal Əli və Natiq Kamilov Səbail Rayon Polis Idarəsində o qədər döyülüb ki, hətta ora təcili tibbi yardım çağırıblar.
DIN-in əməkdaşı Ehsan Zahidov isə narahatlığa əsas görmür. Gənclərin döyülmə ehtimalını isə yaxına belə buraxmır.
Səbayel RPI-də saxlanılan gənclərin yaxınları və vəkillərilə görüşməyinə imkan verilmədiyindən onların taleyilə bağlı ciddi narahatlıq yaranıb. Bu səbəbdən dünən axşam saatlarında bir qrup gənc polis idarəsinin qarşısına toplaşıblar. Gənc fəallar hesab edir ki, onların Müvəqqəti Saxlanma Məntəqəsinə köçürülməməsi polis idarəsində məruz qaldıqları işgəncələrlə bağlıdır.

Ictimai fəallar bəyanat yaydı

Mitinqdə həbs olunmuş fəalların müdafiəsi və azad olunması ilə  bağlı Insan Haqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının təşəbbüsçüləri olan vətəndaş cəmiyyəti təmsilçilərinin bəyanatı:
17 mart 2012-ci ildə keçirilən mitinqin gedişi zamanı ictimai fəallar – repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NIDA” Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlı həbs edilib. Müşahidələr təsdiq edir ki, onların həbsi tam qanunsuz həyata keçirilib. Mitinqin gedişi zamanı tribunadan zorla endirilərək aparılan gənclərə fiziki güc tətbiq edilib və onlar sonradan işgəncə ilə üzləşiblər. Azərbaycan qanunlarına və beynəlxalq konvensiyalara görə, bu hadisə həm sərbəst toplaşma hüququnun, həm də vətəndaş haqlarının ciddi şəkildə pozulmasıdır.Hesab edirik ki, repçi Camal Əlinin dövlət başçısı Ilham Əliyevin barəsində söyüşü bütün bu qanunsuzluqlar əsas ola bilməz. Dünyanın hər yerində vətəndaşlar, xüsusən də gənclər idarəçiləri, dövlət başçılarını və məmurları ən sərt və emosional sözlərlə tənqid edə bilir, onların siyasətinə etirazlarını ifadə edirlər. Bir çox hallarda hökumət başçıları daşa və yumurtaya basılır, onlara qarşı ən sərt şüarlar və ifadələr səsləndirirlər. Dövlət rəhbərləri isə vətəndaşların doğru idarəçilik axtarışları kimi qəbul edilən bu tərzdə etirazlarına dözümlə yanaşmalı olurlar.  Bunu edənlər cəzalandırılmır və təqib edilmirlər. Biz isə baş verilənləri görüb həbs edilənlərin, xüsusən də müğənni Camal Əlinin taleyindən narahat oluruq. Indiyədək vəkillərinin onlarla görüşünə icazə verilməməsi isə bizim narahatlığımızı daha da artırır. Biz  hakimiyyət orqanlarından bu gənclərin dərhal azad olunmasını tələb edirik və hüquq müdafiəçilərini, siyasi qurumları, beynəlxalq təşkilatları çəkinmədən onların hüquqlarını müdafiə etməyə çağırırıq.

Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri
Mehman Əliyev, “Turan” Informasiya Agentliyinin direktoru
Iradə Cavadova, Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi
Şahvələd Çobanoğlu, jurnalist
Əfqan Muxtarlı, jurnalist
Kərim Kərimli, hüquq müdafiəçisi
Samir Kazımlı, Siyasi Azadlıqların Müdafiə Alyansının təmsilçisi
Namizəd Səfərov, vəkil