Gənclərin aksiyası dünya mediasında

“CNN”də xüsusi reportaj, “Der Spiegel”də isə geniş məqalə yayımlandı

Dünyanın aparıcı media qurumları müxalif və müstəqil gənclər təşkilatlarının yaratdığı Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) təşkilatçılığı ilə martın 17-də keçirilən etiraz aksiyasına diqqət ayırıb. Nüfuzlu “CNN” kanalı gənclərin mitinqindən xüsusi reportaj yayımlayıb. Reportajda gənclərin aksiyasında səsləndirdiyi şüarlar və tələblərin əks olunduğu video-çarx göstərilib. “Lenta.ru”,  “globalvoicesonline.org” kimi tirajlı xəbər saytları da gənclərin mitinqinə yer ayırıblar.

Son zamanlar Azərbaycanda insan haqları və söz azadlığının bərbad durumda olmasıyla bağlı geniş materiallar yayımlayan alman mediasının nüfuzlu qəzetlərindən biri “Der Spiegel” gənclərin etriraz aksiyasından geniş məqalə hazırlayıb. Məqalədə qeyd olunur ki, yerli fəallar “Eurovision” öncəsi diqqətlərin ölkədəki insan haqları və söz azadlığının durumuna yönəltməyə çalışır. Gənclərin keçirdiyi etiraz aksiyası da bu qəbildəndir:“Mindən çox gənc şəhərin mərkəzindən çox da aralı olmayan meydanda “Azadlıq”, “Azadlıq” yenə də “Azadlıq” tələbləriylə mitinq keçirdi. Onlar ölkələrində baş verən pozuntulara, məhdudlaşdırılan ifadə azadlığına diqqətləri yönəltmək istəyirlər”.

Gənclərin qaldırdığı “Siyasi məhbuslarsız “Eurovision” şüarı yazılmış plakat almaniyalı jurnalistin xüsusi diqqətinə səbəb olub. Müəllif yazır ki, Avropanın ən nüfuzlu müsiqi yarışması öncəsi Azərbaycanda 13 siyasi məhbus əsassız ittihamlarla, ifadə azadlıqlarından istifadə etdiklərinə görə həbs olunublar. Onların qeyd-şərtsiz azadlığa buraxılması dünyanın nüfuzlu beynəlxalq insan haqları təşkilatlarının əsas tələbidir.

Siyasət şöbəsi