Girovluqdakı evi naminə özünü yandırdı; intiharın təfərrüatları

«KredAqro»da özünə qəsd edən qadın hakim ailənin dostu olub

Mərhumənin oğlu “Azadlıq”a danışdı: “Məndən xəbərsiz evim girov qalıb, 4 ay girov pulu ödəmişəm. 5 min manat verdim ki, evimi girovluqdan çıxartsınlar…”

64 yaşlı Səadət Həsənova “KredAqro” bank olmayan kredit təşkilatının Həsən Əliyev, 63 ünvanında yerləşən ofisinin qarşısına gələrək, üzərinə benzin töküb və özünü yandırıb. Hadisə martın 15-də olub. 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan qadın ötən gün səhər saatlarında dünyasını dəyişib.
Nərimanov Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi qaldırıb, araşdırma aparılır.

Qanunsuz tələb?

Hadisənin təfərrüatlarını öyrənmək üçün “KredAqro”ya və 5 saylı xəstəxanaya getdik.
“KredAqro”da bizi qarşılayan polis iş yerində heç kimin olmadığını dedi: “Artıq iş vaxtı bitib, rəhbərlikdən heç kim yoxdu”. Israrımızdan sonra “yuxarı”yla əlaqə saxlayıb bizə yardımını etdi. Özünü təqdim etməyən “KredAqro” əməkdaşı da məsul işçilərdən heç kimin hazırda işdə olmadığını bildirdi. Hadisə ilə bağlı yalnız bunları deyə biləcəyini söylədi: “Özünü yandıran qadının oğlu bizdən kredit götürənə zamin durub. Həmin şəxs pulu vaxtında ödəyə bilməyib. Biz də məhkəmə vasitəsilə haqqımızı tələb etmişik. Ancaq onları evdən çıxartmamışıq. Hadisə ikinci mərtəbədə olub. Gəlib bizə dedi ki, oğlumun adını bankın siyahısından çıxartmasanız özümü yandıracam”.
Bundan artıq heç nə deyə bilməyəcəyini söyləyən “KredAqro”nun işçisi “hadisənin təfərrüatlarıyla bağlı mətbuata açıqlama vermişik. Hər şeylə ordan tanış ola bilərsiniz” dedi.
“KredAqro”nun yaydığı məlumatda yazılıb: “”KredAqro” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti Şəki şəhər sakini, 64 yaşlı Həsənova Səadət Məmmədəmin qızının 15 mart 2012-ci il ildə saat 16 radələrində, iş vaxtı, təşkilatımızın mərkəzi ofisində özünü yandırmaq yolu ilə intihara cəhd etməsi faktı barədə onu bildirir ki, S.Həsənovanın təşkilatımızla heç bir kredit müqaviləsi və təşkilat qarşısında heç bir öhdəliyi olmayıb. Hadisə ilə bağlı bildiririk ki, Şəki şəhər sakini Əliyev Vüqar Nəriman oğlu 19.10.2007-ci il tarixli kredit müqaviləsi ilə təşkilatdan 35.000 manat kredit götürüb, əvəzində kreditin təminatı kimi Səadət Həsənovanın oğlu Həsənov Təyyar Qurban oğlunun Şəki şəhəri M.Əzizbəyov küçəsi 49 saylı ünvanda yerləşən yaşayış evini onun və ailəsinin razılığı ilə girov qoyub. Borclu Əliyev Vüqar Nəriman oğlu borcunu ödəməkdən boyun qaçırdığına görə borc öhdəliyi qanuna müvafiq qaydada məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə girov evə yönəldilib. Buna baxmayaraq Təyyar Həsənov bu günə kimi mənzildən çıxarılmayıb… S.Həsənova təşkilatımızın mərkəzi ofisinə girərək oğlu Təyyar Həsənovun evinin girovdan azad olunması barədə qanunsuz tələblər irəli sürüb. Məqsədinə nail olmaq üçün təşkilatımıza təzyiq vasitəsi kimi ofisdə özünü yandırmaq yolu ilə intihara cəhd edib. Onun intihar cəhdinin qarşısının alınması zamanı təşkilatın hüquq məsləhətçisi Zaur Məhəmmədov hər iki əlinin və sifətinin yanması ilə müşayiət olunan yanıq xəsarəti və mühafizəçi polis nəfəri Cabbar Əliyev sağ əl barmaqlarının yanması ilə müşayiət olunan yanıq xəsarəti alıb. S.Həsənovanı ofis işçiləri təcili tibbi yardım maşını ilə Bakı Şəhər 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb”.

“Savadsız adamam, ancaq bu işdə əlim yoxdu”

“KredAqro”dan ayrılıb 5 saylı xəstəxanaya üz tutduq. Orada bizə bildirdilər ki, mərhum dünən səhər saatlarında dünyasını dəyişib: “Artıq 5 gün idi ki, xəstəxanada idi. Yoldaşı və oğlu Səadət Həsənovanın yanında qalırdılar. Vəziyyəti ağır idi. Günorta vaxtı ekspertiza meyitə baxış keçirdi, sonra mərhumu rayona apardılar”.
Olayla bağlı daha geniş məlumat almaq üçün Təyyar Həsənovla əlaqə saxladıq. T.Həsənov dedi ki, Vüqar Əliyev qonşusu olub: “Mənə həmişə ”Space” telekanalının vəsiqəsini göstərirdi. Mən də inanmışdım. Savadsız adamam, ancaq bu işdə əlim yoxdu. Bankdan kredit götürəndə orada olmamışam. Sənədlərə diqqət eləsələr, heç bir yerdə imzamın olmadığını görə bilərlər. Məndən xəbərsiz evim girov qalıb. 4 ay girov pulu ödəmişəm. 5 min manat verdim ki, evimi girovluqdan çıxartsınlar. Ancaq bu mümkün olmadı. Dəfələrlə qapımıza gəlib evimizdən bizi çıxartmaq istədilər. Axırda anam dözməyib Bakıdakı ofisə getdi. Bu uzun məsələdi. Anamın yasını yola verib, bu barədə geniş danışacam”.
Sən demə, Səadət Həsənova bir neçə dəfə Kənd Təsərrüfat Nazirliyinin yarmarkalarında ən yaxşı məhsulları satdığına görə təltif olunub. Bu məsələyə münasibət bildirən Təyyar Həsənov dedi ki, anası Heydər Əliyevlə, Ilham Əliyevlə dəfələrlə görüşüb: “Əksər yarmarkalarda öndə olurdu. Ən yaxşı məhsulları o satırdı. Dəfələrlə preizdentlər ona təşəkkür edib. Hələ Heydər Əliyevin vaxtında ona Bakıda yer ayırmışdılar. Yarmarkalar olanda ən gözəgəlimli yeri anama verirdilər. Ona görə ki, əcnəbilər qarşısına yaxşı məhsulla çıxa bilirdi. Hətta Mehriban Əliyeva ilə də görüşüb. Son illər yaşıyla əlaqədar işləmirdi”.

Ramin DEKO