Mingəçevirə isə Cavid Qurbanovun yaxın adamı göndərilir
Martın 1-də baş qaldıran yerli üsyanla postunu itirməli olan Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovu yeni vəzifəyə təyin etməyə hazırlaşırlar. Onun təyin olunacağı vəzifənin indiki sahibini isə icra başçısı vəzifəsinədək yüksəlmək gözləyir. Əməliyyat nəqliyyat naziri Ziya Məmmədov və onun sağ əli, “Azəryolservis”in rəhbəri Cavid Qurbanova məxsusdur.
Nazir Məmmədova yaxın çevrələrdən “Azadlıq”a sızan məlumata görə, “Azəryolservis”in qeyri-rəsmi funksiyası ölkə başçısının keçdiyi yollara nəzarət etmək olan departamentinin rəhbəri Əvəz Qocayev Mingəçevir şəhərinə icra başçısı təyin olunacaq. Məlumata görə, bununla bağlı artıq ölkə başçısının sərəncamı hazırdır və yaxınlarda elan ediləcək. Onun təyinatının arxasında nəqliyyat naziri Məmmədov dayanır.
Xatırladaq ki, Mingəçevirin bugünlərdə Qubaya devrilmiş icra başçısı Rauf Həbibovun yerinə göndərilən keçmiş rəhbəri Mübariz Ağayev də Ziya Məmmədovun adamı kimi tanınır. Həmçinin, Rauf Həbibovun da nəqliyyat nazirinin adamı olduğu sirr deyil. Başqa sözlə Ziya Məmmədov Qubanı öz nəzarətində saxladığı kimi, indi də Mingəçevirə öz adamını icra başçısı təyin etdirir.
Əvəz Qocayev “Azəryolservis”in “ən strateji” departamentinin rəhəbri olmaqla yanaşı Cavid Qurbanovun seçki qərargahına da rəhbərlik edib.
Qubanın keçmiş başçısı Rauf Həbibovun tutacağı yeni vəzifə də Əvəz Qocayevin indiki vəzifəsidir. Həbibov “Azəryolservis”in departament rəhbəri gətirilir.
Mövzunu davam etdirəcəyik.
İnformasiya şöbəsi