Müsavat Partiyası martın 17-də Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsinin keçirdiyi razılaşdırılmış etiraz aksiyası ilə bağlı bəyanat yayıb.
Byanatda deyilir: “Müsavat Partiyasının gənc üzvlərinin də geniş qatıldığı bu mitinq müstəqillik dönəmində gənclərin özlərinin keçirdiyi ilk mitinq idi. Mitinq yerinin şəhərin mərkəzindən xeyli uzaq olmasına və çətin hava şəraitinə baxmayaraq gənclər həvəslə mitinqə qatıldılar. Mitinq zamanı səsləndirilmiş “Siyasi məhbuslara azadlıq!”, “Rüşvətsiz təhsil”, “Bizə Qarabağ lazımdır!” və digər şüarlar çox aktual və günümüzün reallıqlarına uyğun olub. Gənc liderlər çıxışlarında hakimiyyəti haqlı olaraq tənqid edərək, onu ölkədə islahatlar aparmağa, siyasi və vicdan məhbuslarını azad etməyə, korrupsiyaya son qoymağa, işğal olunmuş ərazilərin qaytarılması üçün təcili tədbirlər görməyə çağırıblar. Hakimiyyət gənclərin qaldırdığı məsələlərə və tələblərinə ciddi yanaşmalı, onların həyata keçirilməsi üçün təcili tədbirlər görməlidir.
Müsavat Partiyası gənclərin 17 mart mitinqinin tələblərini dəstəkləyərək bəyan edir ki, bundan sonra da azadlıqlar və vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan gənclərin yanında olacaq, bütün imkanları ilə onları dəstəkləyəcək.
Müsavat Partiyasının Divanı polisin mitinqin sonunda rok oxuyan bir qrup gəncin işlətdiyi ifadələrdən istifadə edərək mitinqə müdaxilə etməsinə, gəncləri həbs etməsinə etirazını bildirir. Həmin hadisənin gənclərin özləri tərəfindən qınandığına və qarşısının alınmasına baxmayaraq, onların nəinki həbs olunmasını, hətta işgəncələrə məruz qalmasını, həmçinin bütövlükdə tədbirə kölgə salmaq cəhdlərini qınayır”.
Müsavat Partiyası həmçinin Prezident Adminstrasiyasının gənclərin haqlı tələblərini diqqətə almaq əvəzinə, bu hadisədən tələm-tələsik sui-istifadə etmək cəhdlərini hakimiyyətin narahatlığının və dərin mənəvi böhranının təzahürü kimi qiymətləndirir.


