Britaniya mediası Əliyevi yenə “vurdu”

“The Independent” onun saxta yolla seçildiyini və müxalifəti boğduğunu önə çəkdi

“İlham Əliyev özü ilə getdikcə güclənən avtoritar tədbirlər gətirdi”

“Britaniyada “Eurovision” musiqi yarışması milyonların izlədiyi zərərsiz tədbir kimi görülsə də o, müsabiqəyə ev sahibliyi edən ölkəyə bəlalar gətirib”. Bu sözlər Britaniyanın nüfuzlu “The Independent” qəzetində Ceremi Teylor və Riçard Holun birgə qələmə aldığı məqalədəndir. “BBC Azərbaycanca” məqaləni qısa ixtisarla yayımlayıb.

“Eurovision Britaniyalılar üçün bir kitç (mədəniyyətin zövqsüz təqlidi – red.) şənliyidir. Qələbə şansımız sıfıra bərabər olsa da, milyonlarla britaniyalının izlədiyi zərərsiz bir tədbirdir. Amma “Eurovision” mahnı müsabiəqəsi bu il ona ev sahibliyi edən ölkənin – Azərbaycanın bir çox vətəndaşlarına əzablar gətirib. Hökumət yarışma öncəsi minlərlə insanı öz evindən güclə çıxarıb. Azərbaycan yarışmaya ev sahibliyi etmək hüququ qazananda İlham Əliyevin hökuməti qazla zəngin ölkənin çiçəklənən iqtisadiyyatını sərgilmək şansı qazandı.
Fəallar düşünürdü ki, belə yüksək əhəmiyyətli tədbir avtoritar rejimə insan haqlarının vəziyyətini düzəltməsi üçün təzyiq ola bilər. Ancaq indi insan haqları qrupları bildirir ki, vəziyyət əslində daha da pisləşib.
“Human Rights Watch” ötən ay paytaxt Bakının “gözəlləşdirilməsi” planına görə minlərlə insanın evindən, bəzən məhkəmə qərarları pozularaq güclə çıxarılması barədə təfərrüatlı hesabat açıqlayıb.
Aqil Quliyev 5 küçəsinin sakinlərinin başına gələnlər bir misaldır. “Bakı Kristal Zalı”na baxan 9 mərtəbəli binada yaşayan sakinlərin çoxu qısa müddətli xəbərdarlıqla və tam təzminat ödənilmədən evlərini tərk etməyə məcbur ediliblər. Evlərini tərk etməyənlərin isə elektriki və qazı kəsilib. Bina müsabiqəyə gələnlərin qalması üçün nəzərdə tutulan “istirahət zonası”nın tikintisinə görə dağıdılır.

Əliyev hökuməti binaların dağıdılmasının “Eurovision” müsabiqəsilə əlaqəsi olmadığını deyir və iddia edir ki, bunlar ölkə ötən il yarışmada qələbə qazanandan əvvəl planlaşdırılmışdı. Ancaq insanların güclə evlərindən çıxarılması Azərbaycanda böyük problem olan insan haqları vəziyyətinin sadəcə kiçik bir parçasıdır.
2003-cü ildə atası Heydər Əliyevin vəfatından sonra prezident olan Əliyev özü ilə getdikcə güclənən avtoritar tədbirlər gətirdi. Ölkənin çiçəklənən neft və qaz sektorunun milyardları ilə qorunan İlham Əliyev hələ ki, ədalətli seçkilərdə qazanmayıb və müxalif səsləri boğub.

“Ərəb baharı” üsyanlarından ruhlanan müxalifətin ötən ilin mart ayında Bakı və digər şəhərlərdə keçirdiyi nümayişlər korrupsiyaya, tanışlığa görə vəzifələrə təyinatlara və demokratik proseslərin yoxluğuna etiraz edirdi. Onlarla iştirakçı, o cümlədən müxalifətçi siyasətçilər, jurnalist və bloqçular saxlandı, həbsə atıldı. İnsan haqları qrupları deyir ki, Azərbaycan məhbəslərində 60-dan artıq insan siyasi məhbusdur. Bəziləri “Eurovision” müsabiqəsinin boykot olunmasına çağırsa da, heç də bütün fəallar belə düşünmür. Əksinə, çoxları ümid edir ki, belə bir beynəlxalq tədbirə ev sahibliyi etdiyi üçün ölkə haqqında mediada yazılanlar onun problemlərinə işıq salacaq.

“Mən düşünmürəm ki, boykot çox işə yarayacaq. Əksinə, biz istəyirik ki, jurnalistlər, siyasətçilər və nümayəndə heyətlərinə daxil olanlar ölkəmizdə baş verənləri görsün”,- tanınmış insan haqları fəalı Rəsul Cəfərov deyir. Digərləri isə düşünür ki, “Eurovision” daha kəskin xətt götürməlidir. “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının nümayəndəsi Raçel Denber Avropa Teleradio Yayım Birliyini (EBU) Azərbaycan hakimiyyətindən insanların mülkiyyətini zəbt etməyə son qoymasını tələb etməyə çağırıb. EBU isə dəfələrlə bəyan edib ki, Eurovision qeyri-siyasi tədbirdir.

İnformasiya şöbəsi