Ərdoğan Tehran rejimini yola gətirməyə çalışır

Türkiyənin baş naziri Irana səfəri zamanı nüvə probleminin həllində konkret addımlar atılmasını tələb edəcək

Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Tehran rejimi nüvə silahı əldə etmək niyyətindən geri addım atmaq fikrində deyil. Bu isə Qərbin Irana qarşı hərbi müdaxilə variantının gündəmdə qalmasına səbəb olur. Bölgənin aparıcı dövləti sayılan Türkiyə isə problemin dinc yolla həllinə çalışır. Baş nazir Rəcəb Tayyib Ərdoğan Irana səfər edəcəyini və yüksək səviyyəli rəsmilərlə görüşəcəyini bildirib. Hökumət başçısı deyib ki, səfərinin əsas məqsədi nüvə proqramıyla bağlı yaranmış gərginliyin aradan qaldırılması istiqamətində konkret nəticələr əldə etməkdir.
Iranın xarici işlər naziri Əli Əkbər Salehi isə Israilin Iranla müharibədə yalnız 1 həftə duruş gətirə biləcəyini söyləyib. Onun sözlərinə görə, Israil hücum edəcəyi təqdirdə, Iran bütün gücü ilə cavab verəcək: “Israilin Iranın nüvə obyektlərinə hücumu bu ölkənin bir həftə içərisində məhv olması ilə nəticələnər. Çünki Israil həqiqi döyüşdə bir həftə davam gətirə bilməyəcək qədər kiçikdir. Ona görə də israillilər belə bir səhvin onların özlərinin sonu olacağını çox yaxşı bilirlər”.
Tehran rejiminə qarşı hərbi müdaxiləni gündəmə gətirən Israil Qərb ölkələrindən dəstək gözləsə də, hələ ki, buna nail ola bilmir. Israilin yaxın müttəfiqi ABŞ bir müddət əvvəl bildirmişdi ki, indiki məqamda Irana hərbi müdaxilə doğru deyil. Böyük Britaniya da Israilin Irana hərbi müdaxiləsini dəstəkləmədiklərini açıqlayıb. Baş nazir Devid Kameron deyib ki, Böyük Britaniya Israillə dostdur. Lakin hazırkı vəziyyətdə Israil Irana hücum etməkdən çəkinməlidir.

Informasiya şöbəsi