İstintaq Rauf Həbibovun çıxışını kimin çəkib yaydığını öyrənməyə çalışır
Martın 1-də Qubada baş verən kütləvi etiraz aksiyalarına görə jurnalistlərin həbs olunmasının səbəbləri barədə maraqlı məlumatlar əldə etmişik.
Xatırladaq ki, martın 14-də daha Vətəndaş Cəmiyyətinin Inkişafı Birliyinin rəhbəri, həmçinin “Poliqon” agentliyinin bölgə müxbiri Cəmil Məmmədli, yerli “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, reklam işləri üzrə redaktor Zaur Mustafayev həbs edilərək Bakıya gətiriliblər. Jurnalistlərin saxlanması və saxlanma səbəbləri ilə bağlı hüquq- mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb. Hətta jurnalistlərin hansı qisimdə saxlanması və ya onlara qarşı hansı maddələrlə ittiham irəli sürülməsi barədə məlumat verilmir.
Dünən əldə etdiyimiz məlumata görə, yerli jurnalistlərin saxlanmasının səbəbi devrilmiş icra başçısı Rauf Həbibovun məlum çıxışının videoyazısı ilə bağlıdır. Istintaq çıxışın kimlər tərəfindən lentə alındığını və ictimailəşdirildiyini öyrənməyə çalışır. Həmçinin bu hadisələrin məmurlardan birinin üzərinə yıxmağa çalışılır. Bildirilir ki, istintaq videonun sifarişlə çəkildiyi və yayıldığı barədə ifadələr toplamağa çalışır. Bu mərhələ başa çatandan sonra sifarişçinin kim olması üzərində iş aparılacaq. Bundan sonra Quba hadisələrinin hakimiyyətdə hansısa məmurun maraqları üzündən baş verdiyi bəyan ediləcək.
«Sərhədsiz reportyorlar» jurnalistlərin həbsini pislədi
Bu arada “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı bəyanat yayaraq, qubalı jurnalistlərin həbsini pisləyib. “Bu həbslər hakimiyyət orqanlarının Quba hadisələri ilə bağlı çaşqınlığını nümayiş etdirir. Mövcud informasiyaya görə, hakimiyyət Internetdə yerləşdirilən və yerli əhalinin qəzəbinə səbəb olan videonun mənbəyini axtarmaqda davam edir. Lakin hakimiyyət KIV işçilərinin ifadə və məlumat ötürmə azadlığına hörmət etməli və bu halda onları qapazaltı etməməlidir. Belə həbslərin hüquqi əsası yoxdur və biz bütün bu jurnalistlərin mümkün qədər tez bir zamanda azadlığa buraxılmasını xahiş edirik”, – deyə təşkilatın bəyanatında bildirilir.