İmişlidə aclıq aksiyası dayandı, Sabirabadda başladı

Mart ayının 10-dan Imişlidə başlayan aclıq aksiyası bir həftə sonra martın 16-da axşam saatlarında müvəqqəti olaraq dayandırılıb. Aksiyanın keçirilməsinə səbəb 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının təsirinə məruz qalmış sakinlərin problemlərinin bu günə qədər həll olunmaması, onlara dövlət yardımının göstərilməməsi, qəzalı vəziyyətə düşmüş evlərinin tikilməməsi olub.
Aksiyanın dayandırılması Imişlidə səfərdə olan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin onlarla növbəti görüşündən sonra baş tutub. Aksiyaçılar hökumətə may ayının 10-a qədər vaxt verərək təcili və təsirli tədbirlər görməyi tələb ediblər. Xatırladaq ki, aksiyanın gedişində Imişli RIH-in rəhbərliyi aksiya iştirakçıları ilə görüşüb, onların problemlərini dinləyib və aksiyanın dayandırılmasını xahiş ediblər. Rayon səhiyyə şöbəsinin əməkdaşları aksiyaçıları qeydiyyata alaraq vaxtaşırı onları həkim müayinəsindən keçiriblər. Aksiya keçirənlərdən Elman Şahbazovun və Əjdər Hümbətovun, eləcə də Yadigar Cəfərovun səhhəti son günlər daha da pisləşib. Hətta 1-ci qrup Qarabağ müharibə veteranı E.Şahbazovun sinir problemləri yaranaraq nitqində qüsurlar əmələ gəlib. Hazırda o, həkim nəzarəti altındadır.
Imişlidə aksiya dayandırılsa da Sabirabadda aclıq aksiyası başlayıb. Rayonun Cavad kənd sakini Süleyman Ağammədov aclıq aksiyası ilə bağlı Sabirabad Rayon Icra Hakimiyyətinə və Sabirabad Rayon Mərkəzi xəstəxanasına müraciət edib. Ancaq onun müraciətləri bu günə qədər cavabsız qalıb: “Aclıq aksiyasını keçirməkdə məqsədim sosial problemlərdir. Özümə iş tapa bilmirəm. Ümidvaram ki, mənə bu aksiyada qoşulanlar olacaq”.
Mövzunu diqqətdə saxlayacağıq. Bia.az-ın xüsusi müxbiri sabah Sabirabada gedərək aksiya iştirakçıları ilə görüşəcək.

Ramin DEKO