Gənclər sözünü dedi – mitinq uğurla baş tutdu

Bakının ucqarında, soyuq havada böyük coşğu (VİDEO/FOTO)

Bu, bir başlanğıcdır, mitinqlər davam edəcək…

Gənclərin dünənki aksiyasının başlanmasına dəqiqələr qalırdı ki, göydən qar tökdü. Ancaq qar-qış kimi, gənclər də inadkar idi – “facebook”da “bütün çətinliklərə baxmayaraq, aksiyaya qatılacağıq” yazırdılar. Sonda o yazıların arxasında iradə dayandığı da üzə çıxdı…

Şüarlar

Mitinqin keçirildiyi əraziyə – “20-ci sahə”dəki meydana gənclər dəstələrlə, “Azadlıq!”, “Istefa!” şüarları səsləndirərək toplaşırdılar. Aksiyanı əcnəbi jurnalistlər, həmçinin beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də izləyirdi.
Aksiya yaxşı təşkil olunmuşdu. Mitinqə gələnlərin hərəkətini nizamlayan, jurnalistlər üçün uyğun şərait yaradan ayrı-ayrı fərdlər müəyyənləşdirilmişdi. Tribunada səsgücləndiricilər qaydasındaydı. Ən diqqətçəkən məqamlardan biri hazırlanan plakatların, şüarların rəngarəngliyi idi – “Qalx ayağa Azərbaycan, ümidlərimin üstündə oturmusan!”, “Siyasi məhbuslara azadlıq!”, “Analoqlu təhsil istəyirik!”, “YAP-sız həyat istəyirik!”, “Bizə ”Eurovision” yox, Qarabağ lazımdır!” və s.

Yüksək ovqat

Mitinqi VHP-çi gənc Samir Əsədli aparırdı. Aksiya himnin oxunması və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıyla başladı. Aksiyaya müxtəlif gənclər təşkilatları ilə yanaşı, şəhid ailələrinin üzvləri də gəlmişdilər. Ilk andan sona qədər aksiya gənclərin yüksək ovqatı ilə müşayiət olundu. Bütün çıxışlara, “Azadlıq!”, “Qarabağ!” şüarları ilə qarşılıq verilirdi.

Qabiliyyətsiz hakimiyyət

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxışında bildirdi ki, hazırkı meydan aksiyalar üçün münasib yer deyil. Ona görə də çıxışında hakimiyyətdən paytaxtın mərkəzi meydanlarında aksiyalar üçün yer ayrılmasını tələb etdi.
Soltanlı korrupsiya ilə yalançı mübarizəyə, Qarabağ uğrunda heç bir əməli addım atılmamasına, siyasi məhbusların azad olunmamasına görə hakimiyyəti tənqid etdi. Dedi ki, hazırkı hakimiyyət ölkənin heç bir köklü problemini həll etməyə qadir deyil.

Hədə-qorxu

Səxavət Soltanlı çıxışını bitirdikdən sonra polislər onu çağıraraq xəbərdarlıq etdilər, hədə-qorxu gəldilər ki, əgər razılaşdırılmamış şüarlar səsləndirilsə, aksiyaya problem yaradılacaq.

Qorxaq və xəsis hakimiyyət…

Növbəti çıxışçı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı oldu. O, bu aksiyanın sıradan bir mitinq olmadığını deyərək, onu “gəncliyin özünəinamının, özünütəsdiqinin əlaməti” adlandırdı. Əbülfəz Qurbanlı “Bibiheybət”dəki aksiyanın hələ sərbəst toplaşmaq azadlıqlarının təmin edildiyinə əsas olmadığını vurğulayaraq dedi ki, bu azadlığın tam təmin olunması üçün çalışacaqlar: “Qorxaq və xəsis hakimiyyətdən öz haqqımızı alacağıq”.

2 milyonluq hədəf

Ölkədəki gənclər siyasətinə toxunan natiq bildirdi ki, gənclərin əksəriyyəti işsizlik və keyfiyyətsiz təhsildən əziyyət çəkir. Dövlət başçısı isə gənclərin problemlərini həll etmək əvəzinə, formal “inkişaf proqramları” qəbul etməklə baş qatır. Ə.Qurbanlı Azərbaycan gəncliyinin hazırda ölkədəki ədalətsizliyə və haqsızlıqlara qarşı birlik nümayiş etdirməsindən də danışdı. O, 17 mart mitinqinin bir başlanğıc olduğunu deyərək, qarşıdakı hədəfləri açıqladı: “Bizim qarşımızda çox böyük vəzifələr durur. 17 mart sadəcə bir başlanğıcdır. Amalımız 2 milyondan çox gənci ölkəmizin azadlığı və demokratikləşməsi uğrunda mübarizəyə cəlb etmək olmalıdır”.

“Dur!”

“Respublikaçı Alternativ” (REAL) Vətəndaş Hərəkatının nümayəndəsi Natiq Cəfərli ölkədə vətəndaşların pozulan hüquqlarını sadalayaraq, hakimiyyətin bütün bu özbaşınalıqlarına “dur!” deməyin vaxtı çatdığını vurğuladı, gəncləri mübarizəyə səslədi.

Işıqkəsənlər

Saat 15:40 radələrində meydana verilən işıq kəsildi və gənclər çıxışlarını davam etdirmək üçün generatordan istifadə etməli oldular.

Gəncliyin səsi və tələbi

Xanım Yadigarlı (“Dalğa”), Məcid Mərcanlı (“Azad Gənclik”), Üzeyir Məmmədli (NIDA), Rəşad Həsənov (“Müsbət dəyişikliklər”), Emil Bağırov (VHP) da çıxışlarında gənclərin pozulan hüquqlarından, Qarabağ probleminin həllinin dalana dirənməsindən, işsizlikdən, təhsilin və səhiyyənin bərbad durumundan danışdılar. Çıxışlarda ölkədə dəyişiklik istəyən gəncliyin formalaşdığı və onunla hesablaşmağın vacibliyi də qeyd olundu.

Qətnamə

Sonda mitinqin qətnaməsi oxundu. Qətnamədə siyasi məhbusların dərhal azad olunması, təhsildə rüşvətin ləvği və tələbələrin siyasi baxışlarına görə təqib olunmasının dayandırılması, kütləvi aksiyalara qoyulan qadağaların aradan qaldırılması kimi tələblər öz əksini tapmışdı.
Bununla da mitinqin rəsmi hissəsi yekunlaşdı. Bundan sonra gənclərdən ibarət “Bulistan” rok qrupu musiqi ifa etdi. Roker Camal Əlinin diktatora xitabən oxuduğu “Rədd ol!”un  mətnində bəzi qeyri-etik ifadələrin olması qarışıqlıq yaratdı. Aksiyaçılardan bəziləri ona irad bildirdilər. Daha sonra meydandan kimliyi dəqiq bilinməyən bir neçə şəxs rokçuya hücum çəkdi. Yaxınlıqdakı polis olaya müdaxilə etdi. Amma polis aranı sakitləşdirmək əvəzinə Camalı, “Bulistan”dan Natiq Kamilovu və “NIDA” Vətəndaş Hərəkatının üzvü, bloger Etibar Salmanlını döyərək ərazidən uzaqlaşdırdı. Rok qrupunun üzvləri Camal Əli, Natiq Kamilov, eləcə də Etibar Salmanlı 8-ci polis bölməsinə aparıldılar.
Dünən axşam saatlarında vəkil Anar Qasımov məlumat verdi ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə gənclər xırda xuliqanlıqda günahlandırılaraq, Camal Əliyə 10, Natiq Kamilova 6, Etibar Salmanlıya isə 5 sutka inzibati həbs cəzası verilib.
O da bəlli olub ki, polislər saxlanılan gənclərə işgəncə veriblər.

Dünən gənclərin aksiyasının monitorinqini həyata keçirən Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) rəyini açıqlayıb. SAMA mitinq keçirilən ərazinin şəhərin mərkəzindən kənarda olmasını, ora ictimai nəqliyyatın getməməsini və əraziyə gedən yolun yararsız olmasını sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir. Təşkilat bildirir ki, mitinq keçirilən əraziyə verilən elektrik enerjisinin kəsilməsi aksiyadakı çıxışlarla bağlı ola bilər və hakimiyyət növbəti mitinqlərdə belə məsələlərin təkrarlanmamasına çalışmalıdır.
SAMA təəssüflə bildirir ki, polis musiqiçilərə qarşı zor tətbiq etməməliydi, onlarla profilaktik söhbət aparılmalıydı

 

 

Natiq