İranla Azərbaycan arasında əsəb müharibəsi

«Yaxın perspektivdə Azərbaycan-Iran münasibətlərində gərginlik dada da artacaq»

Sülhəddin Əkbər: “Tehran üçün qərar vermək getdikcə çətinləşir”

Azərbaycan-Iran münasibətlərindəki gərginlik səngimək bilmir. Qarşılıqlı ittihamlar, həmçinin casus şəbəkələrinin ifşa olunması bu gərginliyi daha da dərinləşdirir. Bu arada Israilin “Ynet” informasiya agentliyi ölkəmizdə Iranın casus şəbəkəsinin ifşa olunmasında MOSSAD-ın dəstəyinin olduğu barədə məlumat yayıb. Məlumata əsasən, Azərbaycan xüsusi xidmət orqanları bu şəbəkənin izinə Israil və Qərb ölkələrinin məxfi xidmətlərinin ötürdüyü əməliyyat məlumatları sayəsində düşüb. Maraqlıdır ki, şəbəkənin ifşasına dair məlumatlar müdafiə naziri Səfər Əbiyevin Irana səfəri və orda gərginliyi yumşaltmağa yönələn bəyanatlarından sonra yayıldı. Bu arada Rusiyanın “Kommersant” qəzeti də Iranla Azərbaycan arasında diplomatik münasibətlərin kəsilə biləcəyini yazır. Iki ölkə arasında münasibətlərdə gərginliyin bu həddə çatması nədən xəbər verir?

Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, rəsmi şəxslərin Irana səfəri münasibətləri yumşaltmır və iki ölkə arasında ciddi problemlər qalmaqdadır. Yaxın perspektivdə də Azərbaycan-Iran münasibətlərində gərginlik artan xətlə davam edəcək. Çünki Iran ətrafında hərbi-siyasi vəziyyətin kəskinləşməsi istər-istəməz Iran-Azərbaycan münasibətlərinə də təsir göstərəcək: “Bir tərəfdən Azərbaycanın Irana tətbiq olunan sanksiyalar rejiminə əməl etməsi, digər tərəfdən bu sanksiyaların getdikcə sərtləşməsi, Azərbaycan-Israil münasibətlərinin hərbi müstəvidə inkişafı, ölkəmizin ABŞ, NATO ilə əlaqələrini yaxşılaşdırması bu münasibətlərə öz mənfi təsirini göstərir”.
Ekspert Iranın atdığı addımların da bu gərginliyi artırdığını deyir: “Iranın Ermənistanla münasibətləri inkişaf, öz nüvə proqramını davam etdirməsi, beynəlxalq birliyin çağırışlarına məhəl qoymaması da Azərbaycan-Iran münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Qarşılıqlı ittihamlar, həbslər, bəyanatlar da bu gərginliyin getdikcə artmasının əlamətləridir”.
Iranın çətin vəziyyətdə olduğunu deyən ekspert onun qonşu ölkələrə olan ehtiyacının artdığını da vurğuladı: “Getdikcə sanksiyalar Iranın sosial-iqtisadi vəziyyətini gərginləşdirir. Bir müddətdən sonra ictimai-siyasi durumda da bu özünü göstərəcək. Bu səbəbdən onun qonşu ölkələrə, o cümlədən Azərbaycana ehtiyacı artır. Ona görə Iran Azərbaycanla münasibətlərdə çətin dövrünü yaşayır. Indiki halda Tehran üçün qərar vermək getdikcə çətinləşir”.
Ekspertin fikrincə, Iranın hansı qərarlar verməsi onun siyasi, hərbi, dini isteblişmentinin əsəb vəziyyəti ilə də bağlı olacaq. Çünki getdikcə Iran rəhbərliyinin əsəblərinin tarıma çəkildiyi hiss olunur. Bu da yaxın perspektivdə Azərbaycan-Iran münasibətlərinin gərginləşəcəyindən xəbər verir.

Fizzə