QHT Şurası növbəti qrantı pay-püşk etdi

1 milyon 656 min 700 manat büdcə vəsaitinə deputatlar da şərik çıxdı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün birinci maliyyə yardımı müsabiqəsi nəticələrini müəyyənləşdirib. “Media forum” saytının yaydığı məlumata görə, maliyyə yardımı müsabiqəsinə ümumilikdə 541 QHT-dən layihə təklifi daxil olub. Onlardan 73-nün texniki sənədləşməsi şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən kənarlaşdırılıb, 468 layihə təklifi ekspertizaya göndərilib.
“Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında katibliyin hazırladığı arayışları nəzərə alaraq, 265 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Şura müraciətlərin çoxluğunu nəzərə alaraq, 2012-ci ilin birinci maliyyə yardımı müsabiqəsi üçün ayrılan 1 milyon 100 min manat vəsaitə ikinci maliyyə yardımı müsabiqəsinin fondundan 556 min 700 manat maliyyə vəsaiti əlavə etmək haqda qərar qəbul edib. Beləliklə, bu müsabiqədə dəstəklənmiş 265 layihəyə ümumilikdə 1 milyon 656 min 700 manat vəsait ayrılıb”.
Layihələrin icra vəziyyətinə Şura necə nəzarət edib və hansı mənfilikləri ortaya çıxarıb? Mətbuatda bununla bağlı hər hansı informasiyaya rast gəlmədim. Şuranın www.cssn.gov.az saytına baş vursam da burda da layihələrin icrasındakı pozuntularla bağlı heç nə tapa bilmədim. Bununla bağlı Şuranın ictimaiyyətə məlumat verməsi, konkret hansı təşkilatları cəzalandırmasını bildirməsi həm də şəffaflıq baxımından əhəmiyyətlidir. Yəqin iradı nəzərə alarlar.
Layihələri maliyyələşdirilən təşkilatların (265) siyahısına baxanda bir sıra diqqətçəkən məqamla qarşılaşdım. Siyahı, demək olar, ənənəvidir, yəni hər il qrant alanlardır. Budəfəki siyahıda deputatların fəallığı, vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək istəyi açığı qəlbimi qürur hissi ilə doldurdu. Ağır deputatlıq fəaliyyəti onları bir an da olsa xalqın dərdindən yayındıra bilməyib. Bir daha buna əmin oldum.
Deputatların ictimai birlikləri

Məlahət Ibrahimqızı “Insan hekayələri – Qarabağlı uşaqların söylədikləri” layihəsinə 7 min manat alıb. Dəsmal çıxarıb ağlamağım gəldi. O uşaqların dərdlərini, hekayələrini dinləmək deputatı dəhşətli dərəcədə üzəcək. Allah özü köməyimiz olsun.
Rəbiyyət Aslanova parlamentin insan hüquqları komitəsinin sədri olaraq indi turizmə meyl göstərir. “Şahdağ ekoturizm məktəbinin yaradılması və inkişaf etdirilməsi” üçün alınmış 7,5 min manat inanıram ki, Rəbiyyət xanımın diqqətini Azərbaycanda insan hüquqlarının durumuna nəzarətdən bir an da olsa yayındırmayacaq. O, yenə əvvəlki kimi bu sahəyə öz töhfələrini verəcək.
Ağdaşlı Çingiz Qənizadə Imişli camaatının vəkili olaraq “Demokratik cəmiyyətdə insan hüquq və azadlıqları haqqında maarifləndirmə tədbirləri” layihəsi üçün aldığı 7,5 min manatı nəyə xərcləyəcək, açığı bilmədim. Axı onun ardıcıl mübarizəsi hələ nəticə verməyib, Azərbaycanda demokratik cəmiyyət qurulmayıb. Qurulmayan cəmiyyətdə insan hüquq və azadlıqlarından nə danışmaq olar? Həm də o halda ki, adama mandat verəndə onun danışmaq hüququnu əlindən alırlar.
Deputat Əli Məsimli “Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi: beynəlxalq təcrübə və Azərbaycan” adlı layihə keçirib 7 min manat alıb. Bu layihənin icrasında da problemi indidən görürəm. Korrupsiyaya qarşı mübarizənin başında bizdə Ramiz Mehdiyev dayanır. O, həm də kimin deputat seçilməsini müəyyənləşdirir. Indi kimsə çıxıb korrupsiyaya qarşı ondan yaxşı mübarizə aparacağını deyirsə, məəttəl qalınası işdir.
Deputat Gülər Əhmədovanın uşaqlara sevgisi tükənməzdir. Onun Əvəz Zeynallının uşaqlarını da hansı məhəbbətlə sevdiyindən danışmağı artıq sayıram. “Dünya uşaqların gözü ilə” uşaqlar arasında bilik və rəsm yarışmalarının təşkili” layihəsinin uğurunu indidən görürəm. Amma o yarışmaya Əvəzin uşaqlarının da qatılmasını və onların gözündə Gülər Əhmədovanın necə görünməsinin layihə çərçivəsində sərgilənməsini çox istəyirəm.
Iqtisadçı-deputat Ziyad Səmədzadə vəkillik fəaliyyəti ilə yanaşı QHT Şurasının layihələrinə də həmişə vaxt ayırır. “Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş məhsulların tənzimlənməsi sisteminin formalaşdırılması ilə bağlı təşəbbüslərin irəli sürülməsi” layihəsinin adı çox uzun olsa da, başlıcası problemi həll etmək istəyidir. 7 min manat bu istəyin gerçəkləşməsi üçün az məbləğ olsa da, Ziyad müəllim yükün altına mərdliklə çiynini verib. Yalnız alqışlamaq olar.
Deputat Sabir Rüstəmxanlı həmişəki kimi dilimizin inkişafının qayğısına qalır. “Dil mədəniyyətinin təbii inkişafına dəstək” layihəsində məni yandıran məbləğin azlığıdır – 6,5 min manat. Başqa layihələrə həvəslə 7-8 min manat ayıranlar burda xəsislik ediblər. Bəlkə də “təbii inkişafa” dəstəyi vacib saymadıqlarından belə ediblər. Kim bilir…
Deputat, daha çox “univermaq Ərəstun” kimi tanınan Ərəstun Cavadov bu müsabiqədə həyat yoldaşı Əsmayə Cavadovanın adına “”Qadınlar üçün sosial dəstək mərkəzi”nin yaradılması, qadınların maraq üzrə peşəyönümlü, əmək və yaradıcılıq imkanlarının artırılması” layihəsinə 7 min manat Azay Quliyevdən alıb. Cəmiyyətin təəssübünü ailəlikcə çəkmək, xalqın problemlərilə yaşamaq, nəfəs almaq hər kəsə nəsib olmur. Xeyirli olsun!
Yeri gəlmişkən, Azay müəllimin hansı basqılar altında olduğunu yaxşı anlayıram və belə bir vəzifəni heç kimə arzulamıram.
Bir maraqlı məqam da Şuraya bağlı adamların qrant almasıdır. Görəsən, obyektivlik itməyib ki? Şura üzvü Sahib Məmmədov 7,5 min manatı “Cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi və digər yardımların göstərilməsi” layihəsinə alıb. Hüquqini başa düşdük, “digər yardımlar”ın nə olduğu qaranlıqdır. Məhkumlara ətdən-yağdan alıb aparacaqsa, Allah köməyi olsun, savab işdir.
Bütün Şuralara (KIV DF və QHT) bağlı Əli Həsənov da payını götürüb. Asəf Hacıyevin adına. Intellektual şəkildə. “Intellekt” Araşdırmalar Mərkəzi Ictimai Birliyi “Bələdiyyələrdə korrupsiya hallarına qarşı mübarizədə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi üçün 8 min manat alıb. Sonra da deyirlər ki, korrupsiya ilə mübarizə yuxarılardan başlamalıdır. Bu da nümunə.
“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi Ictimai Birliyinə də Asəf Hacıyev rəhbərlik edir və o, “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin dəstəklənməsi” layihəsi üçün də 8 min manat götürüb. Geosiyasi Araşdırmalar Mərkəzinin bu sahədə özünü sınaması uşaqlara məhəbbətin sonsuz olmasının ifadəsidir. Eşq olsun Əli müəllimə!
Daha bir maraqlı layihə jurnalistlərin həmkarlığı missiyasını üzərinə götürüb uğurla icra edən Müşfiq Ələsgərlidən gəlib. “Azərbaycanın cənub bölgəsində müasir ailə prinsiplərinin təbliğinə yardım” layihəsi kimi böyük bir ideyaya cəmi 7 min manat ayrılmasına xeyli təəssüfləndim. Heyif! Məbləğ böyük olsaydı, çox işlər görmək olardı. Ən azı bu zonadan Rusiya çöllərinə səpələnmiş kişiləri, respublikanın müxtəlif bölgələrinə, həmçinin Bakıda qadınların qul bazarında iş axtaran cənublu xanımları geri qaytarıb “uğur hekayələri” yaratmaq olardı…
Parlamentin “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin sədri Əli Hüseynlinin çox zəhmət tələb edən bu işindən vaxt tapıb layihə yazmasını görəndə sevincimdən atılıb-düşdüm. “femida.az hüquq-informasiya portalının yaradılması” layihəsinin dövlət quruculuğumuza və hüquq siyasətimizə hansı töhfələr verəcəyini kiməsə izah etməyə ehtiyac yoxdur. Çox vaxtında ortaya atılan ideyadır. Xeyirli olsun!
Sonda bir məqama da diqqət yetirək. Şura ikinci maliyyə yardımı müsabiqəsinin fondundan 556 min 700 manatı bu dəfə xərcləyib. Niyə? Niyəsinə aydınlıq gətirməyə çalışarıq. Amma bu yazıda yox…
Bu yazıda ola bilsin bütün deputatları və onların nəzarətində olan QHT-ləri saf-çürük etmədik. Inciməsinlər, buna hələ vaxtımız var. Layihələr yenicə başlayır. Sağlıq olsun.