Məhbus valideynləri mitinqə çağırış etdi

«Haqqının tapdanmasına, səsinin boğulmasına laqeyd qalma!»

“Gənclərin bugünkü mitinqi siyasi məhbus problemini, Qarabağ problemini, Azərbaycan insanını narahat edən, onun etirazına səbəb olan məsələləri qaldırmaq üçün bir fürsətdir. Biz də məhbus ailələri olaraq bu aksiyaya dəstək verir, haqqının tapdanmasına, səsinin boğulmasına, gələcəyinə laqeyd qalmayan bütün gəncləri meydana səsləyirik”.
 Bunu, Siyasi Məhbus Ailələri Komitəsinin sədri, gənc vicdan məhbusu Elnur Məcidlinin atası Arzuman Məcidli deyir. Onun sözlərinə görə, bu, Azərbaycanın demokratikləşməsi yolunda keçirilən ən vacib aksiyalardandır: “Bu mitinqdən çox şey asılıdır. Çünki ötən aksiyalardan fərqli olaraq bu dəfə mitinqə rəsmi icazə verilib. Bu isə o deməkdir ki, gənclər öz tələblərini, öz etirazlarını rahat şəkildə ifadə edəcək, ən azı ürəklərində yığılıb-qalmış sözlərini cəmiyyətə və hakimiyyətə çatdıracaqlar. Ona görə də, mən azad və demokratik düşüncəli gənclərimizi, cəmiyyətin demokratik kəsimini, ölkədə baş alıb gedən haqsızlığa göz yummaq istəməyən bütün vətəndaşlarımızı bu aksiyada iştiraka çağırıram. Bu hakimiyyətin yanlış, repressiv siyasəti, azad sözü, azad düşüncəni, fərqli fikirləri boğması cəmiyyətin hər bir kəsiminə bu və ya başqa formada təsir edir. Bu qədər haqsızlığa qarşı susmaq olmaz. Gənclər dünyanın hər yerində etirazların önündə gediblər. Biz Azərbaycanda da bu cür mübariz gənclərin çox olduğuna əminik”.
Mitinqi gənclərin təşkil etməsinə baxmayaraq, A.Məcidli həm özünün, həm digər siyasi məhbus valideynlərinin bu aksiyaya dəstək verəcəyini bildirir.