Maliyyə nazirindən şit mədhiyyə

«Əmanətlərin qaytarılması prezidentin vətəndaşlara hədiyyəsidir»

Rövşən Ağayev: «Xalqa hədiyyə etmək mənasında təbliğatın aparılması səhv yanaşmadır»

Keçmiş SSRI banklarından əmanətləri batan vətəndaşlarımızın məlum prezident fərmanıyla üzü güldü. Lakin az keçmədən açıqlanan məbləğ bu təbəssümü elə yerindəcə dondurdu. Sovet dövründəki mənzillər, maşınlar, yüksək səviyyəli həyat şəraitini özündə ehtiva edən həmin məbləğ hazırkı qəpik-quruşa bərabər hesablandı. Bir sözlə, indilikdə əmanətlərin  əhalinin razı qalmadığı formada qaytarılması nəzərdə tutulub. Buna rəğmən, maliyyə naziri Samir Şərifov əmanətlərin qaytarılmasını prezidentin öz vətəndaşlarına hədiyyəsi adlandırır.
Iqtisadçı-ekspert Rövşən Ağayevin qənaətincə, əmanətlərin bu formada qaytarılması olduqca ədalətsizdir. Ekspertə görə, insanların əziyyətlə, alın təriylə, zəhmətlə topladığı vəsaitlərin tamamilə ədalətsiz formada qaytarılması nəzərdə tutulur: “Vəsaitlərin hesablanmasındakı ədalətsizliyə diqqət etsək, 100 min rublu olan insana 5500 manat təklif edilir. Halbuki, 100 min rubla sovet dövründə şəhərin mərkəzində bir neçə mülk almaq olardı. Lakin 5500 manat mərkəzdə bir kv.m mənzilin kirayəsini, birotaqlı mənzilin pulunu da ödəmir. Hökumət bu məsələdə ”qızıl orta” nisbətini tapmalıydı. Insanların marağı nəzərə alınmalıydı. Pul əmlak, varidat deməkdir. Hökumət əhalinin sosial tələbatını öyrənərək addım atmaq, “qızıl orta” tapmaq əvəzinə, sanki əhaliyə minnət edir. Yəni əmanətlər qaytarılmaya da bilərdi, amma dövlət başçısı lütf edərək bunu öz vətəndaşlarına töhfə, hədiyyə edir. Əmanətlər ədalətli qaytarılsaydı da, bu cür təbliğatın aparılmasının əleyhinəyəm. Bu, xalqın puludur və xalqın batmış varidatının qaytarılması qeyd-şərtsiz olmalıdır”. R.Ağayev “Kapitalbank” özəlləşdiriləndən sonra onun öhdəliklərinin də dövlətin üzərinə düşdüyünü yada salaraq  əmanətlərin batmasında xalqın heç bir günahı olmadığını söylədi: “Xalqa hədiyyə etmək mənasında təbliğatın aparılması səhv yanaşmadır. Əksinə, həmin pulu bu vaxta qədər saxlamaqda, onu qaytarmamaqda hakimiyyətin günahı var”.

Nigar