t-de-vaal

Əliyev Qarabağın həllində maraqlı deyil

“İlham Əliyev yaxşı bilir ki, Qarabağ məsələsinə belə yanaşmasa hakimiyyətini itirə bilər”

Tomas de Vaal: “Belə bir yarızarafat fikir var ki, ölkə rəhbərləri ikisi bir otaqda qalanda həmişə masanın üstündə viski şüşəsi olur”

“Qarabağ münaqişəsinin həllində bu illər ərzində heç bir metr də olsun irəliləyiş olmayıb”. Bunu “Azadlıq” radiosunun “İşdən sonra” proqramında britaniyalı ekspert Tomas de Vaal deyib. Onun sözlərinə görə, münaqişənin həlli üçün demokratikləşmə əsas meyarlardan biri olsa da, hərdən bu proses uzun zaman ərzində başa gəlir.
Tomas de Vaal bildirib ki, adətən totalitar rejimlərdə avtoritar liderlər öz hakimiyyətlərinin sarsıdılmasından qorxduqları üçün münaqişələrin həlli ilə bağlı addımlar atmaqdan çəkinirlər. Ekspertin fikrincə, münaqişələr çox zaman hakimiyyətlərin əlində bir alətə çevrilir, Qarabağ münaqişəsi də bu qəbildəndir: “Qarabağ məsələsi bir siyasi alətdir. Bu alətdən həm hakimiyyət, həm də müxalifət istifadə edir. Əlbəttə, həmişə bu alətdən “bizi tənqid etməyin, bizim Qarabağ kimi konfliktimiz var” deyə istifadə edirlər. Həmçinin bu arqumentdən daxili siyasətdə də istifadə edirlər ki, prezidenti tənqid etmək olmaz, çünki biz müharibə şəraitində yaşayırıq. Amma onu da demək lazımdır ki, Mütəllibov, Elçibəy, eləcə də Ter-Petrosyan öz hakimiyyətlərini Qarabağ məsələsinə görə itiriblər. İlham Əliyev də yaxşı bilir ki, əgər Qarabağ məsələsinə belə yanaşmasa o da öz hakimiyyətini itirə bilər”.

Tomas de Vaalın qənaətincə, münaqişənin həllinə doğru ilk addım  hər iki tərəfin öz hərəkətlərini analiz edə bilməsindən sonra olacaq: “Bu  o zaman olacaq ki, hər iki tərəf baxsın və həqiqətləri görə bilsin. Erməni tərəf baxıb desin ki, biz Xocalıda insanları öldürmüşük və biz doğru addım atmamışıq. Azərbaycan tərəfi baxıb desin ki, biz Sumqayıtda erməniləri qətlə yetirmişik və bu, düzgün addım olmayıb. Nə zaman ki, cəmiyyətlər bunu deyəcəklər və bu addımları hansısa qrupların adına yazmayacaqlar, onda bu münaqişə sülhə doğru hərəkət edəcək”.
Ekspertin fikrincə, hazırda Qarabağ münaqişəsinin həllində sülh üçün perspektivlər çox azdır. O bildirib ki, indi faktiki olaraq danışıqlar dalana dirənib və tərəflərin mövqeyi bir-birindən olduqca uzaqdır.
Tomas de Vaal iki ölkə başçılarının Qarabağ münaqişəsi ilə bağlı apardığı danışıqlar barədə bir yarızarafat- yarıgerçək fikiri də diqqətə çatdırıb: “Bir amerikalı dostum mənə yarızarafat-yarıgerçək deyib ki, belə bir təəssürat var ki, həmsədrlər ölkə rəhbəri ilə danışandan və müəyyən razılığa gələndən sonra ölkə rəhbərləri ikisi bir otaqda qalanda həmişə masanın üstündə viski şüşəsi olur. Bundan sonra onlar razılığa gəlirlər ki, gəl heç nə etməyək, elə status-kvo qalsın. Bu, bir zarafatdır, təəssüratdır. Amma hər zarafatın içində bir az da gerçək var. Məsələ bundadır ki, hər iki lider dəqiq bilir ki, vəziyyət belə qaldıqca onların hakimiyyətlərinə heç bir zərbə yoxdur. Onlar yeni qeyri-müəyyən vəziyyətdən çəkinirlər. Vəziyyət dəyişərsə bu, onlara nə vəd edir, onu bilmirlər. Ona görə də heç bir qərar qəbul etmirlər”.