Əli Həsənovdan gənclərin aksiyasına cığal reaksiya

Dövlət rəsmisi iki minədək gəncin davamlı səsləndirdiyi şüarları yox, niyə ancaq söyüşü eşitdi?

Prezident Administrasiyasının Ictimai Siyasi şöbəsinin müdiri Əli Həsənov martın 17-də bir sıra gənclər təşkilatının birgə keçirdiyi aksiyaya münasibət bildirib.
Ə.Həsənov “Qafqazinfo”ya açıqlamasında bu aksiyanın keçirilməsini hakimiyyətin sərbəst toplaşmaq azadlığının təmin etməsi kimi dəyərləndirib: “Gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut edib.
Maraqlıdır ki, Ə.Həsənov iki minədək iştirakçının davamlı səsləndirdiyi şüarları bir kənara qoyub cəmi bir nəfərin işlətdiyi, elə aksiyaçıların özlərinin də qəbul etmədiyi qeyri-etik ifadəni əsas götürərək, adəti üzrə tədbirin haqlı tələblərinə qara rəng qatmağa çalışıb.
“Təəssüflə bildirmək istərdim ki, bu aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın da şahidi olduq. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz liderlərinin mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir”.ÿ
Əslində, Azərbaycanda normal bir hökumət, Əli Həsənov isə yerində olan məmur olsaydı, gənclərin aksiyasının qətnaməsində göstərilən məqamların araşdırılacağını söyləyərdi. Amma nə yazıq ki, bunların qulaqları bu dəfə də ancaq öz idarəçilik, mübarizə metodlarına xas sözləri eşitdi.
Ə.Həsənov açıqlamasının sonunu da gerçək dövlət adamı kimi yox, cılız siyasi ambisiyalara söykənən tərzdə yekunlaşdırıb: “Bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, ölkənin siyasi arenasında radikalizmə yer yoxdur”
Yenə məntiqsizlik ortadı. Əvvəla, aksiya siyasi partiyaların yox, gənclər təşkilatının üzvlərinin olub. Ikincisi, aksiyaya rəsmi razılığın tədbirə bir gün qalmışa qədər yubadılmasına, hava şəraitinin kifayət qədər pis, əraziyə nəqliyyatın hərəkətinin çətin olmasına baxmayaraq, iki minədək iştirakçı qatılıb. Üçüncüsü, YAP-ın aksiyasından fərqli olaraq, gənclər ora zorla gətirilməyib, onları zorla saxlamaq üçün xüsusi mühafizə qrupları gətirilməyib.
Nəhayət, Ə.Həsənovun arqumentinə ən tutarlı cavab bir neçə gün öncə prezident Ilham Əliyevin Cənub bölgəsinə səfəri zamanı verildi. Həmin rayonda Əliyevin 6 rayonu təmsil edən gənclərlə görüşünə cəmi 200-dək adam toplaşmışdı.
Ə.Həsənovun məntiqinə istinad etsək, hakim partiyanın siyasəti dünəndən rədd edilib.

Azad