Zəfər Quliyev: «Hakimiyyət bundan hansısa nəticə çıxarmasa, prezident seçkiləri ərəfəsində ölkədə ciddi proseslər başlaya bilər»
Amerikanın Karnegi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal Azərbaycan və regionla bağlı fikirlər səsləndirib. Ilham Əliyevin legitimliyinin neft-qaz gəlirlərinə söykəndiyini deyən ekspert ölkədəki sabitliyi də enerji amili ilə əlaqələndirib. Həmçinin “ərəb baharı” bütün avtoritar rejimlər üçün aktual olduğunu deyən de Vaal Ilham Əliyevə tövsiyələr də verib. Amerikalı ekspertin sözlərinə görə, Əliyev bu vəziyyətlə qarşılaşmaq istəmirsə, iqtisadiyyatı sözdə deyil, əməldə müxtəlifləşdirməli, islahatlar aparmalı, kadr siyasətini dəyişməli, siyasi partiyalarla real dialoqa başlamalı, bir sözlə, möhkəm vətəndaş cəmiyyəti yaratmalıdır.
Qeyd edək ki, Tomas de Vall Qarabağ həqiqətlərinin, Xocalıda baş verənlərin dünyaya çatdırılmasında böyük rol oynayıb. Bu səbəbdən də hakimiyyət təmsilçiləri onu Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham edə bilməz. Bu halda Amerikalı ekspert bu fikirləri səsləndirməklə nəyə işarə edir? Bunu hakimiyyətə ünvanlanmış növbət mesaj kimi qəbul etmək olarmı?
Son dövrdə bütün istiqamətlərdən artan xətlə hakimiyyətə mesajların ünvanladığını deyən politoloq Zəfər Quliyev bunu ilk növbədə iqtidara təsir etmək istəyi kimi qiymətləndirir. Çünki beynəlxalq aləm və Qərb ölkələrinin siyasi dairələri hələlik Azərbaycanda islahatlar imkanlarının tükənmədiyini düşünür. Hakimiyyətin islahatlar yoluna getmək və özünü bu yolla qorumaq şansları qalmaqdadır. Bu baxımdan de Vallın fikirlərində də xəbərdarlıq elementləri var: “Həm şəxsi görüşlərdə, həm də hakimiyyətə ünvanlanan bütün açıqlamalarda təxminən eyni fikirlər deyilir ki, inqilablardan qaçmağın yeganə yolu islahatlara başlamaqdan keçir. Ötən bir il ərzində Azərbaycanın daxilində gedən proseslər də göstərir ki, bu cür mesajlar həqiqətə uyğundur”.
Ekspertin sözlərinə görə, artıq hakimiyyətdə olanlar da deyilənlərin adi söz olmadığını anlayır. Xüsusilə Quba hadisələrindən sonra iqtidar dairələrində narahatçılıq artıb: “Dünya dəyişir. Regionda, dünyada, o cümlədən Azərbaycanın daxilində gedən proseslər göstərir ki, əvvəlki üsullarla, əvvəlki siyasətlə bu cəmiyyəti tam tabe vəziyyətdə saxlamaq düzgün deyil. Insanlar artıq bu cür siyasətə yox deməyə hazırdılar. Əhali arasında narazılıq artır. Gürcüstan prezidenti də təxminən o tipli fikirləri səsləndirdi ki, Azərbaycan da islahatlar yolu tutmalıdır, Qərbə inteqrasiya etməlidir və öz inkişafını dünyada gedən proseslərlə uzlaşdırmalıdır”.
Ekspert bu tip mesajların bundan sonra bir qədər də artacağını deyir. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir sınaq qarşısındadır, “Avroviziya” müsabiqəsini keçirməlidir. Bu sınaq ərəfəsində Azərbaycan hakimiyyətində daim bu cür xəbərdarlıqla dolu mesajlar göndəriləcək. Artıq daxildə bütün sahələrdə ciddi dəyişikliklər baş verməlidir.
Ekspertin sözlərinə görə, Azərbaycan hakimiyyətinin son vaxtlar apardığı siyasətdən bütün beynəlxalq strukturlar və Azərbaycanın müttəfiqi olan Qərb ölkələri də narazıdır. Dəfələrlə həm mətbuatda, həm təkbətək söhbətlərdə bu məsələ açıqlanıb. Ona görə də bu cür xəbərdarlıqlar hələ çox təkrarlanacaq. Hətta get-gedə daha sərt şəkildə, xəbərdarlıq formasında mesajlar veriləcək. Azərbaycan hakimiyyəti bundan hansısa nəticə çıxarmasa, əvvəlki kimi özünə arxayın şəkildə siyasətini davam etdirsə, prezident seçkiləri ərəfəsində ölkədə ciddi proseslər başlaya bilər.
Fizzə