Gənclərin 17 mart mitinqinin sonuna yaxın «Bulustan» qrupu mahnı ifa etdiyi zaman mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiyanın təşkilatçılarından olan AXCP fəalları buna etiraz ediblər. Bunun ardınca ifaçı söyüşü prezidentə ünvanlayıb. Nəticədə onların arasında yaranan mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.
Polis 4 nəfəri saxlayıb. Hələlik onlardan 3-nün kimliyi məlumdur – «Bulustan» qrupunun üzvləri Camal Əli,Natiq Kamilov və «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı.
“Azadlıq” radiosunun əməkdaşları həmin 4 nəfərdən 2-sini sonradan polis maşınında fiziki xəsarət almış şəkildə görüblər.
Saxlananlar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb.
Polis bölməsinə təcili tibbi yardım maşını çağırılıb. “Azadlıq” radiosunun müxbiri xəbər verir ki, gənclərin 2-si polis maşınına mindiriləndə, onları sifəti qan içində olub.
Gənclərin yanına heç kim buraxılmayıb. İşgəncələr Əleyhinə Komitənin nümayəndəsi də bölməyə buraxılmayıb.
Axşam saatlarında gənclər polis bölməsindən çıxarılıb. Saxlananlardan 2-si bir, digəri isə başqa maşına mindirilib. İlkin məlumatlara görə, onlar Səbail rayon Məhkəməsinə aparılıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Bu barədə “Azadlıq” radiosuna vəkil Anar Qasımlı məlumat verib.
Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunurlar.