“Əfvə düşdüyümü eşidəndə xeyli təəccübləndim”

Ruslan Bəşirli Azərbaycanda qalmaqda qərarlıdır
 
O, 6 il 7 aylıq həbsxana həyatından sonra nəhayət, azadlığa çıxdı. Ona verilən cəzanın bitməsinə isə çox qalmırdı, cəmi 5 ay… Söhbət “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlidən gedir. Onun həbsi kimi, azadlığa çıxması da ajiotajla müşahidə olundu. Yazdığı əfv ərizəsinin mətnində yer alan bəzi fikirlər Ruslanın yolunu gözləyən insanların bir çoxunda pərişanlıq yaratdı. Hamı “bu əfv ərizəsini yazacaqdısa, həbsindən bir müddət sonra bunu eləyib o vaxt niyə çıxmadı?” kimi suallarla yükləndi. Bu qəbildən olan ağır suallara növbəti yazılarımızda cavab verməyə çalışacağıq. Hələliksə, onun ilk təəssüratlarını oxucularımızla bölüşək.

6 il 7 ayda Ruslanda nələr dəyişib?

Baxmayaraq ki, o, həbsdə olduğu müddətdə müntəzəm idmanla məşğul olub, ancaq yenə də kökəlib.
Ruslan dəmir barmaqlıqlar arxasında dinlə də ciddi maraqlanıb. Indi özünü tam inanclı insan sayır; namaz qılır, oruc tutur.
Həbsdə olduğu müddətdə o, gələcəklə bağlı planlarını da dəyişib – siyasi proseslərdə iştirak etməməyə qərar verib.

Həbsdə nə edirdi?

“Idman edirdim, kitab oxuyurdum. Həbsxanadakı kitabxananın kitablarının hamısını oxumuşdum. Evdən də gətirirdilər. Çalışırdım hey oxuyum ki, cəmiyyətdən geri qalmayım. Sonuncu oxuduğum kitab isə Boris Yeltsin haqqında idi, bitirə bilmədim. Əfv çıxdı, qoydum orda qaldı…”.

Sadə xalq kimi…

“Nə bir il iki ay qaldığım Bayıl türməsində, nə də əfvə qədər olduğum 1 saylı müəssisədə dustaqlardan özümə qarşı heç bir neqativ hərəkət görmədim. Hamı hər şeyi yaxşı bilirdi. Məndən hesabat istəyən də yox idi. Dustaqlığımı isə sadə insanlar necə, mən də elə keçirdim”.

Gözləntisi…

“Məhkəmədən sonra düşünürdüm ki, çox qalmaram həbsdə. Hər dəfə bayram ərəfəsində – əfv adətən o vaxtlar verilir – vaxtından tez buraxılacağıma ümidim olurdu, amma qismət… Görünür, bu da mənim taleyim idi… 27 yaşımda idim, həbs olunanda, indi 34 yaşım var. Bu dəfə əfvə düşdüyümü eşidəndə xeyli təəccübləndim. Həbsxananın qapısından çölə çıxana qədər azad edildiyimi təsəvvür edə bilmirdim”.

Təşəkkür

“Mənə dəstək olan, azadlığım üçün çalışan bütün insanlara təşəkkürümü çatdırıram. Çox təəssüf edirəm ki, mənə dəstək məsələsində bəziləri tərəddüd etdilər, öz qəzetlərində mənim fotomu verməyi belə, özlərinə sığışdırmadılar”.

Siyasətə əlvida!

“Gələcək fəaliyyətimlə bağlı hələ tam bir fikir söyləyə bilmirəm. Baxaq da… Bu, jurnalistika da ola bilər, hüquq müdafiəçiliyi də. Bildiyiniz kimi, mən aktiv siyasətə gələnə qədər jurnalist işləmişəm. Hüquq müdafiəçiliyini isə çox vacib sayıram. Bu gün belə bir fəaliyyətə çox ehtiyac var”.

Planları

“Sağlamlığımla bağlı bəzi problemlərim var. Bədənimdə ağrılar var. Həkimə baş çəkməliyəm, yəqin, bir az müalicə alacağam. Yaxınlarda toyumu etməyi də planlaşdırıram”.
Mühacirət
“Bu haqda heç bir fikrim yoxdur. Azərbaycanda qalmaqda qərarlıyam”.

“Heç kiminlə düşmənçiliyim yoxdur!”

Siyasi məhbusları azadlığa buraxıb, onlardan bəzilərindən öz keçmiş çiyindaşlarına qarşı istifadə edilməsi, onlarla konfliktə salınması kimi pis təcrübə var bizim ölkədə. Ruslanla bu haqda da qısaca danışdıq. Cavabı isə belə oldu: “Mənim heç kimlə problemim yoxdur. Heç kim də məndə problem axtarmasın. Bu günə qədər kimsənin ünvanına danışmamışam. Danışan olsaydım, bu vaxta qədər danışardım”.

Və o məşhur qalmaqallı hadisə haqqında…

Ruslan  onun həbsinə bəhanə olan hadisə barədə danışmaq istəmir. Ən azı, indi o ovqatda deyil: “Keçmişə qayıtmaq fikrim yoxdur. Bu illər məncə bəs etdi ki, hər kəs həqiqətin nədən ibarət olduğunu bilsin. Özümü qətiyyən günahkar saymıram. Hamısı qurama işlər idi. Mənim bu iş üzrə şikayətim artıq Avropa Məhkəməsindədir”.

Vicdan məhbusları haqda…

“Həbsxanada olan siyasi məhbusların hamısı barədə məlumatlıyam. Çox istəyərdim ki, onlar da bu Novruzu ailələrilə keçirsinlər. Ən böyük arzum onları tezliklə azadlıqda görməkdir. Dünən mən bir neçə siyasi məhbusun yaxınları ilə danışmışam, azadlığa çıxmağım onları da sevindirib”.

***

Ruslan hazırda Zərdabda atası evindədir. O, 10-15 günə Bakıya gələcəyini deyir.

Natiq