“Nemətin bu günə qədər sağ qalması möcüzədir”

Şövkət Pənahlı: «Nemətə atamla halallaşmağa imkan verməyən zalımlar qoy, özləri-özlərinə ad tapsınlar»

«Heydər Əliyevin bacarığı millət üçün yox, bir tayfa üçün oldu»

Milli Azadlıq Hərəkatının öncüllərindən olan, ötən il qondarma ittihamla həbsə atılan Nemət Pənahlının bacısı Şövkət Pənahlı qəzetimizə müsahibəsində qardaşı ilə bağlı maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

“Oğlunu başa sal, dilinə yiyəlik eləsin”

– Şövkət xanım, sizcə, Nemət Pənahlı nə etdi ki, hakimiyyətə gəlməsində çox böyük xidməti oladuğu Əliyevlərin belə qəzəbinə düçar oldu?
– Nemət mənim qardaşımdır. Qardaş sözü mənimçün yer üzündə ən müqəddəs sözlərdən biridir. Qardaş mənim mənəvi dayağım, başımın tacı, arxam bildiyim qürur yerimdir. Mən ailənin ilk övladıyam. Nemət məndən yeddi yaş kiçikdir. Amma buna baxmayaraq, mən onu həmişə özümdən çox-çox böyük hiss eləmişəm. Hələ uşaqkən onun qorxmazlığı, mərdliyi, özünü həmişə ağsaqqal kimi aparması məni özünə çox bağlamışdı. Adətən qız uşağı bir dərdi olanda anası, bacısı ilə bölüşər, amma mən dərdimi həmişə Nemətlə bölüşərdim. Nemət vətənini, millətini hədsiz dərəcədə sevən biridir. Soruşursuz ki, nə etdi ki Əliyevlərin qəzəbinə düçar oldu? Haqsızlıq görəndə, kimin qəzəbinə düçar olacağını düşünmədən addım atmaq uşaqlıqdan onun xasiyyətidir. Hələ uşaqlıqdan Nemət harada olsa tay-tuşları onun başına yığışardı. Bir növ o həmişə mərkəzdə olar, danışar, tay-tuşları isə ətrafına toplaşıb onu dinləyərdilər. 4-cü sinifdə oxuyanda Nemət “Koroğlu” dastanını əzbərləmişdi. Bütün həyatının mənasına çevrilmişdi o dastan. Sonradan böyüdü və Koroğlunun bir dastan olduğunu anladı. Təxminən 14-15 yaşlarında Nemət artıq öz Çənlibelini yaratmışdı. Başına toplaşan cavanlara danışırdı ki, bir vaxt gələcək Sovet hökuməti dağılacaq. Rusları burdan qovacayıq. Vaxt gələcək Azərbaycan azad olacaq. Yadımdadır ki, yaxın qohumlarımızdan birinin oğlu atasının yanında bu sözü işlətdiyinə görə bir də gördük ki, adam başı alovlu bizə gəlir. Atamı xəlvətə çəkib dedi ki, oğlunu başa sal, dilinə yiyəlik eləsin, sizi ailəcə məhv edərlər. Atamsa Nemətə heç nə demədi. Çünki Nemətin Sovet hökumətinə qarşı nifrətinin təkcə Nemətə yox, bütün ailəmizə hardan keçdiyini hər kəsdən yaxşı bilirdi.

– Yeri gəlmişgən hardan idi sizdə bu nifrət?
– Nemət hələ çox gənc yaşlarından sovet imperiyasının məhrumiyyətlərinə düçar olmuş, haqsızlıqları içərisində boğulmuş, vətənindən didərgin düşmüş bir kişinin oğludur. Atam 1929-cu ildə Dərələyəz mahalının Sallı kəndində anadan olub. 1949-cu ildə isə Sovet imperiyasının siyasəti nəticəsində əzəli və əbədi vətəni Dərərləyəzdən sürgün olunub. Azərbaycanın Aran bölgəsinə köçürülüb. O səfalı yayalaqlardan, buz bulaqlardan ayrılıb arana köçürülmüş insanların çoxu o zaman dözə bilməyib dünyasını dəyişiblər. Qalanlar isə yenidən öz yurdlarına qayıdıblar. Atamgil də bu qayıdanlardan olub. Amma qayıdanda görüblər ki ermənilər  evlərinə yiyələniblər. Artıq orada yaşamağın mümkün olmadığını başa düşüblər. Babam 4 övladı ilə birlikdə Naxçıvanın Şərur kəndinə gəlib və atam o zaman çox gənc olub. Bütün var-dövlətindən məhrum olmuş bu insanlar Danzik  kəndində məskunlaşıblar. Atam danışardı ki, Sovet hökuməti elə bir rejim qurmuşdu ki, insanların bütün hüquqları əlindən alınmışdı, səhərdən axşama kimi kolxozda bir qarın çörəyə işləyərdilər. Hətta kolxozçuya pasport da vermirdilər ki, öz kəndindən qırağı tanımasın. Xüsusilə ata nənəm elə gün olmazdı ki, sovet hökumətinin onların başlarına açdığı oyunlardan danışıb, o rejimə lənət oxumasın. Nənəm 1905-ci ildə ermənilərin onların başlarına gətirdiyi müsibətlərdən, kəndlərini yandırıb, uşaqları, qadınları necə amansız öldürdüklərindən, qaçıb Iranda necə sığınacaq tapdıqlarından yana-yana danışardı və biz də bu söhbətlərə qulaq asa-asa böyüyərdik. O vaxt heç kəs qorxusundan sovet hökumətinin əleyhinə bir kəlimə də danışa bilməzdi. Atam, evdə ancaq öz ailə üzvlərimiz olanda ata-anasının, özünün yaşadığı məşəqqətlərdən danışardı. Yəni Nemətin Sovet hökmətinə qarşı nifrəti nənəmizin nağılı, babamızın həyat dastanı ilə beynimizə yeridilmişdi. 1988-ci ildə baş vermiş meydan hərəkatına Nemətin rəhbərlik eləməsi onun illərlə içində yığılıb qalmış rus-erməni şovinzminə qarşı qəzəb və kinin ifadəsi idi. Nemət onda da heç nədən qorxmurdu və Azərbaycan xalqını qorxmamağa, yolundan dönməməyə çağırırdı. Meydanı Kərbəla meydanı ilə müqayisə edirdi. O hesab edirdi ki, azadlıq heç bir millətə elə belə verilmir. Hər bir millətin qanı bahasına başa gəlir. Onun özünün bu günə kimi sağ-salamat qalmasının səbəbi Allahın bir möcüzəsidir. Çünki xalq bilməsə də, biz onun nələr yaşadığını bilirik.

“Neməti həbsə aparan ən böyük səbəb…”

– Sizcə, Neməti hansı səbəblər həbsə apardı?
– Bilirsiz ki, Nemət, Heydər Əliyevin hakimiyyətə gətirilməsində yaxından iştirak edənlərdən biridir. Bu danılmaz bir faktdır. Nemət Heydər Əliyevin yolunda çox əziyyət çəkdi. Dəfələrlə ölüm təhlükəsi qarşısında qaldı. Çox inanırdı ki, Heydər Əliyev hakimiyyətə gəlsə, müstəqilliyi qoruyub saxlayacaq, xalqın sərvətini xalqa yönəldəcək, millət ağ günlərə çıxacaq. Nemətin həyatı boyu bundan böyük amalı, bundan çox istədiyi bir şey olmayıb.  Amma olmadı. Nemətin Heydər Əliyevin bacarığı haqqda nəzərdə tutduğu şeylərin əslində hamısı oldu, amma millət üçün yox, bir tayfa üçün. Nemətin özünün dəfələrlə sevə-sevə danışdığı bir əfsanəni sizə danışmaq istəyirəm. Bir zamanlar bir əjdaha, bir mahalın suyunun qabağını kəsir. Neçə-neçə igid oğullar gedirlər əjdahanı öldürməyə, amma geri qayıtmırlar. Bir gün bir igid də əjdahanı öldürmək qərarına gəlir. Elin ağsaqqalı nə qədər istəyir ki, onu fikrindən döndərsin, bacarmır. Onda deyir, yaxşı oğul gedirsən get, amma əjdahanı öldürsən heç nəyə toxunmadan qayıt gəl. Igid əjdahanın olduğu mağaraya gəlir, onunla döyüşür. Əjdahanı öldürəndən sonra mağaranı gəzməyə başlayır. Baxıb görür ki, burada ləl-cəvahirat göz qamaşdırır. Nəyə əlini uzatmaq istəyirsə, qocanın sözü yadına düşür. Amma sonda bir qılınc görür. Nəfsini saxlaya bilmir. Qılıncı əlinə alanda, baxıb görür ki, qurşağa kimi əjdahaya çevrildi. Onda başa düşür ki, bura gələn bütün igidlər əslində əjdahanı öldürüblər, amma nəfslərinə hakim ola bilmədikləri üçün özləri əjdahaya çevrilib, xalqın suyunun qarşısını kəsiblər. Neməti həbsə aparan ən böyük səbəb də onun əjdahaya çevrilməməsidir. Çevrilə də bilərdi, bu gün xalqın suyunun qabağını kəsənlərdən biri də o ola bilərdi. Amma olmadı. Bu gün yaşadığı məhrumiyyətləri seçdi, ailəsindən, altı övladından, ata-anasından keçdi, millətdən keçmədi. Amma Nemətin haqqında çox haqqsız sözlər danışdılar. Indi mən sizdən soruşuram, kim zəmanət verə bilər ki, hakimiyyətə gəlsə, əjdahaya çevrilməyəcək. Bunu ancaq həyat göstərə bilər. Nemət Türkiyyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da inanırdı. Onun həbs edildiyi günlərdə yadımdadır ki, Nemətin evində matəm idi. Hələ Fəzilət Partiyasının sıravi bir üzvü olanda, Nemət onunla Türkiyədə şəxsən tanış olmuşdu. Bəlkə də Azərbaycanda onu tək-tük adamlar tanıyanda, onun adı Nemətin dilindən düşmürdü. Oturub-durub deyirdi ki, bu adam Türkiyyədə hakimiyyətə gəlsə, Türkiyə qurtuldu. Elə də oldu. Eynən Heydər Əliyevə də inanırdı. Onun siyasi məharətinə, bilgisinə əsaslanıb fikirləşirdi ki, bu adamın bacarığı çatacaq. Amma nəfsinə hakim olacağına dair bu dünyada kimsənin, kimsəyə zəmanəti yoxdur.

“Istefa verdiyi gün Heydər Əliyevlə aralarında dialoq olmuşdu ki…”

– Novruz bayramı ərəfəsində gözlənilən əfvin Nemət Pənahlıya da azadlıq gətirə biləcəyinə ümidiniz varmı?
– Bizdə ümid həmişə yalnız Allaha olub. Yusif peyğəmbərin zindana atılmasını xatırlayırsınızmı? Yanındakı məhbuslardan birinin yuxusunu yozur və deyir ki, sən bu yaxınlarda azadlığa çıxacaqsan və yenə də hökmdara şərab süzəcəksən. O zaman məni də xatırla. Mənim günahsız olduğumu da hökmdara de. Adam azadlığa çıxır, amma dərhal Yusifi unudur. O zaman Yusif peyğəmbər ona sifariş göndərmək qərarına gəlir ki, məni niyə unutdun. Yusif Peyğəmbərə Allahdan belə bir vəhy gəlir: “Ya peyğəmbər, ona səni unutduran bizik. Biz sənin məhbəsdə 7 il qalmağına hökm verdik, bu hökmü kimsə poza bilməz, sənin üçün xeyirli olan budur”.
Biz iman əhliyik. Bizim üçün hökm də, qərar da yalnız Allaha məxsusdur. Kimsə onun hökmünü dəyişə bilməz. Atam bu dünyadan niskilli getdi, həsrətli getdi. Sinəsində bir vətən həsrəti vardı. Bütün ömrünü bu həsrətlə yaşamışdı. Üstünə bir də övlad həsrəti yükləndi. Son günlərini yaşayırdı. Soruşdum ki, ata ürəyin nə istəyir gətirim, dedi Dərələyəzdə, Bəli yaylağında qadınlar qatıq çalardılar, sonra üstünə Gümüş bulağın suyundan töküb çalxayardılar, üzünün yağını yığıb altının ayranını verərdilər içərdik. Bax, ürəyim o ayrandan ötrü yanır. Təbii ki, bu yanğı ayran yanğısı deyil, vətən həsrətinin yanğısı idi. Son nəfəsində isə reanimasiyada bir dəqiqə yanından ayrılmadım. Əlimi alnına qoyanda gözlərini açdı: “Mənə Neməti gətir, Neməti gətir” deyə-deyə keçindi. Bəli yaylağı düşmən əlində olduğu üçün təbii ki, mən ora gedə bilməzdim. Düşmən, adı üstündə, düşməndir. Amma Nemətə atamla halallaşmağa imkan verməyən zalımlar qoy, özləri özlərinə ad tapsınlar. Nemət 88-ci ildə DTK-nın zindanında yatanda belə, ona bu cür düşməncə münasibət göstərməmişdilər. Bu hakimiyyətin həbsxanasında ona göstərilən iyrənc, qeyri-insani münasibəti o vaxt düşmən mövqeyində dayandığı rusdan belə görməmişdi. Və 8 ay aparılan istintaq sonucu Nemət sərbəst buraxılanda  müstəntiq atama demişdi ki, mən belə övlad böyütdüyün üçün sənin qarşında baş əyirəm. O vaxt bilirsiz şayiə yaymışdılar ki, guya Nemət Heydər Əliyevin adamıdır. Müstəntiq o 8 ayda demək olar ki, hər gün bu sualın üstünə qayıtmışdı. Kim yayırdı bu şayiəni, kimə lazım idi bu? Bu sualın cavabını heç birimiz bilmirdik. Amma çox sonralar, Nemət vəzifədə olanda ona dolayı yolla bu yalanın həqiqət olduğunu etiraf etmək təklif olunanda başa düşdü ki, dava Nemət Pənahlı davası deyil, dava Milli Azadlıq Mübarizəsinin, Meydan hərəkatının adıdır. Bu təbliğat o qədər güclü işlənmişdi və işlənməyə davam edirdi ki, 1995-ci ildə Nemətin vəzifədən istefa verməyinə baxmayaraq o həbs olunana kimi təsiri qüvvədə qalırdı. Ona görə adım kimi əminəm ki, Heydər Əliyev sağ olsaydı, bu həbsə heç vaxt qol qoymazdı. Yadımdadır ki, Nemət istefa verdiyi gün Heydər Əliyevlə aralarında belə bir dialoq olmuşdu. Nemət demişdi ki, Heydər bəy, mən sizin həyatınızın ən ağır, ən çətin məqamında sizi dəstəkləmişəm. Sizi dəstəklədiyim üçün mənə qarşı olan əks tərəf nə qədər güclü olsa da, heç nədən qorxub, çəkinməmişəm. Sizin simanızda, bu millətin rifahı naminə özümü oda atmışam. Bu günsə dünyanın malı-mülkü, səltənəti, qüdrəti sizin əlinizdədir. Amma mən bu gün də həmən millətin naminə sizdən ayrılıb, sizə savaş açıram. Mənə istədiyinizi eləmək gücünə maliksiz. Mənimsə sığınacaq yerim yalnız Allahdır. Mən zatən heç vaxt döyüşə atılanda sonumu düşünməmişəm.
Onda Heydər Əliyev ona cavab vermişdi ki, ömrümün sonuna kimi mənə qarşı nə addım atırsan at, mən sənə heç bir pislik etməyəcəm. Həqiqətən belə də oldu. Amma deyim ki, Nemət də o qədər sərt müxalifət mövqeyi tutmadı. Bilirsiz niyə, çünki Nemət üçün həmişə dövlətin və millətin maraqları hər şeydən üstün olub. Həmişə də deyib ki, əsas müstəqilliyimizdir ki, onu qazanmışıq. Istənilən formada ölkədə qarışıqlıq olsa, birinci növbədə müstəqilliyimizə xələl gələ bilər. Bunun xatirinə Nemət illərlə susdu. Öz haqqı ən kobud şəkildə tapdanmağına baxmayaraq, işsiz-gücsüz, ailəsi bir tikə çörəyin ehtiyacını çəkdiyi halda susdu. Nemət susmağa, dözməyə yer qalmayanda danışmağa başladı. Bilirsiniz ki, “Nota P.S” qəzetində silsilə yazıları, şerləri dərc edildikdən dərhal sonra şərlənərək tutuldu. Amma təəssüf ki, o qəzetin tirajı çox aşağı olduğundan Nemətin yazılarını çox az adam oxuya bilmişdi. Dostlarından aldığım məlumata görə, o yazılar, bu yaxınlarda böyük tirajlı qəzetlərə veriləcək ki, Nemətin həbsinin səbəbini hər kəs bilsin.

“Azadlıq”