Almaniya XİN başçısının Bakıda müxalifətlə görüşməsi iqtidarı yerindən edib
Parlamentin bu günkü iclasında bəzi deputatlar Almaniya hökumətini tənqid atəşinə tutub. İclas hökumətin parlament qarşısında hesabatına həsr edilsə də, deputatlardan “imkan tapıb” Vestervelli və Almaniya hökumətini tənqid edənlər də olub.
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Almaniya XİN başçısını Bakıda müxalifətlə görüşdüyü üçün ittiham edib.
“Modern.az”ın verdiyi xəbərə görə, Zahid Oruc deyib ki, Almaniya dövlətinin rəsmisinin müxalifətlə bağlı qapılar arxasında danışıqlar aparması başadüşülən deyil: “Onsuz da müxalifət axşam yeməyini səfirlərlə yerir. Buna baxmayaraq, cəmiyyətə məlumat verilməlidi idi ki, bu görüşdə nədən danışılıb”.
Eyni fikri YAP icra katibinin müavini Mübariz Qurbanlı da təkrarlayıb. Onun sözlərinə görə, Almaniya höküməti Azərbaycana təzyiq etmək üçün daxili siyasi qüvvələrdən istifadə etməyə çalışır. Mübariz Qurbanlı həmçinin Almaniyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini sərt tənqid edib. O, səfirliyin fəqaliyyətinin qeyri qənatəbəxş olduğunu bildirib.
“Media forum” saytının məlumatına görə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, bir ölkənin prezidenti, dövlət rəsmisi gəlib Milli Məclisin tribunasından başqa bir dövləti ittiham edirsə, Azərbaycanı həmin ölkə ilə üz-üzə qoymaq istəyirsə, Azərbaycanın daxili işlərinə müdaxilə edirlərsə, onlar çox böyük səhvə yol verirlər: “Biz buna imkan verməməliyik. Almaniyanın xarici işlər nazirinin hərəkətlərinə münasibət bildirmək istəyirəm. Mən soruşmaq istəyirəm ki, əgər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gedib Almaniyada destruktiv qüvvələrlə Almaniyanın taleyini, daxili vəziyyətini müzakirə etsə, görək bunu necə qarşılayarlar? Yaxşı, siz gəlmisiniz. Əvvəla, beynəlxalq təşkilat tərəfindən mandatınız yoxdur. Siz Avropa Şurasının, BMT-nin, ATƏT-in təmsilçisi deyilsiniz, bir ölkənin xarici işlər nazirisiniz. Gəlmisiniz bura, elə adamlarla, partiyalarla qapalı görüşlər keçirirsiniz ki, onlar ümumiyyətlə Azərbaycan haqqında dosyelər verirlər. Elə adamlarla görüşürlər ki, onlarda milli təəssübkeşlik hissi yoxdur. Biz buna qarşı ciddi şəkildə sözümüzü deməliyik, müqavimət göstərməliyik”.
Fəzail Ağamalı Almaniyanın ombudsmanını da tənqid edib. Deyib ki, Almaniya ombudsmanı da xarici işlər nazirini müşayiət edib, həm də Azərbaycanda insan hüquqlarından danışıb: “Ona bu səlahiyyəti, mandatı kim verib? Hesab edirəm ki, bu məsələdə Azərbaycanın Xarici İşlər Nazirliyi də kifayət qədər prinsipial mövqe tutmayıb. O adamın bura gəlməsinə nə ehtiyac var? Əgər gəlib burada ayrı-ayrı destruktiv qüvvələrlə görüşürsə, öz ölkəsində problemləri qoyub bizim ölkədə insan hüquqlarından danışırsa, bu, yolverilməzdir ”.
Milli Məclisin sədri Oqtay Əsədovun Fəzail Ağamalıya cavabı belə olub: “Sizin fikirlərə şərh vermək istəmirdim. Amma ikinci dəfədir ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına münasibət bildirirsiniz. Belə çıxır ki, Milli Məclis özü buna şərait yaradıb və o, Milli Məclisin fikrini ifadə edib. Mixail Saakaşvili müstəqil dövlətin prezidentidir. Bura rəsmi səfərə gəlib, Milli Məclisdə çıxış etmək istəyib, bunu isə qadağan etmək olmaz, çünki rəsmi səfərdir. O yalnız öz fikirlərini ifadə edib. Bunun nə Azərbaycana, nə də Azərbaycanın siyasətinə aidiyyəti var. Bunu hər dəfə deməyi artıq hesab edirəm.
Almaniya xarici işlər nazirinin səfərinə gəlincə, o, Azərbaycana rəsmi səfərə gəlib. Bu da onun səviyyəsidir. Əgər Elmar Məmmədyarov Almaniyaya getsə, orada bizdəki kimi destruktiv qüvvələr olmayacaq ki, orda ona belə şərait yaratsınlar. Bunun da səbəbini dəfələrlə demişik – bizim millətin yaddaşından böyük qardaş, Moskva xofu çıxmayıb. Hər kəs kənarda bir qüvvə axtarır ki, ona müraciət etsin. Bunu belə şişirtməyə, onu reklam etməyə ehtiyac yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Almaniyanın xarici işlər naziri ilə görüşənlərdən biri də özüdür: “Heç kim nə ölkənin marağını satır, nə də mənafeyini kiməsə tabe etdirir. Azərbaycan Avropa İttifaqı, ATƏT, Avropa Şurası çərçivəsində ölkələrə əməkdaşlıq edir. Avropa İttifaqının ölkələrindən biri də Almaniyadır. Almaniya Azərbaycandakı vəziyyətlə maraqlanır. Başqa bir dövlətlə münasibətləri bu formada pozmaq və məsuliyyətsiz bəyanatlar vermək doğru deyil. Almaniya Avropanın ən aparıcı dövlətlərindən biridir və Azərbaycana dost ölkədir. Dağlıq Qarabağ problemi və Xocalı faciəsi ilə bağlı Almaniya parlamentinin – Bundestaqın qərarlarını yaddan çıxarmayın”.