Əmanətləri kim necə qaytarıb?

Əksər respublikalar bu prosesi ittifaq dağılandan az sonra həyata keçirib

Məlum olduğu kimi, prezident Ilham Əliyev vətəndaşların keçmiş Əmanət Bankında qalan əmanətlərininin birdəfəlik ödənməsi barədə fərman imzalayıb. Fərmana əsasən, birdəfəlik ödənişlə verilməsinə iyunun 1-dən başlanılacaq.
Müəyyən edilmiş qaydalara əsasən, 1992-ci ilin yanvarın 1-ə qədər sovet banklarında 3000 rublu olan vətəndaşlara 400 manat, 5000 rublu olanlara 600 manat, 7000 rubla görə 760 manat, 9000 rubla görə 920 manat, 15 000 rubla görə 1 250 manat, 25 000 rubla görə 1 750 manat, 35 000 rubla görə 2 250 manat, 45 000 rubla görə 2 750 manat, 60 000 rubla görə 3 500 manat, 80 000 rubla görə 4 500 manat, 100 000 rubla görə 5500 manat ödəniləcək. Göründüyü kimi, məbləğ artıqca, ödəniləcək vəsaitin həcmi də azalır. Bu da vaxtilə banklara böyük vəsait yatıran insanları narazı salmaya bilməz. Xatırladaq ki, hökumət 1991-ci ildən əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
Qeyd edək ki, Azərbaycan sovet banklarında qalan əmanətləri qaytarmağa başlayan sonuncu respublikadır. Bu vaxta qədər digər respublikalar bu prosesə başlayıb, əksəriyyətində əmanətlərin qaytarılması prosesi başa çatıb.
Hökumət rəsmiləri Azərbaycanda əmanətlərin vətəndaşlar üçün ən sərfəli variantda qaytarıldığını desə də, əslində belə deyil. Digər keçmiş sovet respublikaların nümunəsinə də baxanda, bunu görmək olur.  
Ilk növbədə onu qeyd etmək lazımdır ki, bu ölkələrin əksəriyyətində sovet banklarında qalmış əmanətlərin qaytarılmasına ittifaq dağılandan az sonra başlanılıb. Baltik ölkələrində vəsaitlərin əksər hissəsi nağd şəkildə əhaliyə qaytarılıb. Yalnız müəyyən həcmdə vəsait çek şəklində əhaliyə təqdim edilib.

Litvada 100 min rubla görə 40 min, Belurusda 33 min dollar verilib

Məsələn, Litvada bir rubl əmanətə görə 1 lit, təxminən 40 sent ödənilib. Bu hesabla 100 min rubla görə 40000 dollar ödənilib. Estoniya və Latviyada da bu proses müstəqillik əldə ediləndən qısa müddət sonra başa çatıb. Estoniyada bir rubla görə 10 sent ödənilib və 100 min rubla görə vətəndaşlara 10 min dollar verilib.
Çek şəklində vəsaitlərin qaytarılmasına Qazaxıstanda da təsadüf olunub. MDB ölkələrində isə əmanətlərin qaytarılmasına ilk dəfə Rusiyada başlanıb. Bu ölkədə Şimal qonşumuz 1995-ci ildən start götürməklə prosesi qısa müddətdə yekunlaşdırıb. 1996-cı ildə Qazaxıstan, növbəti ildə isə Qırğızıstan və Ukrayna əmanətlərin qaytarılmasına nail olub. 2002-ci ildə Moldova, 2005-ci ildə Özbəkistan da proses başa çatıb. Belurusda 1 rubla görə vətəndaşlara 33 sent ödənilib. Bu hesabla 100 min rubla görə 33000 dollar verilib. Bir rubla görə 20 sent ödəyən Moldova 100 min rubla görə vətəndaşlarına 20 min dollar pul verib.
Ermənistanda isə bu proses 2006-cı ildən başlayıb. Bu ölkədə birinci növbədə pensiyaçıların əmanətləri qaytırılıb. Bu ölkədə hər min sovet rubluna görə 200 dollar ödənilib. Bu məbləğ Azərbaycanda ödənilməsi nəzərdə tutulduğundan azdır. Ancaq Azərbaycan hökuməti ölkəmizi Ermənistanla müqayisə edəndə düşmən ölkə iqtisadiyyatının artıq dağıldığını deyir. Azərbaycanda 2006-cı ildən bəri inflyasiya və qiymət artımını nəzərə alanda, məlum olur ki, Ermənistanda ödənilən məbləğ o qədər də az deyil. Hətta Azərbaycan rəsmilərinin dediyi kimi, ağır iqtisadi böhran içində olan bir ölkə üçün heç də pis göstərici deyil.
Vətəndaşlara ödəniləcək vəsaitlərin həcmi ekspertlər tərəfindən də narazılıqla qarşılanır.
Iqtisadçı-ekspert Rövşən Ağayev “Turan”a açıqlamasında  bildirib ki, keçmiş SSRI Əmanət Bankında Azərbaycan vətəndaşlarına məxsus əmanətlərin qaytarılmasının ictimaiyyətə həmin vəsaitlərin indeksasiyası kimi təqdim edilməsi həqiqətə uyğun deyil. “Fərmandan göründüyü kimi, keçmiş Sovet rublu əvvəlcə 1992-ci ilin avqustunda dövriyyəyə buraxılmış Azərbaycan manatına, daha sonda isə manatın denominasiyasına çevrilib və əslində mexaniki çevrilmə aparılıb”, deyə o bildirib. Ekspert hesab edir ki, bu çevrilmələr, eləcə də birdəfəlik ödəmələr rublun o zamankı alıcılıq qabiliyyətinə heç cür uyğun deyil və bu mənada, məsələn, 2000 rubla görə nə səbəbə məhz 300 manatın müəyyən edilməsi müəmmalıdır. “Mənim hesablamama görə, köhnə 100 min rub üçün 5500 manat ödəniləcək. O zaman həmin pula Bakıda 5 təmirli mənzil almaq olardısa, indi ödəniləcək vəsaitə daşınmaz əmlak almaq qeyri-mümkündür”, deyə Ağayev bildirib. O xatırladıb ki, 1993-cü ilin may ayında prezident Əbülfəz Elçibəy əmanətlərin qaytarılmasında “birin birə” prinsipinin tətbiqi barədə sənəd imzalamışdı.
Ekspert proses zamanı sui-istifadə halların da qaçılmaz olduğunu deyir: “Ödəmələrin ictimai nəzarət olmadan aparılması müəyyən neqativ hallara yol aça bilər. Lakin indiki siyasi rejim şəraitində ictimai nəzarətin tətbiqi belə büdcə vəsaitlərinin dağıdılmasının qarşısını ala bilməyəcək”.
Qeyd edək ki, hökumət vətəndaşların əmanətlərinin qaytarılmasında heç bir texniki çətinliyin olmayacağını bildirsə də, əmanətçilərin sayı və keçmiş əmanətlərin, eləcə də ödəmə üçün gərək olan vəsaitin məbləğini hələ açıqlamayıb.
Iqtisadçı-ekspert Qubad Ibadoğlu isə əmanətlərin qaytarılmasının daha ədalətli əsaslarla həyata keçirməyin mümkün olduğunu deyir.
Ekspertin sözlərinə görə, əmanətlərin əksəriyyəti 70-ci illərdə banklara qoyulub. Həmin vəsaitlərin alıcılıq qabiliyyəti də müqayisəolunmaz dərəcədə yüksək olub. O zaman 10 min rubla “QAZ-24″ markalı avtomobil almaq olardı. Indi isə 1000 manata heç köhnə maşın da almaq mümkün deyil.
Ekspertin fikrincə, əmanətlərin qaytarılması prosesini 2 il yox, 5 ilə həyata keçirərək bunun üçün daha ədalətli mexanizm tətbiq etmək olar.

Fizzə