Gözünüz aydın, özlərinə “çirkin” də dedilər

Vay, vay, vay, bunlar məsummuşlar da… süddən çıxmış ağ qaşıqmışlar da… aydan arı, sudan duruymuşlar da, biz qəflətdə yatıbmışıq, yaxşı tanımamışıq bunları.
Bir-birlərinə macal vermədən Xədicə Ismayıla qarşı çirkin şantajı pisləməyə başlayıblar. Həm də bu rəzalətin üstündən 8 gün keçdikdən sonra!
Şantaj məktubu martın 7-də gəldi.
Elə həmin gün cəmiyyətin vicdanlı, ləyaqətli kəsimi bu əxlaqsızlığa təpkisini, qəzəbini nümayiş etdirdi. Amma bunlardan “çırt” səsi çıxmadı.
Martın 8-dən Azərbaycan cəmiyyətinin aktiv kəsiminin təpkisinə Avropa da qoşuldu, amma bunların ağzını yenə bıçaq açmadı.
Bu şantajın önlənilməsi üçün bütün çağırışlara qulaqlarını tıxadılar.
Xədicə Ismayıl şantaja boyun əyməyəcəyini, doğruları yazmaqda davam edəcəyini söyləyincə, bu dəfə Ilham Əliyevin sədri olduğu partiyanın rəsmi qəzeti hərəkətə keçdi. “Bəlkə bu yolla jurnalistə vəziyyətinin nə qədər ağır olduğunu anladarıq, videoları yaymağa ehtiyac da qalmaz” məntiqi ilə heç bir əxlaqa, mənəviyyata sığmayan bir yazı dərc etdilər.
Olmadı.
Xədicə xanım geri addım atmadı. Dik durdu. Əzilmədi. Sarsılmadı.
Və o zaman başqa yollarının qalmadığının fərqinə vardılar, yengə təfəkkürü ilə çəkdikləri kadrları yayımladılar.
Bu dəfə də olmadı. Hətta bunların cib müxalifəti belə, çıxıb “Bu qədər də olmaz ki!” deyə, üsyan etdi.
Ilham Əliyevin az-çox abrını qorumuş müdafiəçiləri belə, deməyə söz tapmadılar, aralarında bu rəzaləti içlərinə sığışdırmayıb pisləməyə qalxanlar belə, oldu.
Bəli, saqqal dalınca getmişdilər, bığı da qoyub gəldilər. Bir jurnalisti susduracaqdılar, amma susanlar belə, danışmağa başladı. Hər kəs bu əxlaqsızlığa, bu heyvərəliyə qarşı tək yumruq oldu.
Günlərdir sosial şəbəkələrdə ünvanlarına deyilməyən söz qalmayıb. Qeyri-rəsmi atmosferdəki bütün söhbətlərdə hakimiyyətə loyal olanların belə, dilindən rejimə qınağın biri bir qəpikdir.
Gücünü heçə saydıqları, artıq çoxdan sındırdıqlarını və susdurduqlarını düşündükləri xalqın misilsiz təpkisi, öfkəsi öz yerində. O biri yandan da Avropadan, ABŞ-dan ünvanlarına gələn qınaqların, ittihamların nə sayı var, nə hesabı. Türkiyə mətbuatı bu rəzalət üzərindən Əliyev istibdadının qabırğasına döşəməkdədir.
Bir sözlə, qaş qayıracaqdılar, vurub gözü də çıxardılar. Və bunca qəzəbin, ikrahın, tənənin, qınağın, nifrətin altından qalxa bilməyəcəklərini anlayınca başladılar valı dəyişməyə.
Dünəndən bir-birlərinin ağzına tüpürübmüş kimi, özlərinin qurduğu oyunu özləri pozmaqda, özləri öz əməllərini pisləməkdədirlər. Yenə məsuliyyəti “üçüncü qüvvə”nin üstünə atıb işin içindən sıyrılmağa çalışırlar. Təbii, bizim qarnımız belə söhbətlərə toxdur, belə taftalogiyalarla  artıq uşaq başı belə aldada bilməzlər.
Mənim diqqətimi isə Prezident Administrasiyasından yayılan bəyanatda baş verənlər haqqında “çirkin əməl” ifadəsinin işlədilməsi çəkdi. Yəni, axır ki, özləri də özlərinin nə qədər çirkin olduqlarını etiraf etdilər.
Tıpkı ötən il bu vaxtlar ərəb diktatorları domino daşı kimi bir-birinin ardınca yıxılanda, növbənin Azərbaycan diktatoruna da çatacağı əhval-ruhiyyəsi güclənəndə qorxudan başlarını itirib “korrupsiya alnımızda qara ləkədir”, “korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq”, bir sözlə, özlərinə “korrupsioner” dedikləri kimi, indi də artan qəzəb, ikrah, lənət önündə əndişəyə düşüb özlərinə “çirkin” dedilər.
Biz çirkin olduqlarını zatən bilirdik də, yazırdıq da, amma razılaşın ki, bunu öz dillərindən eşitməyin, dinləməyin zövqü, ləzzəti başqadır.
Bu gedişlə çox keçməz, Ilham Əliyev çıxar özünə “diktator” deyərsə, heç təəccüblənmərəm.