Xətai rayonu ərazisində quldurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum qadın General Şıxlınski küçəsi ev 1A mənzil 48-də yaşayan Cahangirova Elnarə Əşrəf qızının mənzilinə gəlib. 35-40 yaşlı qadın qapını döyüb və ev sahibəsinin qapını açması ilə mənzilə soxulub. Aldatma yolu ilə evə girən həmin qadın bıçağı E.Cahangirovanın boğazına dirəyib və pulların yerini soruşub.
Bu zaman quldur qadın E.Cahangirovanın qulaqlarındakı sırğaları dartaraq qoparıb. Evdən isə 50 manat pul tapıb götürə bilib. Ev sahibəsinin “əsas” pulların yerini demədiyini görən həmin qadın qab-qacağı sındırıb, evi qarışdırdıqdan sonra qaçıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


