Nazir «qaydalar»a uyğun gəlməyən taksilərlə bağlı sərt tədbirlərin anonsunu verdi
Bu il may ayının 1-dən etibarən Bakıda fəaliyyət göstərəcək taksilərin sayı 5 min olacaq. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov lent.az-a bildirib ki, hazırda paytaxtda 17 min qanunsuz taksi fəaliyyət göstərir. Lakin hesablamalar nəticəsində Bakının yalnız 5 min taksiyə ehtiyacı olduğu müəyyən edilib. Respublika üzrə isə bu rəqəm 10 minə bərabərdir: “Mayın 1-dən qanunsuz qeyri-qanuni fəaliyyət göstərən taksilərin işləməsinə imkan verilməyəcək. Artıq məsələ ilə bağlı sərt tədbirlər də müəyyənləşdirilib. Bu il fevral ayının 7-də Inzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olmağa görə cərimə artırılıb və cərimənin məbləği 100 manat təşkil edir. Əgər müfəttiş kiminsə qeyri-qanuni fəaliyyətini aşkar etsə, yerindəcə cərimə tətbiq ediləcək. Lisenziya şərtlərini pozmağa görə isə 50 manat cərimə nəzərdə tutulur”.
Namiq Həsənov bildirib ki, müvəqqəti olaraq Bakıda 2 rəngli – ağ və bənövşəyi taksilər fəaliyyət göstərəcək. Gələcəkdə isə paytaxt yollarında yalnız bənövşəyi taksiləri görmək mümkün olacaq: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 il əvvəl taksilərin rənginin bənövşəyi olması ilə bağlı standart qəbul edib. Lakin hazırda Bakıya 1000 ədəd bənövşəyi taksini gətirmək mümkün olub. Nazirliyin təşəbbüsü ilə daha 4 min ədəd ağ rəngli taksinin fəaliyyət göstərməsinə qərar verilib. Ümumiyyətlə, bütün bu işlər insanların rahatlığını və işin daha keyfiyyətli təşkilini nəzərdə tutur. Insanlar istənilən vaxt, istənilən şəraitdə taksi xidməti mərkəzinə zəng vuraraq, taksi sifariş verə bilər. Indi həm taksi fəaliyyəti ilə məşğul olanlar yaxşı qazanacaq, həm də müştərilər razı qalacaq”.
Nəqliyyat Nazirliyinin rəsmisi müəyyən edilmiş həddən artıq yük daşıyan maşınlara qarşı da cəza tədbirlərinin sərtləşdirildiyini deyib: “Inzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişiklikdə yolların dağılmasına səbəb olan yük maşınlarına qarşı cərimələrin məbləği də artırılıb. Müəyyən edilmiş çəkidən artıq yük daşıyan fiziki şəxsləri 600-700, hüquqi şəxsləri 1200-1500, vəzifəli şəxsləri isə 5 min manatadək cərimə gözləyir. Bu əməl təkrar törədildikdə isə cərimənin məbləği 6 min manatadək arta bilər”.
Artıq respublika yollarında, 9 müxtəlif yerdə yük maşınları üçün tərəzilər quraşdırılıb. Maşının yük ilə normativə uyğun çəkisi müəyyən edildikdən sonra artıq yük boşaldılır. Sürücülər boşaldılmış yükü daha sonra qayıdıb apara bilərlər.


