Sabirabad – üsyana sürüklənən rayon

Sabiri vərəm öldürdü, sabirabadlıları da o qırır…

“Güclə işə düzəldim ki, 5-10 manat qazancım olsun. Ancaq qazancım ata-anamın gorunu söydürmək oldu, ona görə də tüpürüb, işdən çıxdım…” Bunu Sabirabad rayonunda xırda vergi məmuru işləmiş və vergi ala bilmədiyi adamlardan ünvanına söyüş eşitdiyinə görə işindən imtina edən köhnə tanışım dedi. “3 ayda 5 manat tapıb ölənlərim üçün ”Yasin” oxutdurmadığım halda, niyə görə onların ruhunu narahat etməliydim?”, – deyə o, vəziyyətin acınacaqlı tərəfini anlatmağa çalışır. Keçmiş məmur deyir ki, insanlar borclarını vermək iqtidarında deyil. Ən kiçik məbləği ödətdirmək üçün gərək polisə müraciət edəsən, bunu isə həmsöhbətim mərdimazarlıq sayır.

Daş qəlbli məmurların daş sevgisi

Sabirabad, dəfələrlə yazıldığı kimi, “abadlıq” adına parodiya sayılan rayonlardandır. Mərkəzi Aranın ən çoxsaylı əhalisi və ən zəhmətkeş təbəqəsi olan bu rayon illərdir istisadi, sosial-siyasi baxımdan iflic durumdadır. Ən pisi isə odur ki, rayonu iflic vəziyyətdən qurtarmaq üçün faktiki heç bir əsaslı iş görülmür. Hə, rayonda yeni icra başçısı Nazim Ismayılov 6 kilometrlik yol kənarındakı taxta və köhnə daş hasarları yeni daşlarla əvəzlətdirib (deyilənə görə, bu daşlar onun himayəsi altındakı firmada istehsal olunur), rayon mərkəzindəki prospektə dəyəri 3500-4000 avro olan işıq dirəkləri qoyulmaqdadır və s. Ancaq bütün bunlar iflicin nəticələrini aradan qaldırmaq üçün addım sayıla bilməz. Bu işlər iflic keçirən adamı sağaltmaq üçün onun saçlarını daramaq, gözlərinə sürmə çəkməyə bənzəyir.

Gur işıqlar altında zülmət

3,5 avroluq işıq dirəyi Sabirabadı aydınlaşdıracaqmı?

Rayon müəllimi Sahib Rüstəmli isə Sabirabaddakı abadlıq işlərini belə qiymətləndirir: “Sabirabad zülmət içindədir, onu 3-4 min avroluq dirəklərlə işığa çıxarmaq olmaz. Sabirabadı, eləcə də ölkəni bu bahalı işıq dirəkləri yox, ölkəyə rəhbərlik edənlərin ziyası, vətənsevərliyi işıqlandıra bilər”.

“Hamımızı oğurluğa vadar etdilər”

Bir neçə günlük dərin müşahidələrim Sabirabad əhalisinin real durumunu tam anlamaq üçün xeyli material verdi. Sabirabadlılar birbaşa dərilərində ikiqat zülmü hiss edirlər. Bunların birincisi, ağır sosial problemlər, kasıblıqdır. Ikincisi isə bu kasıblığın yaratdığıdır – əhali enerji haqqını verə bilmədiyinə görə ucdantutma yüksək məbləğdə cərimələnir, hüquq-mühafizə orqanlarıyla qorxudulur. Hamı “bu gün-sabah mənim də oğurluğum ifşa olunacaq” panikası, gərginliyi içindədir.
“Bizim hamımızı yaramazlar özlərinə oxşatdılar. Bu yüksək cərimələrlə heç nə qazanmaq olmayacaq. Iranda oğrunun əlini kəsirlər, bəyəm daha oğurluq olmur? Problemin kökünü tapmaq lazımdır, insanlar ona görə elektriki, qazı oğurlayır ki, onun pulunu ödəyə bilmirlər. Iş yeri yox, müavinətlər az, əkib-tökdüyü məhsul da pula getmir…” – bu analizi isə mənim üçün adının çəkilməsini istəməyən bir rayon ziyalısı edir.

“Barıt çəlləyi kimiyik”

AXCP Sabirabad şöbəsinin sədri Səttar Şahlarov isə son aylarda rayon mərkəzində və kəndlərdə işıq və qazların kəsilməsi hallarının (onun məlumatına görə, bəzən kiçik məbləğlərə -15-25 manata görə) kütləviləşməsində bir siyasi maraq olduğunu da düşünür: “Ola bilər ki, kimlərsə burada da Quba üsyanının təkrarlanmasında maraqlıdır. Sabirabad onsuz da barıt çəlləyi kimidir. Bunlar da bir tərəfdən insanların əsəbinə terror edirlər. Onlar deyəsən, hələ də anlamır ki, Sabirabadda insanlar ayağa qalsa, bu, Quba variantı olmayacaq, bütün ölkəyə sirayət edən hadisə olacaq”.

Qaz həsrətində…

Sabirabad kəndləri SSRI-nin vaxtında tam qazlaşdırılıb. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişindən dərhal sonra qazın nəqli dayandırılıb. Kəndlərin çoxundan rayonlararası qaz borusu keçsə də, hələ ki, ondan kəndlərə də şaxə ayırmaq heç kimin planında deyil. Doğrudur, camaatda zəif də olsa, 2013-cü ilə ümid var. Guya, Ilham Əliyevin tapşırığına əsasən, o vaxta qədər bütün kəndlər qazlaşdırılacaq. Lakin rayondakı 75 yaşayış məntəqəsinin indiyədək cəmi 5-nin qazlaşdırıldığını nəzərə alanda, o tapşırığın necə bir acı zarafat olduğunu anlamaq çətin olmur.

Yolsuzluq

Başçının qarajı

Rayona gedən yola (bu yol “Bakı-Daşburun magistralı” adlandırılır) yoldan başqa hər şey demək olar. O, yoldan çox, yolsuzluğu xatırladır. 5 rayonu Bakı ilə birləşdirən bu “yolun” ortalarında elə oyuqlar var ki, rayona deputat təyin olunan Ceyhun Osmanlı və Rüstəm Xəlilov o oyuqlarda rahat oturub, kənardan görünməyə bilərlər. Doğrudur, yolun bir ucunda təmir başlayıb. Bir ildir ki, həmin təmir adına cəmi 7 kilometri qaza biliblər. Bu gedişlə Sabirabad yolu, inşallah, 2020-ci ilə yekunlaşa bilər.
Orada çalışanlardan birilə söhbətdə işin nə üçün zəif getməsilə maraqlandım. Onun dediyinə görə, yol üçün ayrılan vəsait dayandırılıb, Bakıdan deyiblər ki, “sabirabadlılar minə dözüblər, min birə də dözərlər, indi əsas pul, işçi qüvvəsi ”Eurovision” üçün çalışır”.

Uşaqlar da ölür, anaları da…

Sosial durumun ağırlığı o dərəcədə şiddətlənib ki, yerli icra hakimiyyəti də bunu ehtiyatlı formada da olsa, etiraf etmək məcburiyyətində qalıb. Məsələn, yanvarın sonunda icra başçısı illik hesabatında doğuş zamanı ana və uşaq ölümlərinin sayının ötən illə müqayisədə artdığını bildirib. Yenə eyni hesabatda rayonda ötən illərlə müqayisədə şəkər, vərəm, brusellyoz kimi xəstəlikərin artdığı vurğulanıb və buna görə rayonun baş həkiminə xəbərdarlıq edilib. Rayon kəndlərində həkim çatışmazlığı da etiraf olunan problemlərdəndir. Lakin insanların xəstəliklər əlində əsir-yesir qalması həkimsizlikdən daha çox ağır güzəran, bol streslə bağlıdır. Rayonda ağzında gözə girəcək qədər diş boşluğu olan gəncləri gördüm. Aydın məsələdir ki, onlar 20-30 manat verib dişlərini düzəltdirmək əvəzinə, kasıbçılığın diqtəsilə 2 manat verib, çürük dişi çəkdirməklə canlarını dincəldirlər.

Təhsil də Sabirabadda dəfn edilib

İcra başçısının pəncərəsi önündə cəhənnəm mənzərəsi

Sabirabadda təhsil haqqında isə ancaq keçmiş zamanda danışmaq olar. Çünki o, indi rayonda özünü ancaq yoxluğuyla göstərir. Məncə, bir fakt deyilənləri daha düzgün əks etdirər: keçən ol orta məktəbi bitirən 1864 şagirdin 44 faizi (830 nəfər) attestat ala bilməyib. Təhsil sektorunda çalışan məmurun dediyinə görə, hələ attestat alan 54 faizlik göstərici də ciddi şübhələr altındadır. Çünki onların da yarıdan çoxu şirinliklə “kamal”a (attestatın qabaqkı adı “kamal attestatı” idi) yetişiblər.

Novruzəlilər…

Sabirabadda nəşr olunan Icra Hakimiyyətinin rəsmi orqanı “Suqovuşan” qəzetindəki bir məqalədə başçının rayon pedaqoji kollektivini “novruzəliliyə” görə, yəni, dövrün elmi-texnoloji nailiyyətindən – kompüterdən, internetdən lazımınca yayarlanmadığına görə tənqid etdiyini oxudum. Dərhal gözlərim qəzetin saytını axtardı. Geniş xalq kütləsinə yenilikdən bəhrələnməyi tövsiyə edən başçının öz nəşrinin saytı yox idi…
Sabirabad Rayon Icra Hakimiyyətinin isə saytı var. Ancaq bu sayt da komediya janrından mərhum deyil. Saytda bir bölmə var – elektron xidmətlər. Həmin bölməni tıklayanda adam düşünür ki, yəqin, qarşısında icra orqanlarına “e-mail”lə söz demək imkanı-filan olacaq. Amma əvəzində nə görürsən? Mobil və xidməti telefon nömrələri. Görünür, Sabirabad Rayon Icra Hakimiyyətində elektron xidməti belə qavrayıblar.

Analoqsuz şikayətçi ordusu

“Suqovuşan”dakı, icra başçısının şəninə həsr olunan xatırlatdığım yazı əslində, iki başqa ciddi məqamı da dolayısıyla göstərir. Məqalədə icra hakimiyyətinin əhalinin müraciətlərinə diqqət ayırdığını göstərmək üçün bir fakt qabardılıb: ötən il icra hakimiyyətinə ən müxtəlif məzmunlu 8054 şikayət və müraciət daxil olub. Sual yaranır: bəs bu qədər insanı şikayətə vadar edən səbəb nədir? Ölkə və Sabirabad günü-gündən inkişaf edirsə, bu insanlar nədən narazıdır?

Başçıda fərasətə bax…

“Suqovuşan”ın daha bir rəqəminə diqqət yetirək. Qəzetin yazdığına görə, icra başçısı ötən il aparatında 42 görüş keçirərək, ümumilikdə 2161 vətəndaşı şəxsən qəbul edib dinləmişdir. Riyaziyyatın elementar imkanlarından istfadə etsək, bu rəqəmlərdə dəhşətli bir yalan olduğunu üzə çıxararıq. Hesablamaya görə, 42 görüşün hər birində icra başçısı Ismayılov azı 51 nəfəri qəbul edib. Hər şikayətçinin dinlənilməsi və ona verilən cavabı ən azı, 10 dəqiqədən hesablasaq, belə çıxır ki, cənab Ismayılov həmin gün otağından çıxmadan, yeyib-içmədən səkkiz saat yarım işləyib. Inanan daşa dönsün…

Məscidin yolunu kəsən qaraj

Mən aydınlaşdıra bilmədim, qəbula düşən 2 mindən artıq vətəndaşın neçəsi icra başçısına onun özündən şikayət edib. Amma rayon mərkəzində görüşdüyüm 8 adamdan 6-sı belə bir şikayəti “Azadlıq”a etdilər. Adamlar deyir ki, N.Ismayılov rayona çatan kimi, yaşadığı evin qabağındakı yolu tam kəsərək, orada özü üçün qaraj tikdirib. Bu yoldan minlərlə sabirabadlı istifadə edirmiş. Bu yol həm də rayon məscidinə gedən yollardan sayılır…

Abadlıq?!

Rayonun mərkəzi küçələrindəki dükanlar icra hakimiyyətinin məcburi göstərişlərilə “müasir dövrün tələblərinə uyğunlaşdırılıb, onlara estetik görkəm verilib” (sitat başçının məruzəsindən götürülüb). Müasir dövrün tələblərinə və estetikaya bu qədər aşiq olan icra hakimiyyəti nədənsə, oturduğu binanın 50 metrliyindəki pəncərələri qırılan, bəzi şüşələrinə sellofan tutulan, divarlarında mamr bitən inzibati binaya rahatlıqla dözür.

Bu da kitaba qiymət…

Kitabxanada “müasir” istilik sistemi

Sabirabaddakı Sabir kitabxanasına girəndə adam özünü Tora-Bora mağarasında hiss edir. Divarlarda boyalar tökülüb, bəzi otaqlarda döşəmə ümumiyyətlə yoxdur, işçilər torpağın üstünə palaz və bu qəbildən nəsə salıb. Kitabxanada qızdırıcı sistem yoxdur, işçilər donmasın deyə, elektrik piltələr yandırırlar. Onlardan bu vəziyyətdə işləməyi özlərinə necə sığışdırdıqlarını soruşuram. Cavabdan anlayıram ki, bu insanlar ağır aqibətlərilə barışıblar…

Natiq Güləhmədoğlu