Qubanın yeni başçısı da Ziya Məmmədovun adamı oldu

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Alı oğlu Ağayev Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Martın 15-də axşam saatlarında Mübariz Ağayev rayon ictimaiyyətinə təqdim olunub. Yeni icra başçısını Prezident Administrasiyası şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.
Ağayev Mübariz Alı oğlu 01 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.
1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayıb. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor,
1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illlərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası
Qiymət Müfəttişliyində rəis, 1991-1995 ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor,
1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək ASC idarə heyətinin sədri vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
14 dekabr 2007-ci ildə Mingəçevirin icra başçısı təyin edilib. Son təyinatına qədər də orda çalışıb.
Onu da qeyd edək ki, Mübariz Ağayev də Qubanın bundan əvvəlki icra başçısı Rauf Həbibov kimi hakimiyyət çevrələrində nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxs kimi tanınır. Onun vaxtilə Göyçaya, sonra isə Mingəçevirə
icra başçısı vəzifəsinə təyinatında da nəqliyyat
nazirinin mühüm rol oynadığı bildirilir.
Məlumatlara görə Qubadakı xalq üsyanından sonra bir çox
iri ranqlı məmurlar bu turizm rayonuna öz adamlarını yerləşdirmək üçün cəhdlər göstərirdi. Ancaq son andan
dövlət başçısı yenidən həmin rayona Ziya Məmmədova
yaxın şəxsi icra başçısı təyin etdi.
“Azadlıq”a daxil olan məlumata görə yaxın günlərdə daha bir neçə rayonun icra başçılarının yerdəyişməsi olacaq.

İnformasiya şöbəsi