Azərbaycan hakimiyyəti öz talançı siyasətini buna qarşı çıxan insanlara iyrənc hücumlar təşkil etməklə davam etdirir. Çünki bu talanın gen ətəklərini yığışdıra bilmirlər. Həmkarımız Xədicə Ismayıla qarşı şantaj da elə bunun üçün idi. Xədicə xanımın hansı araşdırmalar apardığını və bunun hakim ailə üçün nə demək olduğunu da anlayırıq. Amma yenə də bu murdar şantajın mənası adama çatmır. Bəli, bunlar istənilən insana kifayət qədər təhlükəli və amansız zərbədir. Hər kəsə pis təsir edir. Amma görmürlərmi ki, ağlı başında olan adamlar bununla öz yolundan dönmür.
Görmürlərmi ki, bu 1 günlük ajiotaj heç nəyi dəyişmir, heç nəyi unutdurmur. Nə Dubay mülkləri, nə Azərfon, yaxud Ataholdinq və digərləri bununla unudulmayacaq. Heç vaxt yaddaşlardan silinməyəcək. Bir daha deyirik, əksinə, bütün dünya, bütün Azərbaycan Xədicənin hansı işlərə görə şantaj edildiyini təkrar-təkrar yada salacaq. Onda bu qalib görkəmli oyunların nə faydası var onu edənlərə?!
Bu yerdə deyirlər ki, QALIBLƏRƏ KƏDƏR! Mən tarixi çox da detallı bilmirəm. Amma ondan kimlər üçünsə maraqlı xatırlamalar edə bilərəm. Tarixdə Pirr qələbəsi var – bu haqda hər kəs bilir. Qalib gəlirsən, amma az qala hər şeyini itirmisən. Lakin Roma tarixində bundan da biabırçı bir qələbə var.
Bu, eradan əvvəl 4-cü əsrdə Qalliya qoşunlarının Romaya hücumu ilə bağlıdır. Yəqin qazların Romanı xilas etməsini xatırladınız. Romada vəziyyət Azərbaycanın indiki durumunu xatırladırdı. Çoxluq təhlükədən qaçıb gizləndi. Təkcə min nəfər Kapitoliyə sığınıb tabe olmadı. Romanı alan 30 min nəfərlik Qalliya ordusu uzun müddət bu az adamın inadını qıra bilmədi. Elə bu səbəbdən də, Romanı alsalar da, ona tam sahib çıxa bilmirdilər. Bu durum o qədər uzandı ki, qış gəldi, çətinliklər başladı, xəstəliklər onları üzməyə başladı.
Axır ki, Qalliya qoşunlarının başçısı Brenn 1000 funt qızıla Romadan geri çəkilməyə razı olduğunu söylədi. Lakin ödənilən qızılın kütləsinin çəkilməsi zamanı Roma əsgərlərindən biri tərəzini təpiklə vurub yıxdı ki, sizin tərəziniz düz çəkmir. Bu cür aşağılanma qarşısında Brenn tarixə düşən bir söz dedi: Qaliblərə kədər! Bu, ifadə qalibin məğlub qarşısında acizliyini ifadə edirdi. Zatən də digər romalıların köməyə gəlməsi hesabına Qalliya əsgərləri məğlub oldular.
Bizim hakimiyyətin bu şantaj əməli də Qalliya ordusunun durumunu xatırladır. Ancaq kədər əldə edirlər. Elə Xədicə Ismayıl da finalı yaxşı bir cavabla bitirib: “Ayıb xalqın cibinə girməkdir!”
Xədicə Ismayıl nəyi göstərdi?
ýDoğrusu, bütün bu hadisələrdən sonra bir qənaətə gələ bilərik. Jurnalist Xədicə Ismayıl göstərdi ki, tək bir insan irticaya qarşı necə böyük mübarizə apara bilərmiş. Bu möhtəşəm dirəniş tarixdə qalacaq. Tək bir insanın gücü kimi. Amma zaman da göstərdi ki, o tək deyil, vicdanı olan hər kəs onun yanındadır. Haqlı mübarizənin nəticəsi kimi…
Talançının 1 qəpiklik səxavəti
Ilham Əliyev hakimiyyətinin qələbələri həm də ona görə kədərlidir ki, milli sərvətləri talayan zamanı çox səxavətli olurlar, xalqa üz tutanda isə qəpiyə keçirlər. Sovet banklarında qalan pulların qaytarılması ilə bağlı dünən imzalanan fərman yəqin ki, hər kəsin ürəyini yaraladı. 500 rubl 1 qəpik kimi hesablanıb. 10 min rubla 1 min manat verirlər. Təhqirdir xalqa. Evi sökülənlərə də belə ödəyirlər pulu. Xalqın pulunu xalqa verməyə əlləri gəlmir.

Qaliblərə kədər
•