Torsten Yunqholt öz suallarıyla naziri pərt elədi: «Ölkənizdə azad fikrə maneə yoxdursa, o zaman nə üçün siyasi məhbuslarınız var?»
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın “Die Welt” qəzetinə müsahibə verib. Nazir müsahibə zamanı jurnalist Torsten Yunqholtun çətin sualları ilə üz-üzə qalıb.
Müsahibəni qısa ixtisarla təqdim edirik:
– Cənab nazir, pop musiqisini sevirsiniz?
– Bəli, sevirəm. Bu səbəbdən sevinirəm ki, keçən il Azərbaycan qalib gəldi və “Eurovision” yarışması bu ilin may ayında Bakıda keçiriləcək.
– Ölkənizə bu qədər beynəlxalq diqqət nə ilə bağlıdır?
– Bu, təkrarolunmaz musiqi yarışmasıdır. Azərbaycan üçün bu, Avropa və digər ölkələrə zəngin tariximizi, mədəniyyətimizi çatdırmaq şansıdır. Biz göstərmək istəyirik ki, Avropa ailəsinin üzvüyük.
– Ölkənizin hüquq müdafiəçiləri “Eurovision”un keçiriləcəyi “Crystal Hall”un tikintisi zamanı yol verilən özbaşınalıqlar haqda məlumat yayırlar. Bu haqda nə deyə bilərsiniz?
– Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz keçən illər ərzində çoxsaylı yollar, körpülər, yeraltı keçidlər, evlər tikmişik. “Crystal Hall”un ətrafında xeyli sayda köhnə və zədəli bina var idi. Nazirlər Kabinetinin qərarı ilə evləri sökülən bütün vətəndaşlar kompensasiya və daşınma haqqı alıblar. Inanın mənə, bütün vətəndaşların mülkiyyəti qanunla qorunur.
– “Human Rigts Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı rəsmi Bakının jurnalistlərə və müxalifətçilərə qarşı “düşmən münasibəti”nin olduğunu bildirmişdi. Siz bu balansı yaxşılaşdırmağı düşünmürsünüz?
– Demokratikləşmə, insan haqlarına hörmət və hüquqi dövlət prinsipi bizim siyasətimizin prioritetləridir. Biz BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvüyük. Bizdə siyasi partiyalar var, həmçinin müxalifət partiyaları. Onlar sərbəst şəkildə işləyə bilər. Əksəriyyətinin öz qəzet və saytları var ki, orada hökuməti tənqid edə bilərlər. Heç kəs azad fikrin ifadə edilməsinə mane olmur.
– O zaman nə üçün siyasi məhbuslarınız var? Almaniyanın Ombudsmanı Markus Löninq siyasi məhbusların azad olunmasını tələb etmişdi…
– Azərbaycanda siyasi məhbuslar yoxdur. Heç kəs onun düşündüyü kimi həbs edilməyib. Markus Löninq keçən il ölkəmizə səfər etmişdi. Onun burada vətəndaşlarımızla sərbəst söhbət imkanı vardı. Ümumiyyətlə, siyasi məhbus nə deməkdir? Onların şüar kimi, necə gəldi işlətdiyi “siyasi məhbus” anlayışının dünya üzrə qəbul olunmuş ümumi kriteriyası yoxdur. Bir daha deyirəm, jurnalist olsun, yaxud başqa vətəndaş – öz fikrini sərbəst ifadə edə bilər. Ancaq heç kəs qanundan üstün deyil. Buna əməl olunmalıdır.
– Bəlkə problem elə qanunların özündədir?
– Biz insan haqları sahəsində xeyli islahat aparmışıq. Məhkəmə islahatı həyata keçirmişik, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə aparırıq. Bizim tolerant cəmiyyətimiz var. Fərqli dindən olanlar, etnik azlıqlar yüzillərdir birgə yaşayır. Əlbəttə, biz bu islahatları davam etdirməliyik. Bizim məqsədimiz dünya standartlarında insan haqlarını qorumaq, demokratiya və hüquqi dövlət qurmaqdır.
– Bir sıra vətəndaşlarınız yarışma ilə paralel olaraq, “Demokratiya üçün oxu!” kampaniyasına qatılmağı düşünür…
– Bu, hər şeydən əvvəl mədəni tədbirdir, siyasətlə qəti əlaqəsi yoxdur. Ifadə azadlığına uyğun olaraq, hər kəs mahnı oxumaq hüququna malikdir. Deməli, kim mahnı oxumaq istəyirsə, qoy oxusun. Bu, “Eurovision”un ruhuna uyğundur.
– Ermənistan yarışmada iştirakdan imtina etdi. Siz Qarabağ konfliktinin yüksələn xətlə inkişafından ehtiyat edirsinizmi?
– Iştirakdan imtina siyasətlə əlaqələndirilməməlidir. Iyirmi ildir ki, BMT qətnamələri erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına çağırır. Buna baxmayaraq, aparılan bütün danışıqlar iflasa uğrayıb. Amma biz sülh danışıqlarını davam etdirməyə hazırıq. Status-kvo qəbuledilməzdir. Ümid edirəm ki, Ermənistan rəhbərliyi özündə müdriklik tapıb, münaqişənin siyasi həllinə imkan yaradacaq.
Müsahibənin sonunda Elmar Məmmədyarov Almaniya xarici işlər nazirinin Bakıya səfəri və Iranın nüvə proqramı ilə bağlı sualları cavablandırıb.
Siyasət şöbəsi


