“The New York Times” məşhur Kojeni olayını xatırladı
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində “Dooney and Bourke” şirkətinin təsisçisi Frederik Burke və çex əsilli iş adamı Viktor Kojeninin Azərbaycan hakimiyyətinin rəsmilərinə rüşvət ödəməsi haqda məlumatı yenidən gündəmə gətirib. Qəzetin ABŞ administrasiyasının rüşvət və korrupsiya hallarına qarşı mübarizəsindən bəhs edən məqaləsində Burke və onun ortağı Kojeninin Azərbaycan hakimiyyətinə şəxsi biznes maraqlarının təmin olunması üçün külli miqdarda pul ödəməsiylə bağlı 2009-cu ildə başlanmış məhkəmə prosesi də xatırlanır.
“The New York Times”ın məqaləsində xatırladılır ki, Burke məhz Kojeni vasitəsilə Azərbaycan hakimiyyətinin yüksək vəzifəli rəsmilərinə milyonlarla dollar ödəməklə ölkəmizin neft sektoruna investisiyalar qoyulmasında “xüsusi güzəştlər” qazanıb:“Burkeyə qarşı irəli sürülən ittihamlar arasında sübuta yetirilən faktlar da var. Onun Azərbaycan rəsmilərinə ödədiyi milyonlarla dollar rüşvət çemodanlara yüklənib və həmin çemodanlar çeçen silahlılarının qoruması altında xüsusi təyyarəylə Bakıya gətirilib”.
İnformasiya şöbəsi