Jurnalistə qarşı şantaj dünyanı hərəkətə gətirdi

Avropa Parlamenti Ilham Əliyevə müraciət etdi, ATƏT hökumət qarşısında tələb qoydu

Azərbaycan hakimiyyəti olayı pisləmək məcburiyyətində qaldı

“Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə bağlı Baş Prokurorluqda Daxili Işlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında cinayət işi başladılıb. Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə başladılan cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Əli Həsənov şantajı pislədi

Dünən Prezident Administrasiyasından məsələyə iki ayrı rəhbər şəxs münasibət bildirib. Qurumun ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum”a açıqlamasında hazırda dövlət orqanlarının məsələni araşdırdığını və nəticələr barədə məlumat veriləcəyini bildirib: “Vətəndaşa qarşı belə bir hərəkətin törədilməsi konstitusiyaya ziddir. Şəxsi həyatın toxunulmazlığı Konstitusiyada təsbit olunub və Azərbaycanda heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz. Kimin törətməsindən asılı olmayaraq, belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür. Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Jurnalist Xədicə Ismayılın məsələsinə gəldikdə isə deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik”.

“Hakimiyyət şəxsi həyata müdaxiləni qəti şəkildə pisləyir”

Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov isə X.Ismayılın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat verib: “Bir neçə gün öncə Azərbaycan internet məkanında ”Azadlıq radiosu”nun Azərbaycan bürosunun əməkdaşı Xədicə Ismayılın şəxsi həyatına aid videogörüntülər yayılıb. Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır. Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik. Məsələni araşdıran hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək. Azərbaycan hakimiyyəti Xədicə Ismayılın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır”.

“Bu işin arxasında hakimiyyət dayanmırsa…”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də X.Ismayıla qarşı şantaj kampaniyasını pisləyib. Miyatoviç deyib ki, Azərbaycan hakimiyyəti dərhal məsələni araşdırmalıdır: “Bu məsələ söz azadlığı və araşdırmaçı jurnalistika ilə bağlıdır. Xədicəni şəxsən tanıyaraq və onun necə qorxmaz jurnalist fəaliyyəti göstərdiyini bilərək bu hadisənin qadına qarşı, özü də hakimiyyətin, yaxud başqalarının törətdiyinə fərq qoymadan qanunsuzluqları açıb göstərən araşdırmaçı jurnalistə qarşı edilməsi dərin narahatlıq doğurur. Ümid edirəm ki, hakimiyyət orqanları Xədicəni hər cür problemlərdən qorumaq üçün əllərindən gələni edəcək. Mən bu məsələni nəzarətdə saxlayıram və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə əlaqə qururam ki, araşdırma Xədicənin şəxsi həyatının qorunması istiqamətində sürətlə irəliləsin. Baxmayaraq ki, artıq ona və onun şəxsi həyatına qarşı çox çirkin hadisə baş verib. Bir məsələ də var ki, kimsə internet saytında hakimiyyətə qarşı nəsə yazırsa, dərhal onun dəmir barmaqlıqlar arxasına salınması, yaxud qorxudulması, təqib edilməsi yönündə addımlar atırlar. Amma Xədicənin işi kimi məsələlərdə çox ləngdirlər. Hakimiyyət belə işlərin arxasında dayanmırsa, onda bunu dərhal araşdırmalı və bu kimi yolverilməz kampaniyalar dayandırılmalıdır. Ümid edirəm ki, bu iş tezliklə yekunlaşdırılacaq və Xədicəni öz şəxsi həyatı ilə baş-başa buraxacaqlar. Bu, cəmiyyətdəki tənqidçi səslərin susdurulması üçün əsas olmamalıdır, tənqiqdlərə meydan olmalıdır. Həmin tənqidlər xoşumuza gəlsə də, gəlməsə də”.

Xədicə Ismayıla mənəvi terror Türkiyə mediasında

X.Ismayılın şəxsi həyata müdaxilə olunmaqla şantaj edilməsi qardaş Türkiyənin ən nüfuzlu nəşrlərindən olan “Hürriyet” qəzetində manşet xəbəri kimi verilib. Qəzet X.Ismayıla qarşı təhdidlərin Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyeva haqqında apardığı araşdırmalardan sonra gəldiyinə işarə edib: “Azadlıq” radiosunun Azərbaycan bürosunda işləyən Xədicə Ismayıl dövlət məmurlarının korrupsiya əməllərini ifşa edən yazılara görə mükafat alan jurnalist kimi tanınır. Keçən həftə “Düz yola gəlməsən, səni alçaldarıq” məzmunlu bir məktub aldığını deyən Xədicə Ismayıl internet məkanında düşən bir videoda görünüb. “Bu videonun ortaya çıxması məni dayandırmayacaq, işləməyə davam edəcəm” deyən Ismayıl bunun təkcə şəxsi həyatla bağlı olmadığını, eyni zamanda mühafizəkar ölkədə həyatına qarşı bir təhdid olduğunu deyib. Beynəlxalq media təşkilatları məsələ ilə bağlı tədqiqat aparılmasını tələb ediblər”. Qəzet məsələ ilə bağlı “Wikileaks” materiallarına da diqqət çəkir: “2009-cu ildə göndərilmiş bir hesabatda Ilham Əliyev Xədicə Ismayılı ”hökumət düşməni” adlandırmış, Amerika səfirindən qadın jurnalistin radioda fəaliyyətini dayandırması üçün fəaliyyətə keçəməsini istəmişdi”.

“Bu cür şantajlar panikanın əlamətlərindən başqa bir şey deyil”

X.Ismayıla qarşı mənəvi terrorla bağlı tarixçi alim, Ziyalılar Forumunun üzvü Cəmil Həsənli ibrətamiz bir məqalə dərc etdirib. “Contact.az”da dərc olunan məqalədə qeyd edilir ki, öz yaradıcılıqlarını bu işlərə həsr edən ssenaristlər, rejissorlar və prodüsserlər başqalarının yataq otaqlarından, hamamlarından “canlı yayımlar” vermək həvəsində ola bilərlər, ancaq unutmasınlar ki, bütün bunlar insanların özəl həyatıdır. Özəl həyatın hər hansı bir məqamından “canlı yayım” eşqinə düşmək isə psixoloji xəstəliyin də sağalmaz əlaməti sayıla bilər: “Ona görə də belə əxlaqsız əməllərə aludə olanlar yaxşı olar ki, öz xəstəliklərinin müalicəsi ilə məşğul olsunlar”.
C.Həsənli deyir ki, hakimiyyəti tənqid edən jurnalistlərə qarşı belə əxlaqsız yollara əl atmaq birinci hadisə deyil: “Vaxtilə ”Azadlıq” qəzetinin əməkdaşlarına qarşı da belə əxlaqsız üsullardan istifadə edilmişdi. Hər bir vətəndaşının yataq otağına girməyi dövlət idarəçiliyinin adi bir normativi halına gətirənlər bir gün bu şantaj bumeranqlarının onları da vuracağına əmin ola bilərlər.
Xədicə Ismayılın şəxsi həyatını texnologiyanın müasir imkanlarından istifadə etməklə internetə daşıyanlar bilməlidirlər ki, ilk növbədə onun jurnalist araşdırmalarında ortaya qoyduğu təkzib edilməsi mümkünsüz olan rüsvayçı faktlara aydınlıq gətirilməli, yüksək vəzifəli şəxslərin açıq korrupsuya əməllərinin hesabatı verilməlidir. Bu cür şantajlar panikanın əlamətlərindən başqa bir şey deyil”.

“Baş verənlər Elmar Hüseynovun öldürülməsindən heç də yüngül deyil”

Tanınmış vəkil Aslan Ismayılov isə hesab edir ki, məlum şantaj olayı tək X.Ismayıla yox, bütün Azərbaycan xalqına qarşı əxlaqsızlıqdır: “Bu, bütün əndazələrin aşılması, Konstitusiyanın, qanunların ayaq altına atılması, milli adət-ənənələrin, dəyərlərin tapdanmasıdır. Hesab edirəm ki, baş verənlər Elmar Hüseynovun öldürülməsindən heç də yüngül deyil. Əgər qanunlar varsa, dövlətçilik varsa, bu məsələ təcili şəkildə araşdırılmalı, cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Bununla Baş Prokuror, daxili işlər naziri, milli təhlükəsizlik naziri məşğul olmalıdır. Bu iş yaxın müddətdə açılmasa, demək adıçəkilən orqanların bu hadisədə  əli var”.

“Bu şantaja rəsmi şəkildə icazə verilib”

Jurnalistləri Müdafiə Komitəsi X.Ismayılla bağlı növbəti dəfə bəyanat verib. Bəyanatda deyilir ki, bu biabırçı kampaniyada hökumətyönlü mətbuatın da iştirakı onun əlamətidir ki, şantaja rəsmi şəkildə icazə verilib. Bu isə “Euriovision” müsabiqəsinə qatılacaq 40-dan çox ölkənin jurnalistlərini xoş qarşılayacağını iddia edən hökumətin reputasiyasını aşağı salır. Bəyanatda vurğulanır ki, hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzeti martın 12-də jurnalisti əxlaqsızlıq və korrupsiyada ittiham edən məqalə dərc edib. Bundan əvvəl isə onun evinə şantaj məktubları göndərilib.

Avropa Parlamenti Ilham Əliyevə müraciət etdi

Avropa Parlamentinin 10 üzvü Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı prezidentÿIlham Əliyevəÿmüraciət ünvanlayıb. Müraciət Xədicə Ismayıla qarşı aparılan kampaniyanın pislənməsilə başlayır: “Dünya Beynəlxalq Qadınlar Gününü qeyd edərkən jurnalist Xədicə Ismayıla xüsusi ”hədiyyə” göndərildi: şəxsi həyatını göstərən 6 foto və həqarətlə yazılmış şantaj məktubu. Biz əminik ki, bu hədə onun peşəkar fəaliyyətilə bağlıdır. Belə şeylər demokratik ölkələrdə baş verməməlidir. Bu, bizi həm də ona görə narahat edir ki, Xədicə Ismayılın işinə görə susdurulma cəhdləri ilk dəfə deyil”.
Müraciətdə qeyd olunur ki, bu hadisə Azərbaycanda insan haqları və demokratiya mühitinə kəskin zərbə vurur. Qeyd olunur ki, jurnalistlərə hücum və cinayətkarların cəzasızlıq mühitindən istifadə etməsi onların fəaliyyətinə əngəl törədir. 7 il əvvəl “Monitor” jurnalının qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun qatilinin hələ də tapılmamağından narahatlıq vurğulanır: “Biz sizə müraciət edirik ki, jurnalist Xədicə Ismayılın şərəf və ləyaqətinin müdafiəsində əlinizdən gələni edəsiniz və onların qorxu və hədə, şantaj və zorakılıqla üzləşmədən öz peşələrini davam etdirmək haqqına zəmanət verəsiniz”.