“O hadisələr zamanı Heydər Əliyev dərman atıb yatmışdı”

Rəsul Quliyev: “Hökumətin 90 faizi Cavadov qardaşlarından qorxurdu”

Martın 17-si hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) arasında yaşanan silahlı qarşıdurmanın 17 ili tamam olacaq. Həmin hadisələr barədə “Azadlıq” radiosunun suallarını o vaxt parlamentin sədri olmuş, hazırda mühacirətdə yaşayan Rəsul Quliyev cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.

– Sizcə, o hadisələrdə dövlətçilik qorundu, bərpa oldumu?
– Görülmüş iş doğru idi. Amma bu görülmüş iş dövlətçiliyin bərpa olunmasına xidmət etmədi. 17 mart hadisələrindən sonra dövlətçiliyin yox, Heydər Əliyevin diktaturasının bərpası baş verdi. Ona görə də xalqda belə bir fikir formalaşdı ki, o vaxt OMON qalib gəlsəydi, bəlkə də Azərbaycan bu gün bu vəziyyətdə olmazdı.

– Bəs Siz nəyə ümid edirdiniz?
– Heydər Əliyevin öz diktaturasını bərpa edəcəyinə o vaxt biz inanmırdıq. Düşünürdük ki, dövlətçiliyimizi bərpa edirik və demokratik cəmiyyət quracağıq.

– O vaxt mərhum Rövşən Cavadov Sizin də istefanızı gündəmə gətirmişdi…
– Əslində, Cavadov elə mənim istefamı tələb edirdi. Başqa bir adamın istefasını tələb etmirdi.

– Nəyə görə?
– Çünki hökumətdə olanların demək olar ki, 90 faizi Cavadov qardaşlarından qorxurdu. Ona görə də altdan-altdan Cavadov qardaşları ilə əlaqə yaratmaq istəyirdilər, onlara xəbərlər göndərirdilər ki, “bizi yuxarıdan qoymurlar, məcbur edirlər ki, sizə qarşı çıxaq. Bu işlərin hamısının başında Rəsul Quliyev dayanır. O, Heydər Əliyevə imkan vermir sizinlə yaxınlaşsın”. Cavadov qardaşları da əvvəl-əvvəl belə düşünürdülər ki, mən olmasam, bunlar hakimiyyəti Heydər Əliyevlə bölüşdürə bilərlər.

– Heydər Əliyev özü necə yanaşırdı baş verənlərə?
– Martın 13-də Heydər Əliyev xarici səfərdən qayıtdı, ardınca da Pakistana getməli idi. Amma getmədi. Çünki əvvəlki səfərdəki görüşdə Süleyman Dəmirəl Heydər Əliyevə demişdi ki, “sizdə Cavadov qardaşları dövlət çevrilişi yapacaqlar”.
Cavadov qardaşları mənim istefamı tələb edəndə, Heydər Əliyev gecə iclas keçirtdi. Iclasda 4-5 adam iştirak edirdi. Baş nazir, mən, özü, bir də baş prokuror. Mən orda dedim ki, elə bu gecə hazıram, parlamenti yığım, istefa verim. Ancaq Heydər Əliyev bilirdi ki, mənim getməyim onun da vəzifəsini itirməyi ilə qurtarmalıdır. Dedi ki, bu, qəti surətdə yolverilməzdir.
Heydər Əliyev nazirlərinin tamamilə qorxu içində olduqlarını görürdü, onların hər biri ayağa durub dedi ki, biz bunun qarşısını ala bilməyəcəyik. Cavadov qardaşları da gördülər istefa məsələsi bir nəticə vermədi, 3 gündən sonra başladılar Heydər Əliyevin istefasını tələb etməyə. Heydər Əliyevin istefasını tələb etməyə də səbəb Qazax OMON-nun tərksilah edilməməsi oldu.
17 mart hadisələri baş verməmişdən əvvəl də bir-iki dramatik vəziyyət yarandı. Usubov 5 minlik qoşunla başda Mahir Cavadov olmaqla, 10 nəfər OMON-çunu tərksilah edə bilmədi. Həmin 10 nəfər Mahir Cavadovla birlikdə o qoşunun arasından keçib getdi “8-ci kilometr”ə. Biabırçı bir vəziyyət idi.  Qazax OMON-nun belə hərəkət etməsi çox komik bir vəziyyət yaratmışdı. Heydər Əliyev dəhşətli dərəcədə depressiyaya, təlaşa düşmüşdü.
Haradasa ayın 16-da Heydər Əliyev dedi ki, o, 500 nəfərdən ibarət bir qrup hazırlayıb. Bu çox dəhşətli bir qrupdur, sadəcə, silahları yoxdur. Məndən xahiş elədi ki, müdafiə nazirinə tapşırım, onlara silah versin. Deyirdi bu qrup problemi həll edəcək.

– Özü tapşıra bilməzdi müdafiə nazirinə?
– Çünki Heydər Əliyev ona qədər müdafiə və daxili işlər nazirliklərinin tabeçiliyini mənə vermişdi. Mən rəhbərlik etməliydim OMON-la əlaqədar məsələlərin hamısına. Soruşdum kimdir bu qrup? Məlum oldu ki, 500 nəfərə yaxın bu qrupun başında da Muştu adlı bir adam dayanıb. Mən sözsüz ki, dedim onlara inana bilmərəm, Siz haradan inanırsınız? Dedi yox, bunlar canavar kimi şeydir. Nə isə, beləliklə bu canavar kimi şeylər silahları bizdən aldılar. Bunlar getdilər, üstündən 2 saat keçmiş mənə zəng elədilər ki, bəs bu Cavadov qardaşlarının və OMON-un tələblərinə qulaq asmaq, dediklərini eləmək lazımdır, yəni OMON-dan qorxub geri çəkildilər. Bunların qorxub geri çəkilməkləri cənab Əliyevi təlaşa saldı. Təsəvvür edə bilməzsiniz, o, artıq fikirləşirdi ki, OMON 2-3 saata gəlib Prezident Aparatını tutacaq…
Mən Rövşən Cavadovun özü ilə dost olmuşdum. O, potensialı çox da yüksək olmayan, ancaq çox qabiliyyətli bir insan idi…

– Rövşən Cavadov yaralı olduğu halda, ona tibbi yardım göstərilməməsi barədə deyilənlər nə dərəcədə doğrudur?
– Bu, mütləq mənada yalandır. Mən bu gün də Rövşən Cavadovun başqasının küyünə gedib həlak olmasına ən çox təəssüf hissi keçirən adamlardan biriyəm. Qəti surətdə ölməyə layiq oğlan deyildi. Ona elə-belə atılan güllələrdən biri dəyib. Bəxtindən iş də elə gətirib ki, güllə onun ayağındakı böyük arteriyaya dəyib. Onu həmin an öz adamları maşına qoyub xəstəxanaya aparıblar. O, xəstəxanaya çatana qədər keçinmişdi.

– Bunun yalan olduğunu necə izah etmək olar?
– Çünki bu hadisələrin xəbərdarı mənəm. Yəni, birinci mənbə mənəm. O hadisələr baş verəndə, Heydər Əliyev yuxu dərmanı atıb yatmışdı…

– Ola bilməzdimi ki, Sizdən xəbərsiz kimsə hansısa tapşırığa əsasən bu işi görsün?
– Yox, mümkün deyildi. O cür yaradan sağ qurtarmaq mümkün deyil. O cür yara əməliyyat masası hazır vəziyyətdə olduğu halda, cərrahın gözünün qarşısında baş versə, ola bilsin, bəlkə onu xilas edə bilər.

– Indi həmin hadisələrə görə təəssüf hissi keçirirsinizmi?
– Ümumiyyətlə, Azərbaycanda ölümlə nəticələnən istənilən hadisəyə mən təəssüflənirəm. Məsələn, 1993-cü ilin 4 iyununda Surət Hüseynov qumbaraatanla prezident qvardiyasının təxminən 25 əsgərini bir avtobusda vurub öldürdü. Ona da mən təəssüflənirəm. Hamısı bizim azərbaycanlılardır. Buna necə təəssüflənməmək olar?!