160 minlik BMW merin xidmətinə müvəqqəti verilibmiş
Son günlər mətbuatda məmurların xidməti avtomobilləri ilə bağlı mövzu geniş müzakirə olunmaqdadır. Bu polemikanın açılmasına səbəb isə “Qafqazinfo”da Bakı meri Hacıbala Abutalıbovun xidmətinə verilən son model 7-ci seriya BMW markalı avtomobilin şəkillərinin yerləşdirilməsi oldu. Həmin avtomobilin qiyməti 160 min avrodur. Rəsmi statistikadan isə məlum oldu ki, 2006-cı ildən 2011-ci ilədək xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.
Dünən redaksiyamızla əlaqə saxlayan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Rasim Quliyev Bakı merinin xidməti avtomobili ilə bağlı mətbuatda dərc edilən yazılara etirazını bildirdi. R.Quliyev qeyd etdi ki, mətbuatda yazıldığı kimi H.Abutalıbovun xidməti avtomobilinin dəyəri 160 min avro dəyərində deyil: «Hacıbala Abutalıbovun xidməti maşını 2006-cı ilin istehsalı olan BMW markalı avtomobildir. Biz bunu bütün sənədlərlə sübut etməyə hazırıq».
H.Abutalıbovun xidməti maşınının dəyərinin mətbuatda yazıldığından dəfələrlə aşağı olduğunu deyən R.Quliyev bildirib ki, merin istifadə etdiyi maşın təmirə dayanan zaman icra hakimiyyətinə xidmət göstərən firma onu bir neçə günlüyünə yeni BMW markalı avtomobillə əvəzləyib.
İnformasiya şöbəsi