Milyoner arabaçı oğlu
Onların yaşadığı zaman kəsiyi, bəlkə də Bakının ən uğurlu vaxtları olub. Ölkədəki neft sənayesinin inkişafı ilə meydana çıxan milyonçular qədim şəhərin əsl “memarları” oldular. Onların qazandıqları pullarla maliyyələşdirdikləri və şəxsən tikdirdikləri binalar bu gün də paytaxtın sənət inciləri kimi gözəlliyini qoruyub saxlayır. Bu neft milyonçularından söz açılanda, şübhəsiz ki, ilkin olaraq Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev və Şəmsi Əsədullayevin adı xatırlanır.
O dövrdə Bakının ən zəngin adamlarından biri olan Murtuza Muxtarovun mülklərindən yadigar qalan yalnız iki nümunəni – əzəmətli Səadət Sarayını və Mərdəkanda 24 hektar ərazini əhatə edən məşhur bağı – Dendrarini qeyd etməklə də onun sənət zövqünə bələd olmaq mümkündür. Mərdəkan Dendrarisi 1895-1920-ci illərdə Muxtarovun bağı olub. Səadət Sarayını isə o, həyat yoldaşı Liza xanımın şərəfinə tikdirib. Öz xanımı ilə Avropa səyahətinə gedən milyonçu Venetsiyadakı binaların arxitekturasına heyran qalmış, Bakıda belə bir bina inşa etdirməyi məqsəd qoymuşdu. Bənzər üslubda layihələşdirilən həmin saray bir il ərzində (1911-1912) tikildi. Hər kəs bilir ki, bu Sarayın hər elementi – sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin zərif bir memarlıq nümunəsidir. Sarayı arxitektor Ploşko fransız qotik üslubunda layihələşdirib…
1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində dünyaya gələn M.Muxtarovun çox maraqlı bir həyat hekayəti olub. Atası Muxtar kişi araba ilə Tiflisə mal daşıyar, bunun müqabilində əldə etdiyi qazancla balalarını dolandırırdı. Murtuza kiçik yaşlarından qardaşı Balaəhmədlə birgə atasına kömək edirdi. O illər Bakıdakı neft bumu Murtuzanı da pul qazanmağa həvəsləndirir. O, arabasını satıb, qardaşı ilə birgə Balaxanı və Zabrat kəndləri ətrafındakı neft mədənlərində fəhləlik etməyə başlayır. Həmin dövrdə o, mədənlərdəki texnika ilə yaxından tanış olur, buruq-qazma işini mənimsəməyə çalışırdı. Çalışdığı müddətdə neft mədəni sahibi Martov onun işinə fikir verir və Murtuzaya qazma quyularının sirlərini öyrədir. Beləliklə, M.Muxtarovun həyatında yeni səhifə açılır. Bir az sonra Muxtarov öz şəxsi işini qurmaq üçün icarəyə götürdüyü torpaq sahəsində quyu qazdırmağa başladığı zaman bəxt üzünə gülür, quyular neft fontan verir…
Onun məşhur ixtiraları
Bakıda neft çıxarılması texnologiyasının inkişafı məhz Muxtarovun adı ilə bağlıdır. O, yüksək texniki təhsil almasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini peşəkar bilən bir sahibkar idi.
O həmçinin zamanında diplomsuz neft mühəndisi kimi tanınmış, Azərbaycan neft sənayesi tarixində öz ixtiraları ilə qalmışdır. M.Muxtarov 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O, bu ixtirasına “Bakı qazma sistemi” adı verir. Bu dəzgahın əvvəlkilərdən bir çox üstünlükləri var idi. Milyonçunun başqa ixtiraları da var.
Onun 1890-cı ildə yaratdığı “Podrat qazma” kontoru Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu səhələrdəki quyuların əksəriyyəti onun “Podrat qazma” kontoru tərəfindən qazılmışdır.
O təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahibləri ilə də müqavilə bağlayıb quyu qazırdı, zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı, tez-tez Şimali Qafqaza gedirdi. O, həyatının qadını, milliyyətcə çeçen olan Liza xanımı da burada – general Tuqanovun dəvətini qəbul edib Vladiqafqaza getdiyi zaman tapmışdı. Liza generalın ortancıl qızı idi.
Muxtarov XIX əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir, bununla həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi. Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiya və başqa xarici ölkələrə də satırdı.
M.Muxtarov Bakıdan başqa, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində indiyədək əzəmətini saxlayan bir çox binaların tikilməsinə dəstək vermişdir. Onun Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs Qurani-Kərim hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin Istanbul şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. Indi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub.
Rus işğalçılarının qurbanı olan ailə
Məşhur milyoner Vladiqafqazda da bir məscidin tikintisini maliyyələşdirmişdir. Terek çayının sol sahilində tarixi məscid 1900-1908-ci illərdə inşa olunmuşdur. 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Muxtarov vermişdir. Ona görə də məscidə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar Iosif Ploşkodur. Bakı şəhərindəki Səadət Sarayını da həmin memar layihələndirib.
O həmçinin Bakı real məktəbinin, Temirxan-Şurin qadın gimnaziyasının hamisi, Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü, ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi. Muxtarov maarifçiliyi yaymaq məqsədilə Bakıda “Tərəqqi” qəzetini nəşr etdirirdi.
M.Muxtarov çox qürurlu bir şəxs olub. 1920-ci ildə Qızıl Ordu Bakını işğal edən zaman hərbçilər atlarını suvarmaq üçün onun həyətinə girirlər. Onlar bu malikanənin yeni sahibi olduğunu söyləyib, nəzarətçini hədələyirlər. Səs-küyə çölə çıxan Muxtarov ünvanına söylənilən təhqirlərə dözməyib hərbçilərdən birini yumruqla vurur. Əsgərlər haray-həşır qaldırırlar. Həmin gün sarayda qadınlardan savayı kimsə yox idi. O, çox düşünmədən iş otağına qalxır, tapançasını götürüb, aşağı düşür. Bu zaman pilləkən ilə 4-5 atlı rus zabitinin yuxarı qalxdığını görür. Onlardan iki nəfəri öldürür, birini isə yaralayır. Digərləri isə macal tapıb qaçırlar. Murtuza hərbçilərin ondan qisas alacaqlarını anlayır və elə də olur. Atəş nəticəsində yaralanan Muxtarov dörd gündən sonra vəfat edir. Yaxınları onu türk dostlarının köməyi ilə gecə qaranlıqda gizlicə dəfn edirlər. Bəzi mənbələrdə isə rus işğalçılarına əyilmək istəməyən Muxtarovun özünü güllələdiyi yazılır.
Murtuza Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza Türkiyəyə qaçır. Onun sonrakı taleyi haqqında dəqiq məlumat verilmir, bəziləri Lizanın Avropa ölkələrinin birində yaşadığını və orada vəfat etdiyini söyləyirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir