Biz yeni prezident seçəcəyik, o, yeni iş yerləri açacaq…

Məcburiyyət qarşısında qalıb işsizlikdən ölkəni tərk edən ailə başçılarından birinin ölkə xaricində, digərinin ölkə daxilində yaşaması artıq milli adət-ənənəmiz kimi qəbul edilir. Həmin ailələr dağılmış ailələr kimi qeydiyyata alınsa, ölkədə bircə xoşbəxt və uzunömürlü AILƏ qalar. Zatən bütün ailələr də elə bircəcik, naməlum istiqamətdən ölkəyə zənbillə düşən AILƏyə qurban getdi, faciələrlə baş-başa qaldı. Ailə xoşbəxtliyinin qısaömürlü olmasına baxmayın, BIZlər ailə uzunömürlüyü üzrə bütün ölkələri vurub keçmişik. Əsas uzunömürlü olmaqdır, xoşbəxtlik olmasa da səni heç kimi barmaqla göstərməz, içindəki ağrılardan xəbər tutmaz. Əlbəttə, buna görə ailə xoşbəxtliyinin hərtərəfli kefini çıxaran Əliyevlər ailəsinə minnətdar olmalıyıq. Onların lütfü sayəsində dağılmayan ailələrin əksəriyyətinin ən azı 19 illik ailə stajı, iki ölkədə ev-eşiyi var. Illər öncə işsizlikdən baş götürüb gedən kişilər başqa ölkələrdə özünə yeni ev-eşik qurmağa məcbur oldu. Və beləcə ailə xoşbəxtliyini bircə gün də yaşamayanlar uzunömürülü ailələr siyahasına daxil oldu. Sinəsinə döyən avropalı bizdəki analoqu olmayan ailələri yuxusunda da görə bilməz. Hara gedirlər köç-külfətlə gedirlər. Ya da uzağı eyni şəhərdə ayrı-ayrı evlərdə yaşayırlar. Bizim isə ayrı-ayrı ölkələrdə yaşamaq şansımız var. Belə həyat tərzi təkcə ailənin deyil, həm də hər iki cinsin uzunömürlü olmasına xidmət edir: ölkədə qalan qadın ər şapalağından, şillə-təpiyindən azad olur, kişi də arvad deyingənliyindən, zıqqıltlarından uzaq olur. Bu mövzuya xalq folklorunda da geniş yer verilib: “Duman, gəl get bu dağlardan, dağlar təzə bar eyləsin. Nə gözlərim səni görsün, nə könlüm qubar eyləsin”. Yaxud, “qara salxım ağ olmaz, heyva dönüb nar olmaz. Hər gün ərini(arvadını) görənin ürəyində yağ qalmaz”. Ən yaxşısı ildə bir-iki dəfə bir-birinin evinə qonaq getməkdir. Onda çox hörmətli olursan. Çünki qonağa hörmət etmək bizim müqəddəs adətimizdir. Şəxsən mən artıq 18 ildir Türkiyəyə, övladlarımın atasının evinə ildə bir-iki dəfə “hörmətli qonaq” titulu ilə gedirəm. O da tətildən-tətilə bizə ən hörmətli qonaq kimi gəlir. Mən qonaq gedəndə şəkərbura, paxlava bişirib pay aparıram. O da gələndə rahat lokum, peynir helvası alıb gətirir. Adətimizdir, qonaq gedəndə əliboş getmək olmaz. Doğrudur, qonaqlıq günlərində arada mübahisələr də olur, amma dava-dalaş həddinə çatmırıq. Çünki hər ikimiz fikirləşirik ki, onsuz da biletini öncədən alan qonaqdır, yarasız-sarıqsız yola salsaq yaxşıdır. Yeri gəlmişkən, bu yaxınlarda, işsiz qalan, evə pul gətirməyən məhəlləmizdəki sonuncu kişini də 8 martın səhəri arvadı evdən qovdu. Diş texniki olan, lakin beş-altı ay öncə işdən çıxarılan kişi bir xeyli qapı arxasında arvadına yalvardı-yaxardı, amma qadının ürəyi yumşalmadı. Hətta kişi ona dedi ki, mənə 2013-cü ilə kimi şans ver, sonra hər şey yaxşı olacaq. Biz yeni prezident seçəcəyik, o, yeni iş yerləri açacaq, camaat normal maaş alacaq, sonra başlayacaqlar dişlərini düzəltdirməyə, mən də nə istəsən sənə alaram. Bu zaman qadın başını pəncərədən çıxardıb son sözünü dedi: “Sən 3 seçkidir məni aldadırsan, daha sənə inanmıram”. Sonra kişi dedi ki, imkan ver, ev işlərini mən görüm, uşaqlara mən baxım, sən get işlə, axı sənin də həkim diplomun var. Bu dəfə pəncərədən kişinin pal-paltarı küçəyə səpələndi. Və zavallı kişi paltarlarını palçığın içindən yığıb naməlum istiqamətə yollandı. Iki-üç gün sonra məhəllədə xəbər yayıldı ki, evindən qovulan kişini YAP üzvü olan, tənha yaşayan bir xanım evinə aparıb. Bəlkə də kişi diş texniki olmasaydı, qadın ona heç yaxın da durmazdı. Sadəcə, YAPçıların dişlərini tez-tez itiləməyə böyük ehtiyacları var, ona görə aparıb. Bu da bir günlük bayramın fəsadları. Indi görün, bir həftəlik Novruz bayramında hansı faciələr baş verəcək. Işsiz, evə pul gətirməyən kişilərin paltarları pəncərədən palçığın içinə deyil, birbaşa bayram tonqalının içinə atılacaq. Yeri gəlmişkən, evdən qovulan, diş texniki olan kişi də hiss olunur ki, çox fərasətsiz olub. Guya 8 mart gününə xanımına bir kiçik hədiyyə bağışlamaq belə çətin işdir? Bir protez diş düzəldib, üstünə də “canım mənim, arzu edirəm bu dişə 100 yaşında da ehtiyacın olmasın” yazsaydı, təsəvvür edirəm qadın necə sevinərdi. Ya da Hacıbala Abutalıbovun süni ağaclarından birini yerindən çıxardıb arvada bağışlamaq nə çətin işdir? Qadın pişik kimidir, bir xoş desən, sığallasan, ya da kiçik bir hədiyyə versən, gəlib başını kişinin ayaqlarına sürtəcək…
P.S. Xaricdə təhsil alan qızıma 8 mart bayramında zəng edib hal-əhval tutmaq istədim. Dəfələrlə etdiyim çağrılara qızım kiçik bir mesajla cavab verdi: “Ana, mən dərsdəyəm”. Şərhsiz.