Ötən il ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, bütün növ maliyyə mənbələri hesabına 1 608,3 mln. manatlıq iş həcmi yerinə yetirilib. Bu barədə Nazirlər Kabinetinin 2011-ci ildəki fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.
Hesabatda qeyd olunub ki, il ərzində 668,7 km, o cümlədən 198,7 km ölkə əhəmiyyətli, 421,5 km yerli əhəmiyyətli və Bakı şəhərində 48,5 km yolda tikinti, yenidənqurma və müxtəlif dərəcəli təmir işləri həyata keçirilib. “Azərbaycanda 2004-2011-ci illərdə yeni tikilən və yenidən qurularaq istismara verilən avtomobil yollarının ümumi uzunluğu 1 490 km-dən çox olub. Bu dövrdə 30 layihə üzrə tikintisi və yenidən qurulması davam etdirilən avtomobil yollarının uzunluğu 1 170,3 km təşkil edib. Eyni zamanda 2004-cü ildən etibarən avtomobil yollarının tikintisi zamanı yeni tikilən və yenidən qurularaq istismara verilmiş körpülərin ümumi sayı 74 olub”,- deyə hesabatda qeyd olunub.